TOP 10

Vaqner Beqoviçə uduzduğu rəqabət, hazırkı performansı və "Qarabağ"la müqaviləni uzatması haqda: "Əks təqdirdə çempionluq barədə ümumiyyətlə, unutmaq lazımdı"

Futbol
Tarix: 2020-01-27 10:22

Vaqner da Silva mövsümün ilk hissəsini cəsarətlə passivinə yaza bilər. Bu da başadüşüləndi, "Qarabağ" Asmir Beqoviçi sıralarına cəlb edəndən sonra braziliyalı qapıçı kənarda qaldı. İndi bosniyalı "süvarilər"in heyətində deyil, deməli, Vaqner əsas heyətdə yerini qaytarmaq şansına malikdi. 34 yaşlı qolkiper Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsində hazırkı vəziyyətindən çox şikayət etməyib. 

 

Legionerlə söhbətə oyun praktikasının azlığı ilə başladıq: “Müəyyən dərəcədə razılaşa bilərik ki, oynamadan forma itir. Ancaq kifayət qədər təcrübəm var, deməli, bu cür vəziyyətlərdən çıxa bilərəm. Təbii ki, oyun praktikasının olmamasından narahatam. Hər futbolçu səylə məşq edir və oynamaq istəyir. Mən də istisna deyiləm. Hər şeyə baxmayaraq, hər məşqdə maksimum gücümü qoyuram və həmişə oynamağa hazıram". 


Yayda braziliyalının klubla müqaviləsi başa çatır. Vaqner yeni bir təklif alacağı təqdirdə hansı cavab verəcəyini qərarlaşdırmayıb: "Burada həm mən, həm də ailəm hər şeydən məmnunuq. Başqa cür olsaydı, burada qalmazdım. İddialı klubdayam, ailəm Azərbaycanda xoşbəxtdi. Klubun mənə münasibəti çox yaxşıdır. Qarşıdakı mövsümlər üçün əməkdaşlığın davam etdirilməsinə gəlincə, qeyd edim ki, "Qarabağ"la hələ 6 aylıq müqaviləm var. Bundan sonra nə olacağını deyə bilmərəm. Zaman göstərəcək".


Silva Begovicə uduzduğu rəqabət ilə bağlı suala fəlsəfi şəkildə cavab verərək diplomatik şəkildə bosniyalıdan zəif olmadığına işarə vurdu: “Futbolda belə hal olur, hətta fikrimcə. qaçılmazdı. Buna normal yanaşmaq lazımdı. İştirak etdiyim matçlara gəlincə, statistika və təhlillər layiqli çıxış etdiyimi göstərir. Təsadüfi deyil ki, uzun illər Portuqaliya çempionatının ən yaxşı qapıçılarından biri sayılmışam. Elə indi də müxtəlif klublardan təklif alıram. Birbaşa suala qayıdaraq demək istəyirəm ki, oyunçu öz şansını gözləməyi bacarmalıdı. Bəzən baş məşqçi seçimini başqa bir futbolçu üzərində dayandırır və bu qərara hörmətlə yanaşmalısan. Rəqabətdi. kim oynayır, kim ehtiyatda qalır - bütün bunlara soyuqqanlı və anlayışla yanaşıram".

 

Söhbətin sonunda "Qarabağ"ın qış fasiləsindən sonra ilk turda çempionatın autsayderi “Səbail”lə qarşıdakı oyununa toxunduq: “Hazırkı çempionuq. Rəqibləri güclü və zəif bölə bilmərik. Bizim üçün bütün rəqiblər güclüdü. Hər görüşə tam konsentrasiya ilə getmək üçün sadəcə, bütün rəqiblərimizə eyni hörmətlə yanaşmalıyıq. Əks təqdirdə çempionluq və sabit çıxış barədə ümumiyətlə, unutmaq lazımdı. Beləliklə, "Səbail"dən və ya başqasından başlamağımız bizim üçün heç bir fərq etmir".

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya-Bakı

CBCsport
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB