TOP 10

Oyundakı "oyun": AFFA danışılmış matçlardakı iştirakçıları cəzalandırdı,  növbə hüquq-mühafizə orqanlarınındı

Futbol
Tarix: 2019-12-14 15:41

Dünən AFFA İcraiyyə Komitəsi bu gün üçün əsas müzakirə mövzusu ola biləcək bir sıra aktual qərarlar qəbul etdi. Əlbəttə, bu yazıda İcraiyyə Komitəsinin qərarlarına da toxunacağıq, amma AFFA İntizam Komitəsinin qərarı “aydın səmada şimşək” təsiri bağışladı. Hansı ki, bu qərar nəticəsində 28 nəfər danışılmış oyunlarda iştirak etdikləri üçün futboldan kənarlaşdırıldı.

I Divizion təmsilçiləri ilk dəfə deyil danışılmış oyunlarla əlaqədar ifşa olunur. Düzdü, AFFA-nın və İntizam Komitəsinin belə genişmiqyaslı "cəza yağışı” əvvəllər müşahidə edilməmişdi. AFFA-nın baş katibi Elxan Məmmədov da bu yöndə bir neçə dəfə “xəbərdarlıq atəşi” açmışdı. AFFA rəsmisi müxtəlif brifinqlərdə və ya verilişlərdə hətta soruşulmasa da belə, bu mövzunu açmış və danışılmış oyunlarla əlaqədar istintaqın tam sürətlə davam etdiyini söyləmişdi.

Arasında 25-i futbolçu olan 28 nəfər futboldan tamamilə uzaqlaşdırıldı. Diqqət yetirin, təqsirləndirilən 28 nəfərdən 24-ü “Turan Tovuz” və “Ağsu” klublarına aiddi. Bu da sözügedən klublarda yoxlamaların tamamlandığını göstərir. AFFA-dakı xüsusi komissiya qış fasiləsi ərəfəsində “dişlərini” göstərdi. Niyə indi? Görünən budu ki, AFFA rəhbərliyi həm "Ağsu"ya, həm də "Turan Tovuz"a qış "transfer pəncərəsi"ndəki itkiləri kompensasiya etmək üçün şans verməyi vacib saydı.

I Divizionda qeydə alınan nəticələr belə, artıq şübhə doğururdu. Aydın məsələdi ki, ifşa olunan klublar öz oyunlarına pul yatıranlardı. Bəs federasiya bütün bu baş verənlərə göz yummalıydı? ​Yoxsa bu gəlir mexanizmini mərkəzləşdirmək, işbazlarla əlbir olub qanuniləşdirməli idi?

Oyunçuların niyə bu yola getdiklərini soruşmağa və ya təəccüblənməyə ehtiyac yoxdu. Böyük ehtimal ki, onlar az maaş aldıqları üçün bunu edirlər. Bu uşaqlar meydanda qaçmağa qadirdilərsə, deməli sağlamlıqları qaydasındadı. Şübhəsiz ki, tibbi arayışları da var. Səviyyən yüksək bir əmək haqqına uyğun deyilsə, qazandığınla barış. Aldığın maaşdan məmnun deyilsənsə, peşəni dəyiş. 21-30 yaş bir peşəni dəyişdirməyin çox gec olduğunu söyləmək üçün əsas deyil. Problemi xəstə başdan sağlama keçirmək lazım deyil.

 

Mövcud vəziyyətə qayıdaq. 28 nəfər futboldan qovuldu, bəs neçə-neçə fırıldaqçı hələ də milyonların sevdiyi bu oyunda hələ qalır? Hüquq-mühafizə orqanları “qara oyunlar”da iştirak edənlərin boğazından yapışmasa, bu aksiya bəhrəsini verməyəcək. Güc strukturlarından təzyiq hiss edəcəklər - tapşırığı kimlərdən aldıqlarını deyəcəklər.

 

Nə qədər ki, bu işbazların​ bir neçəsi dəmir barmaqlıqlar arxasına salınmayacaq, Assosiasiya futbolumuzun bu virusdan birdəfəlik təmizləyə bilməyəcək. Məsələnin hüquqi tərəfini bilmirik. Ola bilər ki, işin araşdırılmasına​ aylar, bəlkə də illər lazımdı.​ Ancaq bu murdarlığı aradan qaldırmaq lazımdır! Yeganə metod hamısını “içəri salmaq”dı. Ki, fırıldaqçıların havadarları oyundakı "Oyun" iştirakçılarını hansı aqibətin gözlədiyini başa düşsünlər.

 

Digər kollektivlərə​ kölgə salmadan, hər halda, belə fərziyyə​ irəli sürək ki, I Divizionun digər klublarının əksəriyyəti də təmiz deyillər. Deməli, növbəti cəza dalğası uzaqda deyil. Hərçənd, yenidən təkrarlayırıq və xatırladırıq ki, hüquq-mühafizə orqanları konkret, sərt tədbirlər görməlidir!

 

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB