TOP 10

"Keşlə"nin futbolçusu iki məğlubiyyətin eniş anlamına gəlmədiyini hesab edir: "O, mənə deyirdi ki, sanki hazır bombasan, partlamaq istəyirsən"

Futbol
Tarix: 2020-02-16 23:00

"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli səfərdə "Neftçi"yə uduzduqları Premyer Liqanın XVII tur matçından sonra brifinq keçirib. 25 yaşlı yarımmüdafiəçi Sport24.az-ın əməkdaşının da suallarını cavablandırıb. 

 

- Bu gün aqressiv görünməyinin səbəbi nədədir? Deyəsən, məğlubiyyəti qəbul edə bilmirsən...
- Futbolda 3 nəticə olur - qələbə, heç-heçə və məğlubiyyət. Məğlubiyyəti də qəbul etmək lazımdır. Uduzmuşuq, rəqibi təbrik edirəm. Sadəcə, uşaqlıqdan xarakterim belədir.

 

- Bəs udduğunuz oyunlardakı aqressivliyin nə ilə bağlıdır?
- Məni "Zirə"dən də tanıyanlar çoxdu. Hər bir futbolçunun özünəməxsus xarakteri var. Elələri var ki, ümumiyyətlə, əsəbiləşmir, məğlubiyyəti adi qəbul edir. Amma məndə elə deyil. Həmişə içimdə çılğınlıq və istək olub. Milli komandada olduğum vaxt baş məşqçimiz (Nikola Yurçeviç - red.) də deyirdi ki, sanki hazır bombasan, partlamaq istəyirsən. Bu da özümdən asılı deyil, işimə olan istəyimdəndir.

 

- Belə xasiyyət sənə problem yaratmır?
- "Zirə"də olduğum vaxt baş məşqçimiz Ayxan Abbasov deyirdi ki, elə et ki, aqressiyadan sənə problem yaratmasın. İndiyədək sarı vərəqələr alsam da, qırmızı vərəqə almamışam. Aqressiyanın verdiyi əsəblə kimisə qəsdən vurmamışam. Oyun epizodunda məni keçmək istəyən futbolçuya qarşı qaydanı pozub önümdə sarı vərəqə görmüşəm. Hələ aqressiyam mənə zərər verməyib.

 

- Ardıcıl iki məğlubiyyətin səbəbini nədə görürsən?
- İki məğlubiyyət eniş anlamına gəlməməlidi. Düzdür, "Səbail"i udub "Neftçi"dən xal alsaydıq, indi haralarda olacaqdıq. Biz də bunu dərk edirdik. Sadəcə, bu komandalar asan rəqib deyillər. Ümumiyyətlə, Premyer Liqada hansı kluba asan rəqib demək olar? Heç birinə. Hər biri yaxşı müdafiə olunur və hücum edir. Hazırda öhdəmizə düşən iş komanda şəklində yığışaraq, bu məğlubiyyətlərdən dərs çıxarmaqdır. Ən azı, ikinci hissədə "Neftçi"yə qarşı sərgilədiyimiz mübarizəni davam etdirməliyik.

 

- Dünənki oyunlarda qeydə alınmış nəticələr sizin üçün siqnal deyil?
- Əlbəttə, SOS deyilən həyəcandır. Hiss edirdik ki, arxamızdan gələn komandalar var. Hansılar ki, bir azdan onlarla da oynayacağıq. Bu, futbolun qanunudur. İlk dövrədə "Sumqayıt"a uduzsaydıq, bizi keçəcəkdilər. Ona görə də bunları normal qarşılamaq lazımdır. İnanıram ki, gələcək matçlarda qələbələr qazanacağıq.

 

- Gələn oyunda dönüş edə biləcəksiniz?
- Növbəti tur evdə "Zirə" ilə qarşılaşmada əlimizdən gələni edərək, hamıya sübut edəcəyik ki, həmişəki "Keşlə"yik. "Səbail"ə qarşı bütün oyunu, "Neftçi" ilə isə ilk yarını zəif keçirdik. Amma bu gün ikinci hissədə əsl "Keşlə"ni gördüklərini deyənlər çox oldu. Sadəcə, istəyi artırmalıyıq. İlk yarıda əvvəlki "Keşlə" deyildik.

 

- Baş məşqçiniz Tərlan Əhmədov komandaya başqa amillərin təsir göstərdiyini bildirdi. Bu amillər hansılardır?
- Buna mən cavab verə bilmərəm. Çünki bilmirəm. Baş məşqçimizin verdiyi açıqlamadı, sizdən eşidirəm. Bilsəm, buna uyğun danışa bilərəm. Bilmədiyim bir şey haqqında nə deyim? Yəqin ki, məni başa düşərsiniz (gülür). .

 

CBCsport
01 Aprel 2020
31 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL