TOP 10

Azərbaycan millisiylə DÇ-nin final mərhələsində də rəqib olmağı arzulayan baş məşqçi: "Bizə ən çox təhlükə top "stolba"larınıza veriləndə oldu"

Futbol
Tarix: 2020-01-22 15:16

Özbəskitan futzal yığması Azərbaycan millisiylə yoldaşlıq görüşü keçirmək üçün Bakıya gəlib. Dünən millimizlə ilk matçda 3:2 hesabıyla qalib gələn özbəklər bu axşam ikinci sınağa çəkəcək. Rəqibin baş məşqçisi Bahodir Əhmədov Sport24.az-a müsahibəsində ilk olaraq Bakıyla bağlı təəssüratlarını bölüşüb. 

 

- Paytaxtınızda ilk dəfə deyiləm, bəlkə də 10-cu dəfə bura gəlirəm. Bakıya gəlmək mənim üçün hər dəfə xoşdu. Bu dəfə də belə imkan oldu ki, buna görə AFFA-ya minnətdarlığımı bildirirəm. Burda hər bir şərait var - qaldığımız otel, məşq etdiyimiz, oynadığımız zal gözəldi. Azərbaycanlıların xüsusilə qonaqpərvərliyi xoşuma gəlir. Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirmək istəyirəm.  

 

- Bəs, oyundan nə dərəcədə razı qaldınız?

- Yaxşı oyun alındı. Yığmanız xoş təsir bağışladı, oyunu xoşuma gəldi. Bizə böyük çətinliklər yaratdı. Bizim də çox qol imkanımız oldu, sizin də. Ancaq biz bunlardan maksmum istifadə etdik, Azərbaycan isə lazımınca yararlana bilmədi. Buna görə qalib gəldik. 

 

- Qələbənizdə həlledici faktor bunu sayırsınız, yoxsa başqa qeyd etmək istədiyiniz məqam var?

- Düşünürəm ki, həlledici faktor müdafiədə çox yaxşı oynamağımız oldu. Bu, yekun nəticəni müəyyənləşdirdi. Fərqi yoxdu mini-futboldu, böyük futboldu, hər şey ilk növbədə müdafiədən başlayır. Müdafiədə necə oynayacaqsan, buna uyğun da nəticə olacaq. 

 

- Millimizin oyun planında hansı güclü xüsusiyyətləri diqqətiniz çəkdi? Sizə ən çox təhlükə yaradan futzalçılarımız kim idi?

- Bizə ən çox təhlükə top "stolba"larınıza veriləndə olur. Onlar çox cüssəli olurlar, qarşılarını kəsmək, topu almaq bizə çətin olurdu. Milliniz sürətlə hücuma keçərək tez ötürmələrlə oynayırdı ki, bu zaman böyük problemlər yaşayırdıq. Həmin "stolba"lar topu gövdələriylə gizlədərək yaxşı mövqedə olan komanda yoldaşlarını zərbə mövqeyinə çıxarırdılar. Bir sözlə, Azərbaycan yığması çox yaxşı komandadı. Belə güclü rəqiblə rəqiblə qarşılaşmaq bizə faydalıdı. Fürsətdən istifadə edərək millinizə qarşıdan gələn elt-raund mərhələsində uğurlar, final mərhələsinə çıxmağı arzulayıram. 

 

- Sizcə, Azərbaycan Rusiya, Xorvatiya və Slovakiya ilə bir qrupda mübarizədə buna nail ola bilərmi?

- İstənilən komanda buna nail ola bilər.

 

- Real olaraq qiymətləndirməyinizi istərdik, ümumi sözlərlə yox...

- Əlbəttə, buna şansınız var. Millinizin bunadək videomatçlarını izləmişdim, indisə iş başında gördüm. İlk mərhələdə elə burda çıxış etdikləri zamanı da oyununu görmüşəm. Əla təsir bağışladınız. İndi baxıram ki, həminki səviyyədə deyilsiniz. Ola bilər ki, komandanız bir yorğundu. Hazırlıq dövründə belə hallar olur. Millinizin qrupda 1-ci yer uğrunda Slovakiya ilə matçda çıxışı çox xoşuma gəldi. Çox sürətli oynadınız. 

 

- Bizimlə görüşdə bir epizod oldu ki, iki komandanın futzalçıları dalaşdılar və qırmızı vərəqə alaraq qovuldular. Bu insidentdə günahı daha çox kimdə görürsünüz?

- Bu, oyun epizodu idi. Gərgin mübarizədə belə şeylər olur. Mən özüm də futzal oynamışam, bilirəm ki, meydanda heç kim uduzmaq istəmir. Gənclərdi, qan qaynayır və bu zaman bir-birinə girmə olur. Komandada "qoca"lar olanda isə tez bunun qarşısını alınır, dalaşanları sakitləşdirirlər. Sadəcə, belə epizodlarda ağıllı davranmaq lazımdı. Hər halda, komandanı pis vəziyyətdə qoyursan.

 

- Azərbaycanla ikinci matçda da qələbə qazanmaq sizin üçün vacib olacaq?

- Yox, hətta ilk matçdakı qazandığımız nəticə də mənim üçün önəmli rol oynamır. Bakıya 3-4 gənc oyunçu gətirmişəm, onları, ümumiyyətlə, hamını yoxlamaq istəyirəm. Axı, bizim də dünya çempionatına çıxmaq uğrunda mübarizəmiz var. Bu məqsədlə fevralın 26-da Asiyada yarışma başlayacaq. Yoxlamaq istəyirəm ki, hazırda sərəncamında olanlar, xüsusi yeni oyunçular bizə həmin məsul sınaqda bizə kömək edə bilərlərmi. Avropada Azərbaycan yığması kimi yaxşı komandayla qüvvəmizi sınamaq hər zaman ələ düşmür. Futzalçılarımız bundan yaxşı yararlanmalıdı. Hər halda, Asya ilə Avropa fərqlidi.

 

- Proqnozunuz necədi - Litvada bu yay dünya çempionatının final mərhələsində Azərbaycanla Özbəkistan rəqib olacaqlarmı?

- İnşalah, olarıq. Hər ikimizin şansı var. Elə sizinkilərlə söhbətimdə də bu məqama toxundum ki, Litvada da görüşməyimizi istərdim. Bizim də məqsədimiz budur vıə nail olmağa çalışacağıq. 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
23 Fevral 2020
22 Fevral 2020
B.eÇ.aÇC.aCŞB