TOP 10

Kamran Quliyev Roberto Bordinin göndərilməsi, Füzuli Məmmədovun təyinatının zəruriliyi ilə bağlı detalları incələdi: "Transfer məsələmiz Darioyla bağlı vəziyətdən də asılı olacaq"

Futbol
Tarix: 2020-01-21 00:00

"Neftçi" Antalya təlim-məşq toplanışının gedişində gözlənilməz baş məşqçi dəyişikliyi ilə diqqət çəkdi. İtaliyalı Roberto Bordinlə müqaviləyə xitam verən rəhbərlik cari mövsümün sonunadək baş məşqçi vəzifəsinə onun köməkçisi olmuş Füzuli Məmmədovu təyin etdi. Komanda bu gənc mütəxəssisin rəhbərliyi altında artıq ilk matçına çıxaraq Kiyev "Dinamo"suna 1:2 hesabıyla uduzub. "Neftçi"nin prezidenti Kamran Quliyev həmin görüşdən sonra Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

 

- İlk növbədə Roberto Bordinin istefasını şərh edərdiniz. Buna gətirib çıxaran əsas səbəb nə oldu? Və məhz niyə indi? Çünki hamı bunu dekabrın sonunda gözləyirdi...

-  Klubun strategiyası var. "Neftçi" həmişə ən yüksək yerlər uğrunda mübarizə aparır. Biz də daim bu çağırışa hazır olmalıyıq. Bilirsiniz ki, klubumuzda çoxdandı Müşahidə Şurası fəaliyyət göstərir. Bir də icra aparatı var ki, ikisi birgə hansısa qlobal qərarlar qəbul edir. Bəlİ, bu yaxında qərar olmuşdu ki, baş məşqçiylə əməkdaşlığımızı davam edirik. Ancaq yanvar toplanışının ilk günlərində bütün müşahidələrimiz bu qərarı qəbul etməyə sövq etdi. Bu, klubdaxili qərardı. Hesab edirəm ki, ölçüb-biçilmişdi. Ümid edirəm ki, düzgün qərar çıxarmışıq. Bordinlə dostcasına ayrıldıq, heç bir tərəfin irad yoxdu. Bu qərarı müzakirə etdik və hər şey çox rəvan getdi. Hərçənd, bizim üçün baş məşqçi dəyişikliyi - fərqi yoxdu, bu, təlim-məşq toplanışındadı, yoxsa yox - təbii ki, ağır qərardı. Ancaq bu addım atılmalı idi. 

 

- Qərara səbəb komandadaxili atmosfer oldu?

- Birbaşa səbəbi deməyəcəm. Hər halda, bunu klubun daxilində saxlayacam. Klubda baş verən bütün proseslər diqqət mərkəzimizdədi və Müşahidə Şurasına məruzə olunur. Buna görə birgə razılaşdırılmış qərar qəbul olundu. Bəli, bildiyiniz kimi, ölkə Kubokunda uğursuzluq yaşadıq. Bu, kluba yetərincə zərbə oldu. Ancaq buna baxmayaraq, həmin vaxt yüz faiz əmin deyildik. İndi belə “qalaqurma”yla bağlı qərar qəbul etdik. Ona görə “qalaqurma” ki, baş məşqçini köməkçisiylə əvəzlədik. 

 

- Məhz buna toxunmaq istəyirik ki, niyə məhz Füzuli Məmmədov? Çünki yayda yeni baş məşqçi təyin etsəniz də, o deyəcək ki, komandanı avrokuboklara hazırlaşdırmağa vaxtım olmayacaq...

- Əvvəla, klub işində yetərincə təcrübəm var. Hesab edirəm ki, bilavasitə bu vəziyyətdə komandanın "sükanı arxası"nda mütləq onu içindən tanıyan insan olmalı idi. Hansısa bir təcrübəli, titulli məşqçi gəlsəydi belə, hal-hazırda ona daha çox vaxt lazım idi ki, vəziyyəti araşdırsın və yoluna qoysun. Fikrimcə, Füzuli müəllimdə bu iş uğurlu alına bilər. Artıq bəyan etmişəm ki, yayadək Məmmədov baş məşqçimizdi. Vacib deyil ki, o, hansı statusludu - müvəqqəti, yoxsa daimi - buna fikir vermirəm. Çünki komandanı düşdüyü vəziyyətdən çıxarırsa, mənim üçün vacib deyil ki, bu, müvəqqəti baş məşqçidi, yoxsa hansı statusda olan. Yayadək baş məşqçi məsələsi ümumiyyətlə, bağlanıb. Yayda, ya da 3-cü dövrədən sonra, yaxud 4-cü dövrənin gedişində vəziyyət onu tələb etsə ki, yığışaraq bu mövzuyla bağlı danışaq, bunu edəcəyik. Müşahidə Şurası təklifimi dəstəklədi ki, baş məqşçi vəzifəsinə Füzuli Məmmədovu təyin edək. O, cari mövsümün sonunadək komandaya başçılıq edəcək.

 

- Transfer siyasəti hansısa planda onu nəzərdə tutur ki, çempionatın bərpasınadək heyətin gücləndirilməsi ilə bağlı bir addım olacaq?

- İndi baş məşqçimiz Füzuli Məmmədovdu və başa düşürsünüz ki, əvvəlki məşqçilər korpusuna daxil olan təkliflərin indi elə bir mənası yoxdu. Bizə verilən təkliflər artıq Məmmədovun başçılıq etdiyi məşqçilər korpusuna təqdim olunacaq. Analizlərdən sonra ehtiyac olarsa, baş məşqçi bu məsələylə bağlı bizə müraciət edərsə, çalışacağıq ki, bir şey edək. Açıq deyirəm ki, transfer məsələsi Darioyla bağlı vəziyətdən də asılı olacaq. Bildiyiniz kimi, o, bizimlə deyil. Ümid edirəm ki, gedişi alınarsa, güclənə biləcəyik. Ancaq hansı mövqeylə bağlı olacaq, bu haqda baş məşqçi idman direktoruyla danışacaq. 

 

- Darioyla bağlı məsələ nə vaxt aydınlaşacaq?

- Danışıqlar gedir. Aydın mələsədi ki, agenti bu işə cəlb olunub, daim ünsiyyətdə oluruq. Xəbərlər gözləyirik, çünki futbolçuyla maraqlananlar var. Ancaq bilirsiniz ki, həmişə istəklə klubun imkanı üst-üstə düşmür. Alınsa, buna şad olardıq. Dario qeyri-standart oyunçudu, kluba yetərincə böyuk fayda verib. Ancaq hazırkı anda hesab edirik ki, başqa kluba icarəyə verilməsi daha məqsədəuyğundu. Əvvəla, onun mövqeyində artıq yeni futbolçu var, həm də Vangelas Platellas. Üstəgəl, gənc yetirməmiz İsmayıl Zülfüqarlı da. Bildiyiniz kimi, növbəti mövsümdə bu yaşda gənc futbolçunu mütləq sifariş etməli olacağıq. 

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB