TOP 10

Kubokda əsas mübarizə başlayır: Bordin üçün qisas anı, Sopiç üçün tarixi məqam

Futbol
Tarix: 2019-12-15 09:00

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilir. Sport24.az xəbər verir ki, turnirdə artıq neçə ildi əsas mübarizə məhz bu mərhələdən başlayır. Ötən mövsüm ilk 4 yeri tutanlar - "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" hazırkı turnirdə debüt edəcəklər. 

 

Maraqlıdır ki, ardıcıl 2-ci ildir 1/4 finalda eyni cütlər olur. Hətta 3 cütdə mübarizə ötən mövsümdəki kimi, həmin stadionda başlayır. Yalnız "Səbail" - "Zirə" cütü istisnadı ki, onda "ASCO Arena"da cavab matçı keçirilmişdi.

 

Digər fərq cütlərlə bağlıdı. Yəni, bu dəfə "Neftçi" - "Qarabağ" finalı ola bilməz. Bu komandalar artıq yarımfinalda qarşılaşmalı olacaq. Təbii ki, 1/4 finalda dayanma olmasın. Bunu əbəs yerdə vurğulamadıq. Çünki "Neftçi" ötən mövsüm "Sumqayıt" səddində "ilişmişdi". İndi Roberto Bordinin komandası bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Hər halda, cari çempionatda arxada qalan hər 2 görüşdə "Neftçi" Ayxan Abbasovun yetirmələrini məğlub etməyi bacarıb - evdə 2:1, səfərdə 4:2. Onu da bildirək ki, bu komandalar qış fasiləsindən sonra ilk turda da görüşəcək. 

 

"Qarabağ" - "Keşlə" duelində də həminki baş məşqçilərdi. Qurban Qurbanovun komandasını ötən mövsüm kubok öncəsi bu rəqibi evdə 5:1 hesabıyla darmadağın etmişdisə, bu dəfə yalnız 1 xalla kifayətlənməli oldu - 2:2. Ümumiyyətlə, ilk dövrədə də "Qarabağ" Tərlan Əhmədvun komandasını çətinliklə məğlub etmişdi - 1:0. Düzdür, "Keşlə"nin ilk kubok matçında müdafiənin mərkəzində ciddi itkiləri var. Belə ki, Franko Flores cəzalı, Miyuşko Boyoviç isə zədəlidi. "Qarabağ" rəqibinin bu zəif yerindən maksimum istifadə etməlidi.

 

Finala gedən digər yolda isə baş məşqçilər demək olar dəyişib. Yalnız "Səbail"də Aftandil Hacıyev yenə də vəzifəsindədi. Sadəcə, 10 matçdır qələbə nə olduğunu bilməyən, komandasıyla qış fasiləsinə son pillədə yollanan gənc mütəxəssisin "kreslosu laxlayır". Ola bilər ki, kubokda da uğursuzluq 38 yaşlı Hacıyevin vəzifəsindən getməsiylə nəticələnsin. "Səbail" də son turda məhz kubokda rəqibiylə görüşərək onun meydanında darmadağın olub - 1:4. "Zirə" ötən mövsüm Samir Abasovun baş məşqçiliyi vaxtında bu rəqibi hər ii matçda məğlub edərək keçmişdi. 

 

Həşimovun ilk dövrədə "Qəbələ"də köməkçisi olduğu Elmar Baxşıyev də baş məşqçi qqismində Azərbaycan Kubokunda debüt edəcək. 39 yaşlı mütəxəssis ötən mövsüm "Qəbələ"də Elşad Əhmədovlu "Sabah"ı keçərək sonda klubun tarixində ilk dəfə Azərbaycan Kubokunun qalibi olub. İndisə "Sabah"ı tarixində ilk əcnəbi baş məşqçi çalışdırır. Bu, xorvatiyalı Jelko Sopiçdi. Maraqlıdı ki, o, Azərbaycan Kubokunda debüt edəcək ilk xorvatiyalı baş məşqçi olacaq. Düzdür, 45 yaşlı Sopiç Azərbaycan çempionatlarında birinci yox, ikinci xorvatiyalı olub. Çünki 2005/06 mövsümündə “Olimpik”i Stepan Çordaş çalışdırııb. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğusuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub Çordaşla yollarını ayırıb. Bununla da təcrübəli mütəxəssis Azərbaycan Kubokunun həycanını yaşaya bilməyib. 

 

 

Azərbaycan Kuboku, 1/4 final mərhələsi

İlk matçlar

15 dekabr (bazar)

15:00. “Qəbələ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ. Şəhər stadionu

Ötən mövsümdə kubok dueli - 1:0, 1:0

 

17:00. “Səbail” – “Zirə”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı. “ASCO Arena” stadionu

Ötən mövsüm kubok dueli - 1:0, 3:2

 

16 dekabr (bazar ertəsi)

18:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı. “Bakcell Arena” stadionu

Ötən mövsüm kubok dueli - 0:2, 1:0

 

20:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Ötən mövsüm kubok dueli - 1:0, 1:1

 

 

Qeyd edək ki, bütün görüşlər “CBC Sport”la canlı yayımlanacaq.

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB