TOP 10

Samir Əliyev toplanışdan çox faydalanmalarından, yeni komanda formalaşdırmalarından danışdı: "Məşqçi var belə şeylərə göz yumur, biz isə göz yummayacağıq" 

Futbol
Tarix: 2020-02-13 12:12

Azərbaycanın U-19 yığması bu ilin ilk hazırlığını Türkiyənin Antalya şəhərində keçirib. Samir Əliyevin yetirmələri buradakı təlim-məşq toplanışında keçiridyi 3 yoxlama matçının hamsıında qalib gəldi. 41 yaşlı mütəxəssis Sport24.az-a müsahibəsinə toplanışı dəyərləndirməklə başlayıb.

 

- Antalyada Şimali Makedoniya ilə iki yoldaşlıq oyunu planlaşdırılmışdı. Üçüncü oyun da istədik və "Alaynaspor" U-19 komandası ilə qarşılaşdıq. Bildiyiniz kimi, yeni komanda qururuq. İndiki heyət keçən il 18 yaşlılar idilər. Bizdə isə U-18 millisi olmadığı üçün uşaqlar keçən il oynamamışdılar. Ümumi 10 günlük tanışlıq və seleksiya xarakterli toplanış idi. Əsas məqsəd milliyə namizəd futbolçuları beynəlxalq oyunlarda yoxlamaq, nəyə qadir olduqlarını bilmək idi ki, gələcəkdə kiminlə bu yola davam edəcəyik. Hər üç oyunda qələbə qazandıq. Dəvət olunan hər bir futbolçu çalışdı ki, özünü yaxşı tərəfdən göstərsin. 

 

- Toplanış komandaya nə verdi?
- Tək komandaya yox, məşqçilər korpusuna da çox xeyirli oldu. Özümüzlə apardığımız oyunçulara yaxından bələd olduq. Futbolçunun bacarığının hansı səviyyədə olması belə beynəlxalq oyunlarda görünür. Buna uyğun olaraq da növbəti təlim-məşq toplanışı üçün özümüzdə qeydlər aparırıq ki, kimlərlə davam edəcəyik, hansı mövqedə "axsama" var, hansı mövqelər daha yaxşıdır və gələcəkdə bunların üzərində işləyək. 

 

- Heyətə yeni oyunçular dəvət olunmuşdu?
- Dediyim kimi, heyət yenidən qurulub. Uşaqların çoxunu tanımırdıq. Keçən il biz işləyəndə 2001-ci il təvəllüdlü oyunçular idi, bu il isə artıq 2002-ci təvəllüdlü futbolçular cəlb olunub. Sırf yeni komandadı. 

 

- Neçə qapıçı dəvət olunmuşdu? Oyunlarda bir qapıçı dayanırdı...
- Bir qapıçıyla deyildik, ikisi dəvət olunmuşdu. Sadəcə, orda intizamla bağlı problem oldu. Bizim üçün də ilk növbədə önəmli olan nizam-intizamdı. İntizamla bağlı olan problemə görə 2 qapıçını göndərdik və onların yerinə yeni qapıçı dəvət olundu. 

 

- Dediyiniz intizamsızlıq komandanın digər üzvlərinə necə təsir etdi?
- Bu elə bir məsələdir ki, bununla tək millidə olan məşqçilər yox, klublarda olan məşqçilər də mübarizə aparmalıdır. Fikrimcə,18-19 yaşlı futbolçu siqaret kimi pis vərdişdən uzaq olmalıdır. Bu barədə çox da danışmaq istəmirəm. Gələcəkdə bu kimi hallar baş verərsə, o futbolçular bizimlə yola davam etməyəcək. Məşqçi var belə şeylərə göz yumur, biz isə göz yummayacağıq. 

 

- Növbəti seçmə tsikldə bu uşaqlarla nəyə ümid edə bilərik?
- Növbəti seçmə mərhələ oktyabr ayında start götürəcək. O vaxta kimi isə çox dəyişikliklər ola bilər. Bu ayın 22-28-də Bakıda növbəti toplanışımız olacaq. İki yoldaşlıq görüşü nəzərdə tutulsa da, təəssüf ki, Qazaxıstan millisi qeyri-peşəkar davrandı və oyunlardan imtina etdi. Buna baxmayaraq, gələn ay Macarıstanda oyunlarımız var. Oktyabra kimi vaxtımız var. Əsas məqsəd komandanı formalaşdırmaqdı. Hər ay toplanışlarımız, yoldaşlıq oyunlarımız olacaq və bu oktyabra kimi istər ölkədə, istərsə də ölkə xaricində davam edəcək. Bundan əlavə, məşqçilər korpusumuzla birgə hər həftə U-19 Liqasını, I Divizionun oyunlarını izləyirik və buna uyğun da futbolçuları dəvət edib baxırıq. Kim özünü yaxşı tərəfdən göstərib millidə möhkəmlənəcəksə, o da bizimlə yola davam edəcək.
 

 

FƏRƏC ASLANOV

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB