TOP 10

Turun "5-liy"i: Süleymanov fərqi, "Qarabağ" üçün fərqli nəticə

Futbol
Tarix: 2019-12-09 16:24

Azərbaycan Premyer Liqasında cari mövsümün XIV turu bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

 

Həşimovun Nicatı

"Zirə" ikinci dövrədən baş məşqçisi olan Zaur Həşimovun rəhbərliyi altında ilk böyükhesablı qələbəsini qazanıb. Bu, "Səbail"i evdə 4:1 hesabıyla məğlub etdiyi görüşdə baş verib. Qələbədə əsas pay sahibi ilk hissədə dubla imza atan gənc futbolçusu, bu mövsüm "Qarabağ"dan icarəyə götürdüyü Nicat Süleymanov olub. Həşimovun gəlişindən sonra 21 yaş limitində oynayan bu sol cinah oyunçusu Premyer Liqamızın arxada qalan ilk yarısında 2 dubl edən ilk futbolçu olub. Maraqlıdı ki, 21 yaş yarımmüdafiəçi ilk dubluyla da Həşimovu "Zirə"də ilkə qovuşdurmuşdu. Bu, 38 yaşlı mütəxəssisin "Sabah"la 2:2 hesabıyla nəticələnən səfər matçında qazandığı ilk xal idi. Sadəcə, onda Nicat hər hissədə bir dəfə fərqlənən - 22-ci dəqiqədə hesabı açan, 88-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən olmuşdu. Budəfəsə Süleymanov 15 dəqiqəyə (5-ci və 20-ci dəqiqələrdə) öz sözünü deyib.

 

 

Bir komandadan iki futbolçuya qırmızı vərəqə göstərilsə də...

Bu turda qırmızı vərəqələr bir oyunda, özü də bir komandaya verilib. Bu, "Sumqayıt" - "Qəbələ" görüşündə baş hakim Vüqar Həsənlinin ağır cəzası nəticəsində reallaşıb. "Qəbələ"nin qapıçısı, eyni zamanda kapitanı olan Anar Nəzirov 65-ci dəqiqədə rəqibi vurduğuna görə birbaşa qırmızı vərəqə alıbsa, sağ cinah müdafiəçisi Qismət Alıyev bundan 21 dəqiqə sonra 2-ci sarı vərəyəqə görə meydandan çıxarılıb. 

 

Düzdür, bunadək 2 dəfə bir komandadan 2 qırmızı vərəqə alan olub. Bu, ilk dəfə "Sumqayıt"da gerçəkləşib ki, baş hakim Səbuhi Bayramov "Neftçi"ylə "Bakcell Arena"da III turun görüşündə yarımmüdafiəçi Murad Xaçayevlə müdafiəçi, kapitan Vurğun Hüseynovu (birbaşa) meydandan qovub. "Sabah" isə ikinci dövrənin ilk turunda "Keşlə"ylə səfər matçında xorvatiyalı müdafiəçi Filip İvanoviç 2-ci sarı vərəqəyə görə oyundan çıxaran baş hakim Kamal Umudlu oyundan sonra ona təzyiq edən millimizin üzvü Təmkin Xəlilzadəyə birbaşa qırmızı vərəqə göstərmişdi.

 

Sumqayıtdakı matçda isə qırmızı vərəqələrlə bağlı vəziyyət fərqlidi. Məsələ ondadır ki, indiyədək heç bir halda 11-9-a matç oynanılmayıb. Özü də Qismət meydandan çıxarılanda 86-cı dəqiqə olub və 7 dəqiqə əlavə edildiyini nəzərə alsaq, "Sumqayıt" 11 dəqiqə meydanda 2 nəfər say üstünlüyə malik olub. Ancaq meydan sahibləri qələbə topunu vura bilməyərək, 1:1 hesablı bərabərliklə kifayətlənməli olub. 

 

 

İlk acını çəkən Bordin oldu - Baxşıyev, diqqətli olun!

