TOP 10

Volkov "Zirə"də hədəfini açıqladı, hücumda çıxış etməməyində problem görmədi: "Yoxlama oyunu olsa da, yeni klubumda ilk qolumu vurmağım yaxşı oldu"

Futbol
Tarix: 2020-01-23 16:00

"Zirə"nin qış fasiləsində transfer baxımından ən fəal klubumuz olduğunu desək, yanılmarıq. Hər halda, "qartallar" 4 transferə imza atdı. Bunlar arasında baş məşqçi Zaur Həşimova tanış olan futbolçular da var ki, biri Davit Volkovdu. 25 yaşlı bu gürcü legioner Həşimova "Qəbələ"də birgə işlədiyi ötən ildən yaxşı tanışdı. Volkov Sport24.az-a müsahibəsində artıq başa çatan Antalya təlim-məşq toplanışını dəyərləndirməklə başlayıb.  

 

- Antalya hazırlığımız qaydasında getdi. Plan üzrə hazırlaşdıq, hər şey normal oldu. Əsas odur ki, toplanışı zədəsiz başa vurduq. Bu, yaxşı haldı. 

 

- Keçirdiyiniz yoxlama matçlarına necə qiymət verərdin? Əvvəlcə böyükhesablı məğlubiyyətlə (0:3) yadda qaldınız, sonra isə iki qələbəylə...

- Toplanışda hazırlıq oyunları vacibdi. Bu, komandaya fayda verir, bütün futbolçular oynamağa şans qazanır. 

 

- "Zirə"də qeyri-rəsmi oyunda da olsa qol hesabını açdın...

- Bəli, Serbiyanın "Napredak" klubunu 2:0 hesabıyla məğlub etdiyimiz matçda son qolun müəllifi mən oldum. Mənim üçün yaxşı oldu ki,yeni klubumda ilk qolumu vurdum. Bu, rəsmi matç olmasa da, qol həmişə qoldu, futbolçu üçün sevincli andı. Qola imza atmaq hər bir oyunda xoşdu. Ümid edirəm ki, bu tempdə rəsmi matçlarda da davam edəcəm. 

 

- Bunun ardını gətirməklə cari çempionatın bombardiri olmağı qarşına məqsəd qoymusan? Hər halda, cari çempionatın ilk yarısında "Qəbələ"də 5 dəfə fərqlənmisən və bombardirlərdən cəmi 1 qol geri qalırsan...

- Əlbəttə, bombardir olmaq hədəflərimdən biridi. Razıyam ki, buna yaxşı şansım var.

 

- Maraqlıdı, yeni klubun səni necə qəbul etdi?

- Çox yaxşı. Komandada mənim üçün tanış simalar var. Kapitan Cavid Hüseynov və Elvin Camalovla "Qəbələ"də komanda yoldaşı olmuşam. Hazırkı çalışdırıcım Zaur Həşimov isə bu komandada məşqçim olub. Bu üzdən işbirliyində heç bir çətinlik olmadı. Mənim üçün müsbət amildir ki, baş məşqçini, bir sıra futbolçuları əvvəldən tanıyıram. Bu, yeni klubumda adapatsiya prosesinə kömək olur. Bu planda mənə rahatdı. 

 

- Bəs, oyun planında adaptasiyan necə gedir? "Qəbələ"ni "Zirə"ylə necə müqayisə edərdin?

- Hər bir məşqçinin futbola öz baxışı, taktikası var. Zaur müəllim komandasının necə oynamasını istəyirsə, biz də elə oynayırıq. Detallara varmaq istəmirəm. Sadəcə, baş məşqçilərin oyun üslublarının fərqli olduğunu qeyd etməyi lazım bilirəm. Elə məşqçi görməmişəm ki, taktikaları eyni olsun. Hər birində fərqli olur. 

 

- Həşimov səni sağ cinah vingeri kimi görür, oynadır. "Qəbələ"də də onun vaxtında çıxışına bu mövqedə başlamışdın, sonra isə mərkəz hücumçusu mövqeyinə çəkildin və qollarını burda vuraraq bombardir oldun. Belə olan halda, yarımmüdafiənin sağ cinahında özünü nə dərəcədə rahat hiss edəcəksən?

- Elədi, "Zirə"da sağ cinahda çıxış edəcəm. Baş məşqçiylə bu haqda söhbətim olub. Meydandakı mövqeyim baxımından problem yoxdu, harda deyəcək, orda da oynayacam. Yaxşı hücumçularımız var. Riçard Qadze onlardan biridi. 

 

- "Zirə"nin qarşıya qoyduğu məqsədə çatmaq - avrokuboklara çıxmaq şansını necə dəyərləndirisən?

- Bəli, avrokuboklara vəsiqə qazanmağı hədəfə almışıq. Çempionatda 3-cü yeri tutmağı və ölkə Kubokunu qazanmaq istəyirik. Şəxsi hədəfim buna öz töhfəmi vermək, komandaya faydalı olmaqdı. "Zirə"ylə bu məqsədlə gəlmişəm. 

 

- Maraqlıdı ki, Kubokda növbəti rəqibiniz vurduğun qollarla yarımfinala çıxardığın "Qəbələ"di. Həmin "Qəbələ" ki, sən gedəndən sonra hələ də hücumçu tapmayıb. Finala çıxmaq şanslarınızın yüksək olduğunu indidən demək olarmı?

- Yox. Şanslar bərabərdi, çünki "Qəbələ" güclü komandadı. Yaxşı futbolçuları, yaxşı baş məşqçisi var, bizə asan olmayacaq. Ümumiyyətlə, rəqibləri analiz etmək komanda daxili məşqçilərin işidi. Biz futbolçuların işi verilən tapşırıqları yerinə yetirməkdi. 

 

- "Zirə"də tək gürcüsən. "Qəbələ"də komanda yoldaşı olan həmyerlin Merab Qiqauri üçün darıxmırsan?

- Merabla Bakıda görüşəcəyik. Hər ikimiz paytaxtınızda yaşamaqda davam edirik. Bəli, artıq komanda yoldaşı deyilik, ancaq bu, problem deyil. 

 

- Son olaraq yeni klubundakı azarkeşlərə nə demək istəyirsən? Mövsümün həlledici mərhələsiylə bağlı nə söz verə bilərdin?

- Qabaqcadan danışmağı sevmirəm. İndidən bir şey deməyi lüzum bilmirəm. Onu söyləyə bilərəm ki, komandamızın uğurlu çıxışı üçün əlimdən gələni edəcəm. "Zirə" yaxşı çıxış edəcəksə, deməli, mənim üçün də yaxşı olacaq. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
21 Fevral 2020
20 Fevral 2020
B.eÇ.aÇC.aCŞB