TOP 10

Şahrudin Məhəmmədəliyev "Qarabağ"ın tarixinə düşdü

Futbol
Tarix: 2019-12-13 15:00

"Qarabağ"ın qapıçısı, millimizin də üzvü sayılan Şahrudin Məhəmmədəliyev klubunun tarixinə düşüb. Sport24.az xəbər verir ki, 25 yaşlı qolkiper Ağdam təmsilçisinin ardıcıl 6-cı il çıxış etdiyi qrup mərhələsi matçında oynayan ilk azərbaycanlı qapıçı olub.

 

Məhəmmədəliyev bunu son turda Lüksemburqun "Düdelanj" klubuyla Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabıyla nəticələnən görüşdə 90 dəqiqə forma geyinməklə reallaşdırıb. 

 

Məlumdur ki, "Qarabağ" Çempionlar Liqasını (ÇL) da nəzərə alsaq, qrup mərhələsində 36 matç keçirib. Burda qapıçılar arasında oyun sayında aşkar rekordçu bosniyalı sabiq legioneri İbrahim Şehiçdi. Belə ki, təcrübəli qolkiper "Qarabağ"dan gedənədək 4 mövsüm bütün matçları əvəzolunmadan keçirərək 24 matçda iş başında olub. İkinci yerdə Şehiçin həmyerlisi, "Qarabağ"ın hazırda "1 nömrə"si olan Asmir Beqoviç gedir. İngiltərənin "Bornmut" klubundan 4 aylığa icarəyə götürülən, təmsilçimizdən gedişi yanvarda gözlənilən Asmir qrupda ilk 5 görüşdə ümumilikdə 450 dəqiqə oynayıb. Qapıda yerini Beqoviçə verməli olan braziliyalı əvəzləyicisi Vaqner da Silva ötən mövsüm 4 oyunda 360 dəqiqə çıxış edib. Nəhayət, "Qarabağ"ın islandiyalı sabiq qapıçısı Hannes Halldorssonun hesabında 2 qarşılaşma, 180 dəqiqə var. Göründüyü kimi, Şahrudin "Qarabağ"ın qrupda debüt edən 5-ci qapıçısı olub.

 

Ancaq bu, o demək deyil ki, 2016-cı ildən "Qarabağ"ın şərəfini qoruyan Məhəmmədəliyev klublarımızda qrupda debüt edən ilk yerli qapıçıdı. Buna ilk olaraq Andrey Popoviç nail olub. Millimizin sabiq qapıçısı bunu "Qəbələ"nin heyətində Avropa Liqasının qrup mərhələsində 2015/16 mövsümünün son turunda "Krasnodar"a "Bakcell Arena"da 0:3 hesabıyla uduzduqları qarşılaşmada 90 dəqiqə oynamaqla gerçəkləşdirib.

 

İki il ardıcıl, yəni növbəti mövsüm də həmin turnirin qrupunda çıxış edən "Qəbələ"də qapıçıları arasında oyun sayında aşkar lider ukraynalı sabiq legioneri Dmitri Bezotosnıdı - 10 matç. Bir görüşdə Dortmunda "Borussiya"ya 0:4 hesabıyla uduzduqları matçda isə "Qəbələ"nin "çərçivə"sini polşalı sabiq legioneri Davit Pietrzkieviç qoruyub. Bezotosnı qrupdakı təmsilçilərimiz arasında komandanı meydana kapitan kimi çıxaran yeganə qapıçıdı. 

 

Azərbaycanın avrokuboklarda ilk təmsilçisi olan "Neftçi"nin 2012/13 mövsümündə 6 matçda qapısını serbiyalı Saşa Stamenkoviç əvəzolunmadan qoruyub.  

 

Popoviçlə Məhəmmədəliyevun əslən Ukraynalı və Rusiyadan, yəni milliləşdirilən qapıçılar olduğunu nəzərə alsaq, qrup mərhələsində sırf azərbaycanlı əlcək sahibi hələ debüt belə etməyib. 

 

Xatırladaq ki, klublarımız qrup mərhələsində indiyədək 54 matç keçirib. Bunlardan 48-i Avropa Liqasında, 6-sı ÇL-də olub. 

 

 

CBCsport
22 Yanvar 2020
21 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB