TOP 10

Ramazanovun Şeydayevə məsləhətindən 900 min dollarlıq təklifə imtinasınadək: "Ramil Azərbaycana qayıtsa, onun ulduzu sadəcə, sönəcək"

Futbol
Tarix: 2020-02-07 17:00

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin karyerasını hansı klubda davam etdirəcəyi əsas müzakirə mövzularından biridi. Moskva "Dinamo"sunun müqaviləsini pozduğu 24 yaşı futbolçumuz artıq xeyli müddətdi klubsuzdu. Ramilin gələcək taleyi ilə hansı qərarı verməli olmasıyla bağlı Premyer Liqamızın 2 dəfə (2004/05 mövsümündə "Karvan"da 21 qolla və 2006/07 mövsümündə "Xəzər Lənkəran"da 20 qolla) bombardiri olmuş Zaur Ramazanovla söhbətləşdik. 44 yaşlı Ramazanov ilk olaraq gənc həmkarını bir hücumçu kimi dəyərləndirdi. 

 

- Ramil atletik, ağıllı hücumçudu. Hamı bilir ki, fiziki gücü çoxdu, "ikinci mərtəbə"də yaxşı oynayır, yorulmayan biridi. Görürsən ki, hava toplarında hətta tanınmış müdafiəçilərlə də sonadək mübarizə aparır. Bəxti də olan hücumçudu. Bilirsiniz, hücumçunun bir az "fart"ı olmalıdı. Ümumilikdə yaxşı, əsl mərkəz forvardıdı.

 

- Hazırda klubsuz olan millimizin bu hücumçusuna millimizin keçmiş hücumçusu nə tövsiyə edərdi?

- Mənim də bir çoxları kimi fikrim odur ki, Rusiyada qalıb oynamalıdı. Gəldi burda oynadı da..."Qarabağ"da oynaya bilmədi, yoxsa oynatmadılar - orasını bilmirəm. Ancaq orası bilinir ki, Ramil Azərbaycan çempionatında zəif çıxış elədi. Bu, o deməkdir ki, onun yeri Rusiyadı. 

 

- Niyə məhz bu ölkə?

- Çünki Rusiya çempionatında gücə çox üstünlük verirlər. Fikir verirsiniz, orda çox vaxt qar, yağış olur, görürsən ki, topla çox rəftar eləmək olmur. Mənə elə gəlir ki, Rusiyada qalıb bir klubda oynamağı məsləhətdi. Təbii ki, söhbət Premyer Liqa təmsilçisindən gedir. Rusiya çempionatı onun necə deyərlər, "yem"idi, orda rahat oynaya bilər. 

 

- Bir sözlə, Azərbaycana qayıtması karyerasında geriyə doğru addım olardı...

- Azərbaycanda istədiyi futbolu ala bilməyəcək axı...Görürsünüz ki, hər hücumçu gəlib burda oynaya bilmir. "Qarabağ"a da tanınmış əcnəbi hücumçu gəldi, ancaq Avropada kömək edə bilmədi, uşaq səhvləri edirdi, çıxırdı təkbətək, ya sürüşürdü, ya qol vura bilmirdi. Mənə elə gəlir ki, kimsə istəsə də, Ramil özü gəlməz.

 

- Nəyə əsasən belə fikirdəsən?

- Ona görə ki, burda bir dəfə alınmıyıbsa, ikinci dəfə gəlsə, burda ulduzu sadəcə, sönəcək. Bundan sonra onun daha burdan Rusiyaya və ya başqa yerə çıxışı olmayacaq. Rusiyada lap son yerdə gedən komandaya keçsin, təki Rusiyada oynasın. Orda özünü doğrulda bilər. Bir də görürsən futbolçular olur 24-25 yaşında elə açılır ki, baxırsan, heç tanımırsan. Deyirsən ki, bu, birdən-birə necə artırdı.

 

- Sənin özündə legioner həyatı olmadı. Ancaq buna real imkanların vardı. Yəqin ki, karyeranı bitirəndən sonra bu təklifləri dəyərləndirmədiyinə görə peşmançılıq çəkmisən....

- Azərbaycandan çıxmağa şansım həddən artıq çox idi. Hətat mənə Bakıda müqaviləni qarşıma qoydular.

 

- Maraqlıdı, hansı klub?

- "Bursaspor". Həmin vaxt "Xəzər Lənkəran"la müqaviləm bitmişdi. Trüklərə AFFA-dan əlaqə nömrəmi vermişdilər. Bakıya üç nəfər görüşə gəlmişdi mənimlə. Əvvəl 1, sonra 2 illik müqavilə təklif etdilər. İki ilə 900 min dollar təklif etmişdilər. Sadəcə, özümün xaricə getmək istəyim yox  idi. Bu da səhv addım idi. Gərək gedəydim, inanıram ki, mənim üçün rahat olardı, heç bir problem olmayacaqdı. Çünki potensialımı bilirəm, özümü doğruldacaqdım, bəlkə də karyeramı elə xaricdə bitirəcəkdim. Bilrisiniz, bura öyrəşmişəm, ailəyə, dost-tanışlara bağlıyam. Bir də görürsən ki, gündə 5 yerə gedib-gəlirəm. Belə şeyləri gözümün qabağına gətirdim ki, xaricdə olsam, darıxaram. Yəni, getməmək sırf oynamaqla bağlı deyildi. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

CBCsport
26 Fevral 2020
25 Fevral 2020
24 Fevral 2020
B.eÇ.aÇC.aCŞB