TOP 10

Çempionun baş məşqçisi yeni transferə lüzum görmədi, gedənləri itki saymadı: "Region Liqasının təşkilatçıları təklifimi dəyərləndirdilər, növbəti mövsümdən bu, olmayacaq"

Futbol
Tarix: 2020-02-13 18:00

Region Liqasında iki aylıq fasilə bitmək üzrədi. Bu turnirin keçirildiyi hər iki mövsümdə çempion olan "Uğur" qış fasiləsində yeni transferlər etmədi, əvəzində heyətindən gedənlər oldu. Görəsən, Sumqayıt təmsilçisi zəifləyib? Maraqlıdı, qış fasiləsinə zonasında 1-ci pillədə yollanan komanda titulunu qoruya biləcəkmi? Bu və digər suallarla komandanın baş məşqçisi Qəzənfər Abbasova müraciət etdik.

 

- Qış fasiləsindən necə yararlana bildiniz?

- Düzdür, ilk dövrədən sonra bizdən bəzi futbolçular getdi. Buna baxmayaraq, hazırlıqlarımız plan üzrə qaydasında keçdi. Bir neçə yoxlama matçında qüvvəmizi sınadıq. Ən son oyunumuz da Gürcüstan "Şukura Kobuleti"siylə oldu. Komandamız demək olar yaxşı, istədiyimiz vəziyyətdə qalıb. İnşallah, çempionata necə başlamışdıqsa, elə də davam edərik. Hədəfimiz dəyişməz qalır - ardıcıl 3-ci çempion olmaq.

 

- Kimlər gedib və hansı səbəbə görə onları saxlaya bilmədiniz?

- Hücumçumuz Sabir Allahquliyev I Divizion təmsilçisi MOİK-a keçib. Qalanları Region Liqası klublarına - "Alyans"a, "Ağsu Siti"ya gedib. Ümumilikdə 3-4 futbolçu bizdən ayrılıb. Əsas səbəb maliyyə tərəfidi. Onlara istədikləri pulu vermirdik. Digər komandalar bizdən yaxşı maddi şərtlər təklif edirdilər. 

 

- "Uğur" liderdi, maddi durumu pis olmamalıdı. Ancaq futbolçunuz maddi sıxıntısı olan "Ağsu Siti"yə keçir. Bu, necə ola bilər?

- Vallah, nə deyim...Futbolçuların bizə dedikləri sözlər, şərtlər belə oldu ki, orda bizə yaxşı pul verirlər, ora gedirik. 

 

- Maddi durumunuzda bir sıxıntı var?

- Elə də böyük sıxıntı yoxdu. Belə deyək ki, çalışdıqca öhdəsindən gəlirik. Düzdür, keçən ilki kimi deyil, maliyyəmiz bir az azalıb. Ancaq buna baxmayaraq, iddiamız davam edəcək. 

 

- Sıxıntı nəylə bağlıdı? Peşəkar liqada oynamadığınıza görə sponsorlarnızın marağı azalıb?

- Yox-yox. Burda bəzi məsələlər var idi ki, bunlar da yavaş-yavaş yoluna qoyulur. Başqa sponsorlarla danışmışıq, onlarla yolumuza davam edəcəyik. Maliyyə buraxan əvvəlki insanlarla işbirliyini dayandırdıq. Maliyyə problemi var idi, rəhbərlik, klub prezidenti bu işlərlə məşğuldu. Bizə qalır çıxıb futbolumuzu oynamaq. 

 

- Yeni futbolçunuz də yoxdu. Niyə buna lüzum görmədiniz? İtkilərinizin də olduğunu nəzərə alsaq, mövsümün həlledici mərhələsində çətin olmayacaq?

- Bəli, yeni transferimiz olmadı. İnşallah, öz futbolçularımızla çıxışımızı davam edəcəyik. Yeni transferlərə lüzum görmədik. Bu dəqiqə heyətimiz elə idi ki, o futbolçuların getməyinin də bizə təsiri olmayacaq. Onların yoxluğu bizə itki olmayacaq. Çünki komandamızda əsas heyətdə olanlarla ehtiyatda qalanlar arasında elə bir fərq yox idi. Hər dəfə matçlarda hamısından istifadə etmişik. 

 

- Çempionluq mübarizəsində əsas rəqibləriniz olaraq kimləri görürsünüz?

- Bunlar hamısı gələcəyin işidi. İndi kiminsə adını desək, səhv edə bilərik. Biz özümüz finalda ola bilərik, ya yox - bunu zaman göstərəcək. Püşkdən çox şey asılıdı. Finaladək iki güclü komanda bir-biriylə düşə bilər. Şanslar püşkatmadan sonra bilinəcək. Çoxu çempionluğa da layiqdi, finala da. Kim sonadək stabilliyini saxlayacaq, o da finaladək gəlib çıxacaq.

 

- Qış fasiləsində AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş keçirildi və siz də iştirak etmisiniz. Hansısa bir təkliifnizi vermisiniz?

- Həm şikayət, həm də məsləhət kimi tövsiyə elədim ki, çempionat 3 ildir davam edir, bizdə ilk dövrədən sonra da transferlər olur, pley-off öncəsi də. Təşkilatçılara müraciət elədim ki, pley-offda bunun olması düzgün deyil. Komandalar dövrələrarası fasilədə heyətlərini gücləndirirlər, pley-offa çatanda qıraqda qalanlardan yenidən 5-6 futbolçu götürürlər. Qrupda rəqib olduğumuz futbolçular mərhələni keçməyəndə, pley-offda yenə bizimlə oyuna çıxırlar. Bu, bir az düzgün deyil. Sağ olsun təşkilatçılar, təklifimi dəyərləndirdilər və dedilər ki, gələn mövsümdən bu məsələyə baxılacaq, belə şey olmayacaq. Bu mövsüm ona görə mümkün deyil ki, Əsasnamə artıq yazılıb. 

 

- Siz də kənarda qalan komandalardan futbolçular götürə bilərsiniz. Niyə bunu etmirsiniz? İdman prinsiplərinə zidd sayırsınız, yoxsa maddi durumunuz buna imkan vermir?

- Region Liqasının əsas məqsədi kütləvilik, rayonda olan gənc futbolçuların yetişməsi, üzə çıxmasıdı. Elə komandalar var ki, gəlir rayon oyunçuları ilə pley-offa çıxır, orda isə gedir-ordan burdan təcrübəli futbolçu tapıb oynadırlar. Nəticədə qrupda əziyyət çəkənlər, pley-offa çıxaranlar qalır ortalıqda. Biz də pley-offa çalışdıq ki, heç kimi götürməyək. Yalnız bir futbolçu götürdük - Vüqar Nadirovu. Onunla da ilk dövrədən sonra razılaşmışdıq. Kimlərlə pley-offa çıxmışıqsa, onlarla da yola davam etmişik.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB