TOP 10

Millimizin sabiq məşqçisi Həmkarlar İttifaqından gedişinin səbəbini açıqladı: "Marağı olan bəzi insanlar bu anlaşılmazlıqlardan istifadə edib, bu iki təşkilatı üz-üzə qoyublar"

Futbol
Tarix: 2020-01-19 12:12

Uzun illər müxtəlif yaş qrupları üzrə milli komandalarımızda məşqçi kimi çalışmış Babək Alxasov müsahibə verib. Sport24.az bu müsahibəni təqdim edir.

 

- Bildiyimizə görə, Nazim Süleymanovun yaratdığı və adını AFFA Həmkarlar İttifaqı qoyduğu təşkilatdan ayrılmısınız. Ayrılmağınıza səbəb nə oldu?

- Bəli, istefa ərizəmi təqdim edib, Həmkarlar İttifaqından ayrılmışam. Ayrılmağımın bir neçə səbəbi var. Həmkarlar İttifaqı futbolumuzun inkişafına xeyir verə bilmirsə, orda qalmağın mənası nədir? Üstəlik, təşkilat təyinatı üzrə iş aparmır, yarandığı gündən qeydiyyata alınmır. Söz-söhbətlər, dedi-qodular çoxdur. Halbuki, söz-söhbətdənsə əməli işə keçmək lazımdır. Hər birimiz futbol adamıyıq. Ona görə də sıx birləşib, futbolumuza xeyir verməliyik.

 

- Sizdən başqa da təşkilatdan ayrılan olub?

- Bəli, başqa ayrılan da var. Ad açıqlamaq istəməzdim, yəqin ki, özləri bu barədə danışarlar.

 

- Üzv olduğunuz müddətdə Həmkarlar İttifaqının futbolumuzun inkişafı üçün gördüyü hansı işi qeyd edə bilərsiz?

- Bilirsiniz, bu gün məşqçi və veteranlar arasında konstruktiv əlaqələr demək olar ki itib. Futbolun inkişafı qalıb bir tərəfdə, biz lazımsız söhbətlərlə məşğuluq.

 

- Həqiqətən də veteranların yer aldığı 2 təşkilat, daha da konkretləşdirsək, Oqtay Abdullayevlə Nazim Süleymanov arasındakı insident kənardan heç də xoş təsir bağışlamır. Razısız ki, 2 veteran arasındakı bu cür münasibət gənclərə də pis örnəkdir?

- Təbii ki, veteranlar arasındakı söz-söhbətlər gənc nəslə də pis təsir edir, onları korlayır. Halbuki, ömür qısadır, vaxtımızı daha faydalı işlərə sərf etməliyik.

 

- Oqtay Abdullayevlə Nazim Süleymanov, yaxud rəhbərlik etdikləri 2 təşkilat nəyi bölüşdürə bilmir?

- Həmkarlarla veteranlar arasında heç bir problem demək olar ki yoxdur. Sadəcə, ortada müəyyən anlaşılmazlıqlar olub və marağı olan bəzi insanlar bu anlaşılmazlıqlardan istifadə edib, bu iki təşkilatı üz-üzə qoyublar. Həm Oqtay Abdullayev, həm Nazim Süleymanov futbolumuzda saç ağartmış insanlardı. Onların futbolumuzdakı əməyi böyükdür. Aralarında da bildiyim qədəri ilə heç bir problem yoxdur. Bu gün əgər Veteranlar İttifaqı varsa, lazım olsa Həmkarlar İttifaqı da ola bilər, lakin sivil formada.

 

- Sözlərinizdən belə başa düşdüm ki, 2 təşkilatı yan-yana gətirmək mümkündür...

- Əlbəttə. Azərbaycan futboluna ən vacibi birlik lazımdı. İş olan yerdə, səhv də olur, eniş də. Əsas odur ki, düşdüyün durumdan üzüağ çıxa biləsən.

 

- Babək müəllim, bu dedi-qoduların səngiməsi üçün çıxış yolunu nədə görürsüz?

- Hamı AFFA ətrafında sıx birləşməlidir. Hərə öz sahəsində futbolun inkişafına töhfəsini verməlidir. Bir olmasaq, irəli getmək qeyri-mümkündür.

 

- Azərbaycan futbolu həqiqətən də, Həmkarlar İttifaqının üzvlərinin dediyi kimi, tənəzzül yaşayır?

- Futbolumuzun bugününü tənəzzül saymıram. Əvvəl necə olubsa, elə indi də həmin səviyyədədi. Əsas probemlərimizdən biri odur ki, Avropa futboluna inteqrasiya eləməyimiz çətindir. Uşaqlarımız bu gün gedib Avropada oynaya bilmirlər. Bəzən deyirlər ki, Lüksemburq, Lixtenşteyn kimi ölkələrin futbolu inkişaf edir. O ölkələr Avropanın mərkəzində yerləşirlər və oradakı gənclər üçün Avropa futboluna inteqrasiya etmək bizdəki kimi çətin deyil. Yoxsa ki, futbolumuzun səviyyəsi elə həmin səviyyədi. Bunu klublarımızın, xüsusən də “Qarabağ”ın timsalında avrokuboklarda görürük.

 

- 2020-ci il Azərbaycan futbolu üçün vacib ildir...

- Bəli, bu il Azərbaycan Avropa çempionatının 4 oyununa ev sahibliyi edəcək. Çox istərdim ki, 2020 barış ili olsun, futbolumuzdakı bütün problemlərdən qurtulaq. Anlaşılmazlıqlar geridə qalsın. Hər birimiz AFFA ətrafında sıx birləşib, futbolumuzun inkişafı üçün çalışmalıyıq.

 

- Siz AFFA ətrafında birləşməyi qeyd etsəniz də, Həmkarlar İttifaqı bu gün AFFA-ya qarşı radikal müxalif münasibəti bəsləyir. Ən azı kənardan belə görünür...

- Həqiqətən də Həmkarlar İttifaqlarının bəzi üzvlərinin çıxışlarına qulaq asanda, bu, sezilə bilər. Artıq söz-söhbətlərdən müxalif fikir, narazılıqlar yaranır. Bu da ondan irəli gəlir ki, təşkilat öz adına uyğun fəaliyyət göstərə bilmir (futbolxeber.az).

 

 

CBCsport
16 Fevral 2020
15 Fevral 2020
B.eÇ.aÇC.aCŞB