Məlumdur ki, yeni qaydalara əsasən artıq rəsmi şəxslərə - məşqçilərə də sarı vərəqələr göstərilir və onların sayı hesablanaraq limiti aşan cəzalı durum olub. Bunun ilk acısını çəkən "Neftçi"nin baş məşqçisi Roberto Bordin olub. 54 yaşlı italiyalı mütəxəssis 4 sarı vərəqə aldığına görə ilin son turunun matçını - "Sabah"la Masazırdakı görüşü tribunadan izləməq məcburiyyətində qalıb. "Neftçi" Bordinsiz bu dəfə də inamlı qələbə qazanıb - 2:0. Məsələ ondadır ki, italiyalı çalışdırıcı Premyer Liqamızda debütü olan ötən mövsümdə "Səbail"lə ilk dövrədə "Bakcell Arena"dakı matçı "texniki zona" qaydalarını pozduğundan cəzalı vəziyyətə düşərək tribunadan izləmişdi. Onda da Füzuli Məmmədovun rəhbərliyi altında meydana çıxan "Neftçi" 4:0 hesablı qələbəyə sevinmişdi. 

 

Sarı vərəqəyə görə cəzalı duruma düşməməklə bağlı diqqətli olmaq artıq Elmar Baxşıyevin növbəsidi. Çünki "Qəbələ"nin baş məşqçi əvəzi son turda da hakimin qərarına etiraza görə sarı vərəqə alıb və bu, onda cari çempionatda 3-cüdü. Yəni, növbəti "sarı" 39 yaşlı mütəxəssisin "texniki zona"da ola bilməyəcəyi deməkdi. 

 

 

"Qara yubiley"

"Səbail" üçün bu turda yubiley olub. Ancaq bu, "qara yubiley"di. Belə ki, komanda qələbəsiz matçlar seriyasını 10-a çatdırıb. Aftandil Hacıyevin yetirmələri ikinci dövrəni çox uğursuz keçirərək topladığı cəmi 2 xal nəticəsində liderlər qrupundan son pilləyə enib. "Səbail" son dəfə qələbə sevincini 3 ay əvvəl - IV turda "Keşlə"ni "Bakcell Arena"da 2:1 hesabıyla məğlub edərkən yaşayıb. 10 oyunluq qələbəsizlik həm cari çempionatın antirekordudu, həm də "Səbail"in 4 illik tarixinin.

 

 

"Qarabağ"ın ən aşağı göstəricisi

Məlumdur ki, "Qarabağ" son 6 mövsümda qızıl medalların sahibidi və bu illərdə eyni zamanda qış çempionu olub. Qurban Qurbanovun komandası cari mövsümdə də qış çempionu olaraq işin yarısını yenə yerinə yetirib. Ancaq ikinci dövrədə nəticə zəif olub. Özü də "Qarabağ" bu mövsümdə heç vaxt nail ola bilmədiyi - ilk dövrədə yüzfaizli nəticəni göstərəndən sonra 7 oyuna cəmi 10 xal toplayıb. Ağdam klubunun çempionluq mövsümlərinə nəzər salsaq, ikinci dövrədə belə zəif nəticəni göstərmədiyinin şahidi olarıq:  2013/14 - 18 xal, 2014/15 - 20, 2015/16 - 22, 2016/17 - 18, 2017/18 - 13. Onu da nəzərə alaq ki, ilk 3 mövsümdə Premyer Liqamızda komanda sayı 10 olduğundan bir dövrədə 9 tur keçirilirdi. Artıq 3-cü mövsümdü komanda sayı 8 olduğundan bir dövrə artıq 7 turdan ibarətdi. "Qarabağ" əvvəlki 6 mövsümdə ikinci dövrədə orta hesabla ən azı 2 xal toplayırdısa, ilk dəfə bundan da aşağı göstəriciyə imza atıb.  

 

Xatırladaq ki, "Qarabağ" ikinci dövrədə yalnız "Səbail"lə "Sabah"ı eyni - 1:0 hesabıyla məğlub etməklə qələbələrini qazanıb, "Neftçi" (0:0), "Qəbələ",  "Zirə" (hər ikisi 1:1), "Keşlə"ylə (2:2) bərabərliyə qalıb, ilk məğlubiyyətini "Sumqayıt"dan alıb - səfərdə 0:1. 

CBCsport
26 Yanvar 2020
25 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB