TOP 10

"Şerif"in Ağabala Ramazanova təklifinin detalları: "Onu 1 il oynadıb Avropaya çıxarmağı söz verdilər"

Futbol
Tarix: 2019-12-12 10:00

Cari çempionatın ilk yarısının ən uğursuz komandası qış fasiləsinə son pillədə yollanan "Səbail" oldu. Halbuki, ötən mövsümün bürünüc medalçısının heyəti heç də zəif deyil. Xüsusilə də yaxşı yerli futbolçuları, milli üzvləri var ki, onlar arasında Ağabala Ramazanov ön sıralarda durur. 26 yaşlı hücumçunun qış fasiləsində "yarpaq tökümü" gözlənilən "dənizçilər"dən gedəcəyi gözlənilir. Bu perspektiv haqda böyük qardaşı, eyni zamanda meneceri olan Zaur Ramazanovla danışdıq. Azərbaycan çempionu və Kubokunu qalibi, Premyer Liqamızın mövsümün bombardiri olan 43 yaşlı keçmiş hücumçu Sport24.az-a müsahibəsində maraqlı mətləblərdən söz açdı.

 

- Ağabalanın legioner həyatı yaşaması haqda çox danışılır. Hazırda bu istiqamətdə işlər nə yöndədi?

- Ağabala "Səbail"də çıxışını davam etdirir. Klubla yayadək müqaviləsi var. Hələ ortada konkret bir şey yoxdu.

 

- Son pillədə olan komandada oynamaq yaxşı perspektivi olan 26 yaşlı Ramazanovu nə dərəcədə qane edir? Autsayderdə it-bat olur axı...

- Ona bir-iki təklif etdim. Ancaq gördüm ki, hələ fikirləşir, qalıb ortada. Getmək fikri olsaydı, mənə deyərdi ki, harasa getmək istəyirəm.

 

- "Şerif" variantı nə dərəcədə ciddidi?

- Konkret təklif idi, mənim özümə zəng etmişdilər. Sadəcə, getmir, istəmədi bu variantı.

 

- Onu "Səbail"də saxlayan nədir ki, getmək istəmir?

- O da yəqin ki, mənim kimi heç yana getmir. Axı, kimisə məcbur etmək olmaz. Görürsən ki, artıq ailəlidi, uşağı da yeni dünyaya gəlib. Bəlkə buna görədi.

 

- Maraqlıdı ki, cari mövsümün əvvəlində legioner həyatı yaşamağa çox həvəsli idi və qış fasiləsində ölkədən kənara çıxmağı demək olar qətiləşdirmişdi. Nə dəyişdi?

- Sözün düzü, bir-iki dəfə öz aramızda bu haqda danışmışıq. Mənə də eyni şeyi dedi. Bir də görürsən ki, bunu deyir, bir də görürsən ki, başqa şeyi danışır. Qəti bir fikri yoxdu.

 

- Deyəsən, ata olandan sonra dəyişib, ailəyə daha çox bağlı olub...

- Hə, bəlkə də ola bilər ki, oturub nəyisə fikirləşir. Hələ bir qərar verməyib.

 

- "Şerif"lə danışıqların detallarını açıqlayardın...

- Dedilər ki, Ağabalanı görüb bəyənmişik. Azərbaycan çempionatına baxmışıq, bizə uyğundu, millidə oynayır. Yəni özləri bəyənib, onlara kimsə təklif etməyib. Mənim özümün "Şerif"lə əlaqəm yoxdu. Sadəcə, bilirlər ki, vetaran futbolçuyam, Ağabala da kiçik qardaşımdı. Ona görə mənə dedilər ki, yəqin, işlərinə siz qərar verirsiniz, ona görə sizə zəng etmişik. Birbaşa müqaviləyə çağırırdılar. Mənə dedilər ki, razıdırsa, klubuna rəsmi təklifi yollayaq. Ağabala razılıq verməyəndən sonra təklifi elə-belə yollamağın adı yoxdu. Ancaq belə deyim ki, yüzdəyüz təklif idi.

 

- Neçə illik müqavilə imzalamaq istəyirdilər?

- 3 illik. "Şerif"dən 1 həftə vaxt istədim, Ağabalanın həmin dövrdə oyunları var idi. Vaxt tapıb danışdıq. Birinci dedi ki, hə, gedərdim, sonra isə bir az gözləməyi məsləhət bildi. Ola bilər ki, öz rəhbərliyi, yaxud baş məşqçisi ilə nəsə danışıb, orasını bilmirəm.

 

- "Şerif" onun "Səbail"lə 6 aylıq müqaviləsini almağa hazır idi, yoxsa transfer vərəqənini alandan sonra anlaşma imzalamağı?

- Ağabalanın müqaviləsində şərt var ki, xaricə getsə, onu sərbəst buraxacaqlar.

 

- Avropadakı dost-tanışların, keçmiş komanda yoldaşların vasitəçiliyi ilə ora yollanmaq variantı yoxdu?

- Kiprdən ümimi maraq var idi. Orda işləyən gürcü dostum var, o zəng etmişdi. Ancaq qardaşımın getmək fikri yoxdu xaricə hələ.

 

- Bəs, Azərbaycan daxilində klubunu dəyişməyi,  daha iddialı komandaya keçməyi necə?

- Hələ belə fikri də yoxdu. Mənə deməyib ki, Azərbaycanda filan komandada çıxış edərdim. Hələ ki xaricə transfer üzərində götür-qoy edirik. Bəlkə ola bilər ki, qış fasiləsində konkretləşdirdi. Hələ qarşıda kubok matçları var.

 

- Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Keşlə", "Zirə" variantları nə dərəcədə real ola bilər? Bu kimi klublardan səninlə əlaqə saxlayan olub?

- Heç kimlə rəsmi söhbət eləməmişəm. Ancaq inanıram ki, Ağabala Azərbaycanda klubunu dəyimək istəsə, müsbət həll olunar. Klublarla yaxşı əlaqələrim var, işləyənlərin çoxu dost-tanışlardı. Bir şey olsa, Ağabala mənə deyər, danışıq apararam. Ancaq hələ ki klubunu dəyişmək istəmir. Yəqin ki, "Səbail"ə öyrəşib. Mən də o vaxt "Xəzər Lənkəran"da çıxış edəndə, komanda yer tutmurdu, tez-tez baş məşqçi dəyişikliyi olurdu. Rasim Kara gedirdi, Viktor Pasulko gəlirdi, Pasulko gedirdi, başqası gəlirdi. Problemlər vardı, mənə də başqa klublardan təkliflər olurdu, ancaq qalırdım. Öyrəşməkdən də çox şey asıldı. Baxır ki rahatçılıqdı, baş məşqçiyə, klub rəhbərliynə öyrəşib, yaxşı münasibəti var.

 

- Sənin də karyeranla bağlı müəyyən addımlar atmamağına, legioner həyatı yaşamamağına görə pemanşılığın olub çox sonralar. Özündən 17 yaş böyük, az qala ata əvəzində olduğun qardaşına bir yolu göstərisənmi, bu olsa daha yaxşıdı?

- Qabaqlar belə idi ki, deyirdim başqa kluba get, gedirdi. Ancaq indi özü də artıq ailə başçısıdı. Ailə məsələlərinə görə özünün hansısa qərar verməsi mümkündü. Ancaq yenə də mənimlə məsləhətləşir. Harasa getməli olsa, yəqin ki, ilk növbədə mənimlə məsləhətləşər.

 

- Sən özün indiki vəziyyətdə hansı variantı qardaşın üçün ən optimal sayıran?

- Mənə elə gəlir ki. heç olmasa 1 il qırağa çıxıb özünü yoxlaya bilərdi. 3 il çoxdu, ancaq 1 il oynayasaydı, ordan Avropaya çıxış daha rahatdı. Görüsən ki, "Şerif"dən çox futbolçunu satırlar. Moldovadan qonşu ölkə Rumıniyaya çıxmaq variantı realdı. "Şerif"dən mənə dedilər ki, fikrimiz odur Ağabala 1 il bizdə oynasın, sonra onu Avropaya çıxaraq. Bunu söz vermişdilər. Bu klubun təkcə rəhbərliyi yox, baş məqşçi də qardaşımı istəyirdi. Bütün bunları Ağabalaya danışdım. Hətta elə oldu ki, özü də menecerlə danışdı. Hələ ki fikri qəti deyil.

 

- Qış fasiləsində fikrini qətiləşdirmək imkanı qalır, yoxsa "Şerif" söhbəti artıq bağlanıb?

- Onlara qəti fikrimi dedim ki, getmək istəmir. Mənə demişdilər ki, "hə-yox"u deyin, çünki həmin mövqeyə futbolçu axtarırıq. Fikrinizi bilək, tam bir variant üzərində dayanmayaq. Mən də alınmadığını söylədim. Bunun hansı məsələ ilə bağlılığını, maddi şərtlərdən narazı olduğunu da soruşdular. Dedim ki pul söhbəti deyil, özü getmək istəmir. Onu deyim ki, "Şerif"in maddi təklifi yaxşı idi.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
19 Sentyabr 2020
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB