TOP 10

Elmar Baxşıyev Antalyada "Qəbələ"yə 2 yeni legionerin qoşulacağını istisna etmədi: "İnanın ki, gündə bəlkə 4-5 variant olur"

Futbol
Tarix: 2020-01-13 10:01

"Qəbələ" qış hazırlığının Bakı mərhələsini MOİK-ə 4:0 hesabıyla qalib gəldiyi yoxlama matçıyla başa vurdu. Hazırlığı Antalyaya apardığı 23 futbolçuyla davam etdirən baş məşqçi Elmar Baxşıyev səfər öncəsi Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb. 

 

- MOİK-lə qarşılaşma sizə işləmək üçün hansı material verdi?

- Hər bir məşq bizim üçün siqnaldı, futbolçuların hazırlıq durumu haqda bir məlumatdı. MOİK-lə görüşdə bəzi futbolçuları başqa mövqelərdə yoxladıq. Biz də bilirik ki, komanda olaraq hələ pik formada deyilik. Ancaq yavaş-yavaş bu həddə gəlib çatmaq istəyirik. Fikirləşirəm ki, bu matç da bizə lazım idi. Bu, sırf futbolçuların oyun ritminə uyğunlaşması baxımındandı. 

 

- Kapitan Anar Nəzirov düşərgədə yox idi...

- Anarın mikrozədəsi var. Buna görə fərdi məşqi oldu. 

 

- Məlumdur ki, Nəzirov AFFA-nın İntizam Komitəsinin qərarıyla cəza üzündən qış fasiləsindən sonra ilk 2 turda oynamayacaq. Belə çıxır ki, yoxlama oyunlarında qapıda əsasən Anarın əvəzləyicisi Tərlan Əhmədli dayanacaq?

- Hər ikisinə şans verəcəyik. Ümumi götürəndə, Tərlandan Anar qədər razıyıq. Bizdə o anlayış yoxdur ki, bu, əsas, bu, ikinci qapıçıdı. Deyərdim ki, sırf belə götürsək, Əhmədli Nəzirovdan zəif qapıçı deyil. 

 

- Komandada qalması məsələsi hələ də açıq qalan Kristian Kuakunun hazırkı durumuna necə qiymət verərdiniz?

- Biz də istəyərik ki, əlimizdə olan hər bir futbolçunun kluba xeyri dəysin. Futbolçunun üzərinə çox böyük məsuliyyət düşüb. Özü də sübut etməli, etimadı doğrultmalıdır ki, kluba faydam dəyir, ona kömək etmək istəyirəm. Kristianla fərdi söhbətlərimizi edirik. Özündən çox şey asılıdı. 

 

- Xeyli vaxtdır baxışdan keçirdiyiniz toqolu vinger Yaovi Akakponun qalmaq şansı nə dərəcədə yüksəkdi?

- Planımızda onu Antalyada yoxlayıb yoldaşlıq görüşlərindən sonra qərar verməkdi. Potensialı olan futbolçudu. Sadəcə, məşq ayrı, oyun ayrı. Afrikalı viza məsələlərinə görə mütəmadi gedib gəlib. Yaoviyə sırf məşqlərdə baxmışıq, imkan olmayıb oyunda bunu edək. Yalnız "Səbail"lə yoldaşlıq görüşündə baxmışıq, onda da bir hissə. 

 

- Hələ ki yeganə transferiniz olan Ehtiram Şahverdiyevdə uzun müddət oyun praktikasının olmamağı hiss olunurmu?

- Gəlin, futbolçuya ümumi qiymət verməyi bir oyunla götürməyək. Biz də bilirik ki, komanda hələ optimal forma yığmayıb. Ehtiram inandığımız futbolçudu, inanırıq ki, komandamıza faydası dəyəcək.

 

- Antalyada yeni futbolçu qoşulması məsələsi nə yerdədi?

- Hücumçuya baxmaq planımızda var. Sayı gedişat göstərəcək. Ola bilər ki, 2 nəfər qoşulsun. Söhbət legionerdən gedir. Hazırda yerli transferlə bağlı konkret bir şey yoxdu. Olsaydı, Antalyaya aparardıq. Vəziyyətə baxacağıq, oyunlar göstərəcək ki, hansı mövqelərimizdə boşluqlar var, Buna uyğun hərəkət edəcəyik. Büdcəyə uyğun olacaqsa, istədikərimizi həyata keçirəcəyik.

 

- Büdcədən söz düşmüşkən, "Gilan"ı "Jalə" əvəzləyəndən sonra bir fərq varmı?

- Maaşlar vaxtı-vaxtında verilir. Hücumçuyla bağlı axtarışlarımız gedir. İnanın ki, gündə bəlkə 4-5 variant olur, hansına baxırıq. Sırf bizim komandaya, oyun üslubumuza uyğun gələni götürmək istəyirik.

 

- Komandanıza ötən il gələn gürcü futbolçular uğurlu transfer oldular. Bombardiriniz Davit Volkovun gedişindən sonra niyə yenə bu ölkəyə üz tutmağı lazım bilmədiniz?

- Özünüz də bilirsiniz ki, qış dönəmində futbolçu tapmaq çətindi.

 

- Gürcüstanda mövüm bitdiyindən çox futbolçu sərbəstdi...

- Mövsüm bitsə də, sırf o cür yanaşmırıq ki, gürcünün yerinə gürcü gətirək. Legionerin ucuzluğunu demirəm, əsas oyun stilimizə uyğun olan bir hücumçu istəyirik. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
03 Iyul 2020
02 Iyul 2020
B.eÇ.aÇC.aCŞB