TOP 10

Cavid Hüseynov Yurçeviçin istefaya göndərilməsini gözləyirmiş, Prosineçkinin qayıdışını istəyir: "Millidə baş məşqçi əcnəbi olmalıdı, yerlinin yeri yoxdu!"

Futbol
Tarix: 2019-12-13 17:00

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurşeviçin taleyinə artıq aydınlıq gəldi. Belə ki, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında müqaviləsi növbəti ilin fevralında bitəcək 53 yaşlı xorvatiyalı mütəxəssisi istefaya göndərməklə bağlı qərar verildi. Millimizin futbolçusu Cavid Hüseynov Sport24.az-a müsahibəsində bu qərar və digər məqamlarla bağlı sualları cavablandırıb.

 

- Yəqin ki, Yurçeviçlə müqavilənin uzadılmayacağını gözləyirdin...

- Tək mən yox, yəqin ki, bütün futbol ictimaiyyəti bu qərarı gözləyirdi. Düşünürəm ki, bunda son tsikldəki nəticə böyük rol oynadı. 

 

- Bu mütəxəssisin komandasında əvvəldən yer almasa da, sonradan daim çağırıldın. Səncə, Yurçeviçli millimiz nəylə yadda qaldı?

- Sözün düzü, qrupumuz çətin idi. Düşünmürəm ki, Yurçeviç yox, başqası olsaydı belə, nəticəylə bağlı böyük fərq olardı. Düzdür, 1 xal yox, daha artığını yığa bilərdik. Ancaq alınmadı. Bəzi məqamlarda bəxtimiz, bəzi məqamlarda nəsə başqa şeylər çatmadı. İstənilən halda, bundan çox xal toplamalı idik, ancaq yığa bilmədik. Millimiz bu ildə elə bir xüsusi şeylə yadda qalmadı.

 

- Yurçeviçdən nə fayda görə bildiniz?

- Sözün düzü, bir insan kimi ona söz ola bilməz. Çox yaxşı insan, super insandı. Həddindən artıq anlayışlı, başadüşəndi. Acaq bu, idmanda, iş rejimində elə kömək eləmir də.

 

- Belə bir deyim var ki, yaxşı insan peşə deyil...

- Ay sağ ol, məhz belədi. Əvvəlcədən də bilirdik ki, Yurçeviç insan kimi yaxşıdı. Ancaq işə gəlincə bir az fərqli idi. 

 

- Hazırda əsas namizəd Robert Prosineçki sayılır. Həmin Prosineçki ki, onun rəhbərliyi altında uğurlu çıxış etmisən, millidə rəsmi matçda qol hesabını açdı. Təbii ki, onun qayıdışına lehinə olanlardan biri sən olarsan...

- Bilirsiniz, lehinə olmağı tək mən demirəm. Millimiz həmin dövrdə həqiqətən çox yaxşı çıxış edirdi. Demək olar hər bir şey vardı, nəticələr qane edirdi. Onu deyim ki, millimizdə indiyədək ən uğurlu məşqçi elə Prosineçki idi. Çox istəyirdik ki, o qalsın. Ancaq nəsə yollar ayrıldı. Yenidən burda işləmək şansı varsa, buna yalnız sevinə bilərik. Bu, bir-iki futbolçunun fikri deyil. Hərdən kollektiv olaraq yığışıb Prosineçkidən söz salırıq və deyim ki, heç kim ondan narazı olmayıb - nə işində, nə də insanlıqda. 

 

- Prosineçki millimizə Millətlər Liqasında, ancaq bu dəfə C liqasında çıxış edərkən nəticə qazandıra bilərmi?

- O, burda bir dəfə iş başında olub, Azərbaycan futbolunu bilir, oyunçularını, futbol ictimaiyyətini tanıyır. Bəlkə həmin vaxtda xırda nəyisə düz eləməyibsə, indi gəlsə, bəlkə düz edər. Belə şey var ki, Prosineçkinin Azərbaycan artıq iş təcrübəsi var.

 

- İki xorvatiyalı mütəxəssisi necə müqayisə edərdin? Fərq təkcə Yurçeviçin mülayim, Prosineçkinin aqressiv olmasındadı?

- Prosineçkinin məşqçi kimi təcrübəsi Yurçeviçdən daha çoxdu. Lazım gələndə, onu həqiqətən aqressiyası, emosiyası var idi. Bilirsiniz, məşqçilikdə bir az aqressiv olmalısan, emosiyalarını göstərməlisən. Demirəm ki, kiminsə üstünə düşüb qışqırmalıdı. Ümumiyyətlə, iş rejimində emosiya mütləq olmalıdı, içdən gəlməlidi. Nəticə vermək, həmin keyfiyyəti almaq üçün bunu məşq prosesində emosional şəkildə futbolulara çatdırmalısan. Bunu məşqçilər daha yaxşı bilər. Prosineçki özü də insan kimi o qədər rəğbət qazanmışdı ki...İstər sevgi, istərsə də hörməti olsun, hər şey yerində idi. Onu istəməmək mümkün deyildi. Bu, xorvatların qanında var ki, insan kimi çox gözəl olurlar. İkisi də belədi.  

 

- Prosineçkidən danışsaq da, onun təyinatı ilə qərar veriləcəyi hələ dəqiq deyil. Sən millidə əcnəbi yox, yerli mütəxəsisisin tərəfdarısan?

- Əcnəbinin. Yerli mütəxəssisin yeri yoxdu. Fikirmcə, millimizdə baş məşqçi əcnəbi olmalıdı. 

 

- Niyə əcnəbi? Ən güclü azərbaycanlı mütəxəssis Qurban Qurbanovdan sonra yeri yoxdu? 

- Yox, ümumiyyətlə, deyirəm ki, əcnəbi olmalıdı, bununla bağlı şəxsi fikrimi bildirirəm. Qurban Qurbanov məsələsinə toxunmaq istəmirəm.

 

- Bu fikrin arxasında nə durur? Nəylə əsaslandırardın?

- Fikrin arxasında öz fikrim durur (gülür). Hesab edirəm ki, hələ ki əcnəbi olmalıdı. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
22 Yanvar 2020
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB