TOP 10

"Neftçi"də 589 günə sözardı: 2:0-la başlayan, 2:0-la bitən, 0:4-lə başlayan, 0:4-lə bitən

Futbol
Tarix: 2020-01-19 10:10

"Neftçi" ötən gün istefaya göndərdiyi baş məşqçisi Roberto Bordinin rəhbərliyi altında 54 rəsmi matça çıxdı. Sport24.az xəbər verir ki, 55 yaşlı mütəxəssis 3 müxtəlif turnirdə komandanın başında oldu.

 

Bu, Azərbaycan Premyer Liqası və Kuboku ilə yanaşı, Avropa Liqası idi. Özü də Bordinin rəsmi debütü məhz Avroliqada oldu. Bu, 2018-ci ilin iyulun 12-də "Dalğa Arena"da Macarıstanın "Uypeşt" klubu üzərində 3:1 hesablı qələbəylə reallaşdı.

 

Bordin Avropada 8, daxili yarışlarda 46 (Kubokda 4, Premyer Liqada 42) oyunda komandanın başında oldu. Bordin Azərbaycan klublarının Rusiya təmsilçiləri üzərində ilk qələbəsinin, ilk mərhələ keçməsinin (Tula "Arsenal"ını səfərdə 1:0, evdə 3:0) memarı oldusa, Azərbaycan Kubokunda fiaskoya uğradı. Belə ki, "ağ-qaralar" ardıcıl 2 il 1/4 finalda "Sumqayıt" səddində "ilişdi", sonuncuda isə ümumiyyətlə, 1992-ci ildən qatıldığı turniri ilk dəfə qol vurmadan tərk etdi. 

 

Bordinin "Neftçi"də ən böyükhesablı qələbəsiylə Azərbaycan futbolu tarixinə düşdü. Belə ki, Moldova "Sperantsa"sı üzərində "Bakcell Arena"da 6:0 hesablı qələbə 1994-cü ildən təmsil olunduğumuz avrokuboklarda ən böyükhesabll qalibiyyətimiz oldu. 

 

Maraqlıdır ki, Bordinin "Neftçi"də çempionatda debütü məhz "Sumqayıt"la görüşə təsadüf edərək 2:0 hesablı qələbəylə nəticələnmişdi. Bu da "Dalğa Arena"da baş vermişdi. Onda komanda "Bakcell Arena"da yenidənqurma işlərinə görə rəqiblərini bir müddət Mərdəkandakı stadionda qəbul etməli oldu. O da maraqlıdır ki, italiyalı mütəxəssis "Neftçi"ylə son çempionat matçında da bu nəticəyə imza atdı. Sadəcə, "Sabah"la "Bank Respublika Arena"dakı görüşdə Bordin 4 sarı vərəqəyə görə cəzalı olduğundan tribunada yer almalı oldu. Həmin vaxt komandanı meydana çıxaran azərbaycalı köməkçisi Füzuli Məmmədova indi bu post müvəqqəti olaraq tapşırılıb. 

 

Bordin "Neftçi"də 30 qələbəyə (24-ü Premyer Liqa, 1-i Kubok, 5-i Avropa Liqası) imza atdı. Onun heç-heçələri nəhs sayda - 13 (11-i Premyer Liqa, 1-i Kubok, 1-i Avropa Liqası) oldu. İtaliyalı mütəxəssis 11 dəfə məğlubiyyət acısı daddı ki, bunun 7-si Premyer Liqada, 2-si Kubokda, 2-si Avropa Liqasında qeydə alındı. Bordinli "Neftçi" ümumilikdə 95 qol vuraraq qapısında 48 top gördü (Premyer Liqada 74-37, Kubokda 2-2, Avropa Liqasında 19-9).

 

"Ağ-qaralar"ın italiyalı mütəxəssislə daxili yarışlarda böyükhesablı məğlubiyyət almaması diqqətçəkən məqamdı. Bordinin yeganə böyükhesablı məğlubiyyəti "Neftçi"də ilk yenilgisində oldu - "Uypeşt"ə Macarısanda 0:4. Məlumdur ki, italiyalı mütəxəssisin komandanı çıxardığı son matçda da bu hesabla uduzdu. Fərq ondadır ki, Antalyada Polşanın "LKS Lodz" klubuyla görüş yoxlama matçı idi. 

 

Qeyd edək ki, Bordin milli çempionatımızın 28 illik tarixinə ilk italiyalı baş məşqçi kimi düşdü. Onun yeganə mükafatı gümüş medal oldu ki, bu əyarlı mükafatı "Neftçi" 12 ildən sonra qazandı. Bordin "Neftçi"nin tarixindəki əcnəbi baş məşqçilər arasında ən uzunmüddətli duruş gətirən oldu. Belə ki, çexiyalı Vladtimil Petrjela, ukraynalı Anatoli Demyanenko, almaniyalı Hans-Yurgen Gede heç 1 il "ağ-qaralı" olmamışdılar. 2018-ci ilin iyunun 8-də kluba baş məşqçi təyin olunan Bordinin 589 gün sonra - 2020-ci ilin yanvarın 18-da cari mövsümün sonunadək olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verildi.

football24
18 Sentyabr 2020
17 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB