TOP 10

Qurban Qurbanov 4 transfer istəyir: “O, bizim planlarımıza daxil deyil”

Futbol
Tarix: 2020-01-13 14:36

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mövsümün ikinci hissəsinə hazırlıqla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Football24.az saytına açıqlamasında o, bunları söyləyib:


“Hazırlığa Bakıda başlamışdıq. Əvvəlki illərdən fərqli olaraq, hazırlığa birbaşa Türkiyədə start verməmək qərarına gəldik. Komanda çox ağır mövsüm keçirib. Futbolçuları psixoloji cəhətdən də çox yükləməməyə çalışdıq. Bakıdakı hazırlıq pis keçmədi. Artıq iki gündü Antalyada məşq dirik. Dani Kintana istisna olmaqla, bütün oyunçular normal vəziyyətdədi”.


Ağdam təmsilçisi əvvəlki illərdən fərqli olaraq, ilk yoxlama oyununu Antalyaya gəlişindən 6 gün sonra keçirəcək. Qurbanov ilk oyuna qədər futbolçuları fiziki cəhətdən yükləməyə qərar verib. Özünü dinləyək: “Fiziki yüklənmələr şübhəsiz ki, olacaq. Mövsümün geridə qalan hissəsində futbolçular çoxlu oyun keçirdilər. Bu üzdən də onları yenidən oyunlarla yükləmək istəmədik. Kimlərdəsə yüngül yorğunluq, kimlərdəsə kiçik zədələr var. Bu üzdən də bəzi fərqli proqramlar tərtib etmişik. Yanvarın 18-nə qədər bütün bu problemləri aradan qaldırmaq istəyirik. Oyun praktikası baxımından problem olduğunu düşünmürəm. Cəmi iki həftəlik fasilə vardı. Futbolçular da onun ilk həftəsində tam istirahətlə məşğul olublar. İkinci həftədə isə aktiv istirahət ediblər”.


Qurbanov transfer məsələlərinə də toxunub: “Fikrimcə, transferlər olacaq. Qışda belə məsələlərlə bağlı qərar vermək çətin olur. Bu, yalnız o halda asan olur ki, futbolçunun hansısa klubla müqaviləsi olmasın. Xidmətində maraqlı olduğumuz futbolçuların klubları ilə danışıqlar gedir. Neçə futbolçu alacağımızı indidən deyə bilmərəm. 2, 3 və ya 4 futbolçu da ala bilərik. Qapıçı axtarışındayıq. Bir müdafiəçi istəyirik. İki yarımmüdafiəçiyə, yeni hücumçuya ehtiyacımız var. Bizə mərkəz yarımmüdafiəçisi hökmən lazımdı. Digəri cinah oyunçusu da ola bilər.


Emil Balayev? Xeyr, onunla bağlı heç bir danışığımız olmayıb. Əlbəttə, Balayev yaxşı qapıçıdı, uğurlu bir mövsüm keçirib, amma o, bizim planlarımıza daxil deyil. Əcnəbi qapıçı axtarırıq. Əsasən Avropa ölkələrində. Dəqiqliklə deyə bilmərəm. Yalnız onu deyim ki, həmin ölkələr arasında İspaniya da var”.

 

 

 

 

CEYHUN ƏLİYEV, Antalya

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB