TOP 10

Əhmədovla “Keşlə” səyahətində Əhməd izi: səssiz video, psixoloji hazırlıq və məşqçinin iki üzü

Futbol
Tarix: 2020-01-23 23:36

Futbolçu kimi adından çox söz etdirib. İndi baş məşqçi obrazındadı. Bu dəfə “Keşlə”ni uğura daşımağa çalışır. Mövsümün ilk yarısını komandası 3-cü pillədə başa vurdu. İndi isə Antalyada qızğın hazırlıq keçir. “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovla söhbətimiz Tula “Arsenal”ı ilə oyundan sonra baş tutdu. Ancaq mövzunu əhatəli etmək üçün ən böyük müəllimi hesab etdiyi şəxslə bağlı da danışdıq. Əhmədov Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşına verdiyi müsahibədə komandasının hazırkı durumundan da danışdı, gözləntilərindən də.

 

- Komandanız Antalyada​ artıq ikinci yoxlama oyununu keçirdi. Tula "Arsenal"ıyla baş tutan görüşü ətraflı şərh edərdiniz...
- Nəzərə almaq lazımdı ki, komanda birinci oyuna ağır yükləmələrdən sonra çıxmışdı. Bu dəfə isə artıq tamamilə başqa matç​ oldu. Komandanın oyununda hərəkətlilik, xətlər arasında əlaqə var idi. Əslində, qış fasiləsi məni heç də razı salmır. Gördüyümüz işləri yenidən başlamalı oluruq. Mövsüm ərzində fasilə olmasa, işimizin davamı getsə, daha yaxşı olar. Yay təlim-məşq toplanışında komandanı hazırlayırıq, qışda fasilə olur və yenidən başlamaq lazım gəlir. Qurduğumuz iş pozulur və əvvəldən​ başlamalı oluruq. Bu gün nə qədər razı qalsam da, bir o qədər də narazı qaldım. Hücum xəttində problem var. Çempionatda ən çox qol epizodu yaradan komandayıq. Buna baxmayaraq, bu iki oyun göstərdi ki, hücüm xəttimiz çox aşağı səviyyədədi. Hər iki oyunda qol vursaq da, hücum yetəri qədər ürəkaçan deyil. Sezar Meza Kolli Bakı toplanışında bizimlə olmadı. Onun durumu da məni tam qane etmir. Franko Flores də Bakıda bizimlə olmadı. Baxmayaraq ki, bu gün hərəkətlilik var idi, amma hələ ki​ istənilən oyun deyil. Müdafiədə daha inamlı idik. İkinci yarıda dəyişiklik edəndən sonra sürət düşdü. Məğlub olsaq da, boşluqları, zəif cəhətləri daha qabarıq gördüm. Və​ bunlardan da nəticə çıxarıb, daha çox çalışıb çempionata hazır olmalıyıq.

- Komanda 90 dəqiqə mübarizə aparmağa tam hazır deyil?
- Hazırlıq dövründə komanda tam hazır ola bilməz. 2-3 həftəyə bu, mümkün deyil. Fikir vermisinizsə, çempionatda​ fasilədən sonrakı ilk oyunlarda komandalar əziyyət çəkirlər. Çempionatın gedişində və artıq sona doğru komandalar pik həddə çatırlar ki, avrokuboklara hazır olurlar. Komandanı indi yüz faiz hazırlamaq sonradan bizə problem yarada bilər. Burda əsas işimiz yoxlama oyunları keçirib, çatışmazlıqları aradan qaldırmaqdı. Birinci qarşılaşmada​ müdafiədən oynadıq. Hücumda isə ümumiyyətlə, görünmədik. İkinci oyunda isə qalib də gələ bilərdik. İndi olan çatışmazlıqlar mövsümün əvvəlindən var idi və çempionat ərzində tədricən aradan qaldırırdıq. Qarşıda hələ 10 günə yaxın​ vaxtımız var və o zamana kimi bunları da aradan qaldıracağıq.

- İki oyunda 6 qol buraxmaq çox deyil?
- Əlbəttə ki, çoxdu. Məğlubiyyət hər zaman üzücü olur. Nəzərə alaq ki, Miyuşko Boyoviç uzun müddətdən sonra meydana qayıdıb, Flores bizə burda qoşuldu, Sezar da həmçinin. Bu səbəblərdəndi ki, komanda şəklində oyunumuzu hələ tam tapa bilməmişik. Bu gün hər zaman oynadığımız kompakt, sürətli oyunu qismən gördüm. Hər zaman deyirəm ki, yoxlama oyunlarında məğlub olmaqla problemləri görmək olur. Qalib gələndə bəzi nüanslar gözdən yayınır. Komandanın ən önəmli mövqeyi müdafiədi. Cinahlar normal olsa da, mərkəzdə Floresin durumu özünü göstərir. 6 qol buraxmaq nə qədər üzücü olsa da, işimiz budur ki, komandanı çempionata səbrlə hazırlayaq.

 

- Xətlərarası əlaqədən də narazısınız...
- Bəli, hələ ki razı deyiləm. Təkrar edirəm, yaranan uzun fasilə hər zaman xeyirli olmur. İşimi zamanla görürəm. Uyğunlaşmadan da əlavə əsas məqsədimiz komanda oyunu oynayacaq durumda olmaqdı.

 

- Şohruh​ Qadoyevin vəziyyəti necədi?
- Yaxşıdı. Açığı, bu matçda​ hər zamankı taktiki sxemlə oyuna çıxmağı planlaşdırmışdım və ikinci hissədə taktiki dəyişiklik edəcəkdim. Ruslan Qurbanovun ağır zədə alması planlarımı pozdu. Həm də indi onun zədə alması çox üzücüdü. Ruslanı itirmək bizim üçün böyük problemə çevrilə bilər. Qadoyev komandaya uyğunlaşıb. İkinci hissədə meydanda oldu, özünü göstərdi. Düşünürəm ki, artıq bizim heyətdə yerini tutub.

- Son transferiniz Aleksandr Kristovao​ necədi, ondan gözləntiniz nədir? Son matçda da​ qol vurdu...
- Onu yayda heyətə cəlb etmək istəsək də, bəzi nüanslara görə alınmadı. Kristovaonun​ da​ özəllikləri var. Taran tipli hücumçudu. Komandaya tez uyğunlaşması da məni sevindirdi. Düşünürəm ki, onun oyun üslubu də bizim oyuna daha yaxındı. Bu görüş də onu​ göstərdi ki, bizə çox köməyi dəyə bilər.

- Komandada olan nizam-intizam məsələsi sizi qane edir?
- Həyatda ideal heç bir şey yoxdur. Hər bir valideyn istəyər ki, övladı ideal olsun, amma bu, mümkün deyil. İşimizdə hər zaman nöqsanlar olub və çalışmalıyıq ki, bunları​ aradan qaldıraq. Bu gün bizim komandada​ intizamla bağlı qlobal problem yoxdur, hər şey yolundadır. İşimiz davam edir. Hamı məsuliyyətini, qarşıda bizi gözləyən uzun, ağır marafonun olduğunu dərk edir. Vüsal İsgəndərli ilə bağlı yazılanları nəzərdə tutursunuzsa, niyə Rəşad Əzizlidən yazmırlar? O da bizimlə deyil, zədəlidir. Bəlkə onu da qovmuşam? Bizimlə iki gün olub, daha sonra özüm yola salmışam Bakıya. Topuq nahiyəsində ağır zədəsi var. Bakıda müalicə olunur. Buna görə də gənc qapıçı Əkbər Vəliyevi toplanışa dəvət etmişik. Stanislav Namaşkonun​ da zədəsi var idi və yaxşı ki, artıq sıralarımıza dönüb. Həmin zədədən Vüsalda da var idi. Ona görə məşqlərdə, oyunlarda iştirak etmirdi. İndisə gördüyünüz kimi, Qurbanovu əvəz etdi, meydanda oldu. komandanın düşərgəsindədir, hər şey qaydasındadı. Hələ də bilmirəm ki, elə yazılar nədən qaynaqlanır. Vüsal qovulsaydı, ruslarla oyunda iştirak etməzdi. Qovulan futbolçu bu gün meydana çıxırsa, demək bütün bunlar yanlış,​ futbolumuza yaraşmayan söhbətlərdi. Komandamızda nizim-intizam yüksək səviyyədədi. İdeal heç nə mümkün deyil. Məşqlər qaydasındadı, oyunlar gedir, normal toplanış keçirik. Komanda bir yerdədir. Yemək yeməyə də birlikdə gedirik, yeməkdən bir yerdə qayıdırıq.

- Futbolçu kimi Əhməd Ələsgərovun rəhbərliyi altında oynamısınız. Məşqçi kimi ondan nə "oğurlamısınız"?
- Allah Əhməd müəllimə rəhmət etsin! O insan karyeramda birinci yerdədir. Ələsgərovun futbolçu ilə rəftarı mənim üçün örnək idi. Hər zaman deyərdi ki, Tərlan, yadında saxla, evdə beş uşaq varsa, hərəsi bir xasiyyətdə olur. Bunları birləşdirmək üçün də daha çox səbrli olmalısan. Sərt üzünü də görməlidirlər, amma daha çox mehriban olmalısan ki, onlar da görsünlər​ sən böyük qardaş kimi rəftar edirsən. Onun futbolçuya yanaşması mənim üçün birinci pillədədir. Həm millidə, həm "Neftçi"də ondan çox öyrənmişəm. Çağırardı məni, İlham Məmmədovu soruşardı ki, kimi oynadaq? Meydanda siz olursunuz, siz daha yaxşı bilirsiniz ki, meydançada kim yaxşıdır. Onun futbola baxışı tamamilə fərqli idi. Həm qardaş olurdu, həm dost, hərdən də düşmən. Bu düşmənçilik də bir saat davam edərdi. İki eynəyi var idi - ağ və çəhrayı rəng şüşəli.

 

- Maraqlıdı, nəydi bunun açması?

- Həmin çəhrayı rəngli eynəklə bazaya gəldisə, onu görməyə dəyməzdi. Bir dəfə soruşdum ki, niyə həftədə bir dəfə bu eynəyi taxırsınız? Dedi ki,​ gözlərimdən hisslərim görünür. İnsan sərt, əsəbi olanda gözlər büruzə verir. Deyirdi ona görə bunu istifadə edirəm ki, heç kim gözümdən heç nə hiss etməsin. Hər zaman deyərdi ki, ailədə övladına qarşı olduğun kimi, komandada da oyunçulara qarşı elə olmalısan. Arada sərt, daha çox isə mehriban. Futbolçuya nə qədər sevgi versən, o da onu oyunu ilə qaytaracaq.

- Sizdə bir eynək görürəm...
- O sırf Əhməd müəllimə məxsus olan məsələdir (gülür).

- Bildiyim qədəri ilə,​ Əhməd müəllim oyunöncəsi rəqibin zəif cəhətlərini göstərib psixoloji üstünlük qazandırırdı oyunçulara...
- O, fenomen bir insan idi. İstifadə etməmişəm o üsuldan, amma sözlə deyirəm. Yadımdadır, Bakıda Portuqaliya millisi ilə 1:1 hesabıyla nəticələnən görüşdən​ əvvəl oteldə onlarla olan ilk oyunu təhlil edirdik. Gimaraynşda​ 0:7 hesabıyla​ uduzmuşduq. Əhməd müəllim oyunun videoyazısını əvvəl səsli izlətdi bizə -​ azarkeşlər, səs-küy, atmosfer...Daha sonra səssiz izlətdi həmin yazını. Soruşdu nə görürsünüz? Heç nə yoxdur, onlar da sizin kimi futbol oynayır. Bundan sonra Bakıda 1:1 oynadıq portuqallarla. Təhlillərdə o qədər incəliklər tapırdı ki, söz tapmaq olmurdu. Əhməd müəllim Sovet futbol məktəbini keçmişdi. O məktəb də dünya futbolunun qurucularındandır. Düzdür, istifadə etməsəm də, amma deyirəm ki, elə məşqçilər olub ki, psixoloji hazırlığa önəm verib. Futbolçuya nə qədər məşq keçsən də, psixoloji hazır olmasa,​ dediklərinin də mənası qalmayacaq. Futbolçu da insandı, problemləri var. Səhər məşqə çıxanda üz cizgilərindən hiss olunur. Bunları da aradan qaldırmaq üçün onlara məhəbbətlə yanaşmalısan, psixoloji dəstək verməlisən. Əhməd müəllim bunların hamısını bilirdi.

 

- Qayıdaq çempionat qayğılarına. "Qəbələ"nin oyununda iki "kəşfiyyatçı"nızı gördüm...
- Bəli. Bizim də həmin gün oyunumuz oldu. Ertəsi oynayanlar​ üçün bərpa məşqi, digərləri üçün normal məşq keçməyimiz nəzərdə tutulmuşdu. Daha sonra məşqçilər korpusumuzda ilk olaraq öz oyunlarımızın təhlili olacaq. "Qəbələ"nin oyunlarının​ da təhlili yazılı hazırdı. Çalışıb videoçəkilişi də əldə edəcəyik. Fasilədən sonra ilk turda​ "Qəbələ"ylə görüşümüz olacaq. Ona görə də​ rəqibin hansı səviyyədə, necə olduğunu bilməliyik. "Qəbələ"nin​ ilk oyunun birinci hissəsinə özüm baxmışam. Məlumatımız var və təhlil mütləq olmalıdır. Bu, işimizdir.

- Transfer gözlənilir?
- Bildiyim qədəri ilə bu məsələ bağlanıb. Klubun rəhbəri var, ola bilər ki, desin yeni bir transfer lazımdır. Ruslan Qurbanovun durumu məni çox narahat edir. Məğlubiyyət mənə Ruslanın zədəsi qədər təsir etmədi. Düşünürəm ki, 99 faiz transfer məsəli bağlıdır.

- Hədəfləriniz nədi? Rəqiblər güclənir, çətin olmayacaq?
- Həyatda asan heç nə olmur. Hədəfə çatmaq üçün əziyyət çəkməlisən. Səbrli olmalıyıq. Çempionata başlayanda deyirdilər ki, "Keşlə" sonuncu olacaq. Hər klub transfer etməlidir. Bu məni qorxutmur. Biz də transfer etmişik. Bilmirəm rəqiblər necə hazırlaşır, hansı nəticə göstərirlər. Hamısı Antalyada hazırlıq keçir. Çempionatın öz tələbləri var. Ordakı oyunlar burdakılardan yerlə-göy qədər fərqlənir. Yolumuza davam edəcəyik və bu yoldan da çəkilən deyilik.

 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB