TOP 10

Ramil Şeydayev, eşidirsən?

Futbol
Tarix: 2020-02-07 11:28

Ramil Şeydayev. 24 yaşlı bu gənc milli komandamızın gözüdür. Azarkeşlərimizin ən sevimli oyunçularından biridi Şeydayev. Klubunda oynamayanda belə, millidəki canfəşanlığı, tablodakı nəticədən asılı olmayaraq final futinədək nümayiş etdirdiyi döyüşkənliyi tribunalara toplaşan, səfər matçlarında isə mavi ekran qarşına keçən fanatların məhəbbətinə səbəb olub.

 

Ramil Şeydayev. Qışadək müxtəlif əcnəbi komandalarda forma geyinən forvard indi klubsuzdu. Heç şübhəsiz ki, istənilən Azərbaycan təmsilçisi bu forvardı sıralarında görmək istəyər. Milli komandamızın əsas qol ümidi, eyni zamanda legioner sayılmayacaq oyunçunu kim istəməz?!

 

Ramil Şeydayev. Millimizdə uğurlu olmasının başlıca səbəblərindən biri ölkə xaricində oynamasıdı. İstər vaxtilə şərəfini qoruduğu Slovakiya “Jilina”sı olsun, istər Rusiyada formasını geyindiyi “Krılya Sovetov” və Moskva “Dinamo”su. Hətta az oynasa da, məhz sərt rejim, ağır məşqlər, ciddi rəqabət sayəsində hücumçu millimizdə özünü ən yaxşı tərəfdən göstərməyi bacarır. Bəli, bura bayrağımıza, ölkəmizə olan sevgini də əlavə etməliyik. Çünki ölkə xaricində çıxış edən bütün legionerlər millimizin heyətində meydanda onun qədər can qoymur. Ancaq hazırlıq da yetərincə böyük önəm kəsb edir. Bax, həmin hazırlığı da məhz Azərbaycandan kənarda keçmək böyük effekt verir.

 

Ramil Şeydayev. İstedadlı hücumçu hazırda klubsuzdu. Bu, uzun müddət davam edə bilməz. Deməli, forvard qısa zaman kəsiyində seçimini etməlidir. Bəlkə də ona Azərbaycandan da təklif var, ölkə xaricindən də. Bəlkə də Vətəndən edilən təklif daha cəlbedicidir. Ancaq Şeydayevin yaşı 30-u keçməyib ki, indi pul arxasınca qaçsın. Onun gələcəyi parlaq görünür. Hələ bir çox zirvələr fəth etmək iqtidarındadır. Amma bir şərtlə - seçimi varsa, Azərbaycan tərəfə boylanmasın! Çünki bura gəldikdən sonra yenidən ölkə xaricində çıxış etmək şansı nəzərəçarpacaq dərəcədə azalacaq, bəlkə də heçə enəcək. Bu gün o, pulu fikirləşsə, sabah “Əli aşından da olacaq, Vəli aşından da”.

 

Ramil Şeydayev. Bütün Azərbaycan futbol camiəsinin böyük ümidlər bəslədiyi, yaxın gələcəyin kapitanı gözü ilə baxdığı bu gəncin böyük, ağsaqqal məsləhətinə ehtiyacı var. Onun ətrafında olan daha təcrübəli futbol adamları, menecerlər sübut etməlidirlər ki, seçim varsa, xaricdə oyna. Bu cür istedadlı forvardın ölkə xaricindən təklifinin olmaması isə sadəcə, inandırıcı deyil.

 

Ramil Şeydayev, eşidirsən?

 

 

 

CEYHUN ƏLİYEV
 

--

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB