TOP 10

"Neftçi"yə yalnız qələbə yaşatmışla yeni dönəm, Və ya 16 yaş tamam olmamış açılan "ağ-qara"lı səhifə

Futbol
Tarix: 2020-01-20 16:59

"Neftçi" Azərbaycan futbolu tarixinə ilk italiyalı baş məşqçi kimi düşən Roberto Bordinlə müqaviləyə xitam verəndən sonra bu postu cari mövsümün sonunadək köməkçisi olmuş Füzuzi Məmmədova tapşırdı. Həmin Məmmədov ki, Bordin kimi 2018-ci ilin yayında "Neftçi"yə gəlib, ötən mövsüm italiyalı həmkarıyla birgə Premyer Liqamızın gümüş medalçısı olub.

 

Ancaq bu, keçmiş müdafiəçinin "ağ-qaralar"a ilk gəlişi deyil. "Neftçi"nin milli çempionatımızın 28 illik tarixində yerli baş məşqçilərinə nəzər salsaq, demək olar hamısının vaxtilə futbolçu kimi heyətində uğurları üçün tər tökdüyünə şahid olaraq. Məmmədovda bu baxımdan daha maraqlı məqamlara şahid ola bilərik. Məsələ ondadır ki, o, "Neftçi"yə keçəndə heç 16 yaşı tamam olmamışdı. İndiki dövrdə bu, nəinki Azərbaycanın ən adlı-sanlı klubunda, ümumiyyətlə, Premyer Liqa təmsilçisində debüt baxımından nonsens sayılır. Hər halda, futbolçunun heç olmasa 18 yaşı olmalıdır ki, "siftə"sini etsin.

 

Məmmədov 1993-cü ilin avqustunda, 1993/94 mövsümün əvvəlində "Neftçi"yə gələndə 15 yaş 11 aylıq idi. 15 yaşında "Neftçi" kimi komandaya düşməyin özü böyük uğur idi. Əlbəttə, bu komandanın heyəti çox güclü idi. Təbii ki, adlı-sanlı futbolçuların arasında seçilmək, "18-liy"ə düşmək ilk vaxtlar mümkünsüz görünürdü. Hər halda, müdafiəçiyə həmin mövsümdə "ağ-qara" formada debüt etmək nəsib olur. Ümumiyyətlə isə bu klubda karyera 1993/94 mövsümündə, 1, 1994/95-də 9 (1 qol), 1995/96-da 8, 1997/98-də 7 matçdan (1 qol) ibarət olur. Yalnız son mövsümdə yazımızın qəhrəmanına "Neftçi"ylə medalçı olmaq mümkün olmur ki, bu, həmin klubun Premyer Liqada azsaylı mükafat qazanmadığı mövsümlərdən biri idi.

 

Ancaq ilk 3 mövsümün hər birində medalçı olur Məmmədov komandayla. Onu "Neftçi"yə dəvət edən baş məşqçi Vaqif Saqıdovun rəhbərliyi altında 1993-95-ci illərdə çempionatın bürünc medalçı, ölkə Kuboku və Super Kubokunun sahibi, avrokuboklarda debütdən ibarət olursa, futbolçu ilk peşəkar klubu olan "Azərneftyağ"a onu gətirən təcrübəli çalışdırıcı Kazbek Tuayevlə isə "ağ-qaralar"da 1995/96 mövsümündə "qızıl dubl"a imza atır. Məmmədovun "Neftçi"də 3-cü çalışdırıcısı da Azərbaycan məşqçilik sexinin ən tanınmış nümayəndələrinin biri - Ruslan Abdullayev idi. Hansı ki futbolçu xaricdən qayıdandan sonra sabiq komandasında qərar tutur və cəmi 1 məşqdən sonra Abdullayev onunla müqavilə bağlanılmasını rəhbərlikdən israrla tələb edir.

 

Məmmədova "Neftçi"ni bu ilyarım müddətində 2 dəfə oyuna çıxarmaq nəsib olub. Bu da Bordinin cəzalı olduğu, ötən və bu mövsümün ilk yarısındakı turlara təsadüf edir - "Səbail"lə "Bakcell Arena"da 4:0, "Sabah"la "Bank Respublika Arena"da 2:0. Göründüyü kimi, hər 2 görüşdə komanda qol buraxmadan inamlı qələbə qazanıb. Maraqlıdı ki, Masazırdakı matç "Neftçi"nin bu çempionatda son qarşılaşmasıdı. Yəni, Premyer Liqada ili Məmmədovla başa vuran "ağ-qaralar" onunla da yola davam edəcək. "Neftçi"nin ölkə Kubokunda mübarizəni dayandırdığını nəzərə alsaq, cari mövsümdə qalan yeganə yolu hazırda 2-ci pillədə olduğu Premyer Liqadı. Məmmədov üçün rəsmi debütündə ilk rəqib isə "Sumqayıt" olacaq. Həmin "Sumqayıt" ki, son rəsmi görüşdə rəqib olaraq Bordinli "Neftçi"ni ardıcıl 2-ci il Kubokdan kənarlaşdırıb.

 

Hələliksə Məmmədov komandanı Antalyada təlim-məşq toplanışında hazırlaşdırır və son 2 yoxlama matçı ona yaxşı tanış olan ukraynalılarla olacaq - bu gün Kiyev "Dinamo"su, yanvarın 24-də "Desna". Axı, o, futbolçu kimi ilk legioner həyatını 1996/97 mövsümündə "Prikarpatye"də çıxış edib və bu ölkənin Premyer Liqasında "Dinamo"ya rəqib olub. 

 

Onu da bildirək ki, 43 yaşlı Məmmədov "Neftçi"nin müstəqillik dönəmində ən gənc çalışdırıcısı deyil. Çünki ondan yaşca kiçiklərin bu posta təyinatları olub. Bu baxımdan rekord isə məhz Məmmədovun "Neftçi"yə ilk gəlişində baş məşqçisi olan Sadıqova məxsusdu - 34 yaş. 

 

 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

 

 

CBCsport
28 Fevral 2020
B.eÇ.aÇC.aCŞB