TOP 10

Paytaxt derbisini dörd gözlə gözləyənlər: "Neftçi" - "Keşlə" dueli daha kimləri maraqlandırır?

Futbol
Tarix: 2020-02-15 10:07

Bu gün Azərbaycan Premyer Liqasında XVII tur başlayır. Sport24.az xəbər verir ki, iki günü əhatə edəcək tura Zirədə start veriləcək.

 

"Zirə" qonaq edəcəyi liderlə görüşə ciddi itkilərlə çıxacaq. Belə ki, birdən-birə 3 futbolçu - İlkin Muradov, Ağabala Ramazanov və Riçard Qadze cəzalı olduqlarından "Qarabağ"a qarşı çıxa bilməyəcək. Bu qarşılaşmada Zaur Həşimovun komandasına ilk "3-lük"dən uzaqlaşmamaq üçün qələbə hava-su kimi lazımdı. "Zirə" buna nail olarsa, 2015-ci ildən çıxış etdiyi Premyer Liqada "Qarabağ" üzərində ilk qalibiyyətini qazanmış olacaq. Ağdamlılar isə son 5 səfər görüşündə olduğu kimi, yenə bu rəqibi məğlub etmək əzmindədi. 

 

Uğurlu çıxışını qış fasiləsindən sonra da davam etdirən "Sumqayıt" evdə ardıcıl ikinci matçına çıxacaq. "Gənclik şəhəri"nin təmsilçisi özü kimi Avroliqa zonasında qərarlaşmağa çalışan "Sabah"ı qəbul edəcək. Yeni baş məşqçisi Jelko Sopiçin rəhbərliyi altında ilk qalibiyyətini ötən turda əldə edən bakılılar bunun davamını gətirmək məcburiyyətindədi. Qonaqlar hesabına növbəti 3 xalı yazdıracağı təqdirdə, "Sumqayıt"a bir qədər də yaxınlaşacaq. Bu baş verərsə, "Sabah" rəqibi öndə 1 illik qələbə həsrətinə son qoyacaq.

 

Bazar gününün ilk görüşü autsayderlərin dueli olacaq. "Qəbələ" sonuncu pilləni ötən turda ona təhvil verən "Səbail"lə səfərdə üz-üzə gələcək. Aftandil Hacıyevin komandası qalib gələrsə, daha bir pillə irəliləyə bilər. Təbii ki, bunun üçün "Sabah" da Sumqayıt səfərində büdrəməlidi. "Qəbələ" isə "Səbail"i yenidən son pilləyə qaytarmaq əzmindədi. Ancaq onu da nəzərə alaq ki, ev sahibləri bu rəqibə öz meydanında iki ildir uduzmur. Həm bu, həm də komandaların hazırkı durumu paytaxt klubunu daha şanslı edir. Hər halda, "Qəbələ" qış fasiləsindən sonra xal üzünə həsrət yeganə komandadı. 

 

Tura mərkəzi matçla yekun vurulacaq. “Neftçi" - "Keşlə" görüşü turnir cədvəlində qonşuların duelidi.  "Keşlə" ötən turda gözlənilmədən "Səbail"ə yenilibsə, "Neftçi" 2020-ci ildə hələ qələbə qazanmayıb. Komandanın yeni baş məşqçisi Füzuli Məmmədovun rəhbərliyi altında hər iki matçı bərabərliklə nəticələnib. Bu görüşün nəticəsi təkcə adıçəkilən komandaları deyil, "Qarabağ", "Sumqayıt" və "Zirə"ni də maraqlandırır. Çünki son ikisi turu qalib kimi başa vuraraq, paytaxt derbisindəki rəqiblərdən ən azı birinə yaxınlaşa bilərlər. "Neftçi" ilə "Keşlə" heç-heçə edərsə isə lider qələbə sayəsində xal fərqini daha da artıraraq çempionluq yolunda böyük addım atmış olacaq. Cari mövsüm rəqibinə uduzmayaraq 4 xal alan Tərlan Əhmədovun komandası uğurlu ənənəni davam etdirməyə çalışacaqsa, "Neftçi" həm buna son qoymaq, həm də rəqibindən bir qədər uzaqlaşmaq iddiasındadı.

 

 

Azərbaycan Premyer Liqası
XVII tur
15 fevral (şənbə)
15:00. “Zirə” –“ Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Bakı. Zirə İdman Kompleksinin stadionu

Cari çempionatdakı matçlar - 1:3, 1:1

 

17:00. “Sumqayıt” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
Sumqayıt. “Kapital Bank Arena” stadionu

Cari çempionatdakı matçlar - 1:0, 3:1

 

16 fevral (bazar)
16:30. “Səbail” – “Qəbələ”

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
Bakı. “ASCO Arena” stadionu

Cari çempionatdakı matçlar - 0:3, 1:1

 

19:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Bakı. “Bakcell Arena” stadionu

Cari çempionatdakı matçlar - 0:0, 1:2

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB