TOP 10

Davud Kərimi ilk "40+ Liqa"sına qiymət verdi, üzünü bölgələrə tutdu: "Fevralın sonu - martın əvvəlində 2-ci çempionata başlayacağıq"

Futbol
Tarix: 2020-01-13 18:00

"Azərbaycanda belə turnirlər keçirilir - MFL, BFL. Veteranlar futbolla alışıb yansalar da, gənc həmyaşdılarıyla ayaqlaşa bilmirlər. Səbuhi Səfiyarlı və Hikmət Məmmədovla birgə qərara gələndən sonra ki belə turnir təşkil edək, məqsədimiz bu idi ki, 40 yaş və ondan yuxarılar öz yaşıdlarıyla futbol oynasınlar, oyunlarından həzz alsınlar". Bu fikirləri Sport24.az-a açıqlamasında "40+ Liqa"sının ideya müəlliflərindən, turnirin təşkilatçısı olan Davud Kərimi bildirib.

 

Keçmiş qapıçı 5 ay davam edən ilk turnirə qiymət verib: "Bu çempionat ilk dəfə keçirməyimizə baxmayaraq çox yaxşı qarşılandı. Turnir auditoriya yığdı, azarkeşlər oyunlarımızı izləməyə gəldilər. Fakt odur ki, yarımfinal və final matçlarını qış olmasına baxmayaraq 50-100 nəfər izləməyə gəlmişdi, tribunalarda yerlərini almışdı. Çalışacağıq ki, bu turnir davamlı olsun. İstəyərdik ki, rayonlardan da komandalar bizim turnirə qoşulsunlar".

 

Maraqlıdı ki, növbəti "40+ Liqa" nə vaxt keçiriləcək? Kərimi 1-1,5 ay sonra təşkil edəcəklərini diqqətimizə çatdırıb: "Elələri var ki, oynamayıb, indidən komandasını yığan, hazırlaşanlar var. Özü də çox ciddi şəkildə. İnşalalh, fevralın sonu - martın əvvəlində 2-ci çempionata başlayacağıq. Əsas fərq ondadır ki, ilk dəfə 1979-cu il təvəllüdlülər ən son yaş həddi idisə, indi 1980-ci illər də tam olaraq oynaya bilərlər. Qaydalarla hələ ki dəyişiklik gözlənilmir. Əlbəttə, ilk çempionatın yekunu, növbəti turnirlə bağlı müzakirə aparacağıq, oturub düşünəcəyik. İlk çempionat olduğuna görə təbii ki, bizim də çatışmazlıqlar oldu. Bunun üzərində işləyərək yol verdiyimiz xətaları düzəltməyə, gələcəkdə təkrarlamamağa çalışacağıq".

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB