TOP 10

Bordin gözlənilən transferlərdən, Mirabdullayla bağlı ümidlərindən danışdı, "Qarabağ"la 6 xallıq fərqi böyük saydı: "Tək sırf bu komandaya qarşı mübarizə aparmalı deyilik ki..."

Futbol
Tarix: 2020-01-10 12:41

"Neftçi" bu həftə istirahətini başa vuraraq Bakıda qış hazırlığına başladı və artıq bu gecə Türkiyənin Antalya şəhərinə ikihəftəlik təlim-məşq toplanışına yollanacaq. "Ağ-qaralar"ın məşqinə yollanaraq italiyalı baş məşqçi Roberto Bordinlə səfəröncəsi söhbətləşdik.

 

- İstirahətdən hansı enerjiylə qayıtmısınız və mövsümün həlledici mərhələsindən gözləntiniz nədi?

- Təlim-məşq toplanışına yaxşı başlamışıq. Komandamızın hazırlığı gündəlik 2 məşqlə davam edir. Əsas məqsədimiz yaranmış bu fasilədən düzgün yararlanıb təlim-məşq toplanışında yaxşı çalışmaqdı. Fevralın 1-də bizi gözləyən çempionatın ikinci yarısının ilk matçınadək tam hazır olmağa çalışacağıq. Ümumiyyətlə, mövsümün ikinci hissəsinə ciddi hazırlaşacağıq.

 

- Klubun Müşahidə Şurasının son iclasında əsas komandanın çıxışı, xüsusilə Azərbaycan Kubokundan kənarda qalması qənaətbəxş hesab edilməyib, məşqçi və futbolçu heyəti ilə bağlı iradlar çatdırılıb. Komandanızın qarşısına növbəti iki dövrədə maksimum nəticə qazanmaq tələbi qoyulub. Bunu yerinə yetirmək nə dərəcədə realdı? Ümumiyyətlə, bu tələb işinizə necə təsir göstərəcək? Sizi təzyiq altında saxlamayacaq?

- Əlbəttə, hər bir tərəfdən, istər məşqçi, istərsə də futbol heyəti olaraq məqsədimiz hər şeyin ən yaxşısını göstərmək, hər şeyin maksimumunu etməkdi. Biz də bunun üzərində işləyirik, məqsədimizə doğru gedirik. Hazırda ilk pillədə gedən "Qarabağ"dan 6 xal fərqimiz var. Onlardan geri olsaq da, hələ 2 şəxsi matçımız var. Çalışacağıq ki, qalan bütün turlarda maksimum nəticə qazanaq. Tək sırf "Qarabağ"a qarşı mübarizə aparmalı deyilik ki, bu komanda 1-ci pillədə gedir. Komandamı çempionatda hər bir rəqibə qarşı maksimum hazırlamalı, hər bir matçdan maksimum nəticəylə ayrılmalıyıq. 

 

- Məlumdur ki, "Qarabağ" qış fasiləsindən sonra daha yaxşı çıxış edir. Bunu özünüz də ötən mövsümün ikinci yarısında gördünüz. "Qarabağ"dan xal baxımından xeyli irəlidə olsanız da, nəinki sizə çata, son dövrədə sizi keçə də bildi. İndisə həmin "Qarabağ"dan 6 xal geridəsiniz. Belə vəziyyətdə bu rəqibi keçərək çempion olmaq şansınız nə dərəcədə realdı? Onu da nəzərə alaq ki,"Neftçi"ylə nəhayət, titul qazanmaq üçün son şansınız yalnız çempionat qalıb...

- Keçən mövsümlə bağlı məqamı düz vurğuladınız. Məncə, futbolda hər şey mümkündü. İstəyimiz məqsədimizə çatmaqdı. Bəli, "Qarabağ"la 6 xal fərq futbol üçün hazırda kifayət qədər böyük fərqdi. Ancaq yenə deyirəm ki, oyundan oyuna maksimum nəticə qazanmağa, aradakı xal fərqini götürməyə çalışacağıq. İndidən çempionatın sonu haqda bir şey demək istəmirəm. Çünki hazırda fasilədən sonra ilk matçımıza hazırlaşırıq və hələ ki bu haqda düşünəcəyik. 

 

- Mirabdulla Abbasov 6 aylıq fasilədən sonra sərəncamınıza qayıtdı. Onda hansı fərqi müşahidə etdiniz? Mirabdullayla bağlı hansı ümidləriniz var?

- Əlbəttə, onun qayıdışına bir məşqçi kimi çox sevinirəm. Çünki yaxşı, keyfiyyətli futbolçudu. Keçən mövsüm bizimlə çox gözəl mövsüm keçirdi. Komandamızda olduğu müddətdə öz maksimum səviyyəsinə çatmışdı, hətta Azərbaycan millisinə də dəvət olunmağa başladı, debüt etdi. Bu, yaxşı hal idi. Sadəcə, hər bir insan, hər bir oyunçu hər bir işdə qarşısına məqsəd qoymalıdı. Çalışmalıdı ki, buna çatsın. Mirabdulla da bəlkə qarşısına başqa məqsədlər qoymuşdu və istəyirdi ki, buna doğru getsin. O, öz üzərində işləməlidi. Bunu yaxşı etsə, yaxşı keyfiyyətə malik futbolçu olaraq tezliklə əvvəlki formasını bərpa edə biləcək.

 

- Heyətdə qış fasiləsində başqa hansı dəyişiklər gözlənilir?

- Yeni transferlərə gəlincə, komanda Antalyaya təlim-məşq toplanışına yollanaraq orda yoxlama matçları keçirəndə lazımı mövqelərdə lazımı futbolçulara baxacağıq. Görəcəyik ki, hansı xəttə daha çox futbolçu lazımdı. Bunu Türkiyədə müəyyən edəcəyik. Çox güman, transferlər olacaq. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB