TOP 10

"Qurbanovu Gürcüstanda 2-3 klub istəyir, Qazaxıstanda da 2 variantı var, bizə onu saxlamaq çətin olacaq"

Futbol
Tarix: 2019-12-07 14:18

"Azərbaycandan ölkəmizdən 2 futbolçu legioner həyatı yaşayır. Fuad Bayramovun çıxışı haqda heç deyə bilmərəm. Ancaq Nicat Qurbanov mənə yaxşı tanış olduğundan, ona qiymət verə bilərəm. Axı, o, bizim futbolçudu və özünü çox yaxşı tərəfdən göstərir". Bu fikirləri Sport24.az-a açıqlamasında Gürcüstanın "Samtredia" klubunun idman direktoru Mixail Xutsişvili bildirib. 

 

Ölkəmizdə vaxtilə legioner həyatı yaşamış bu keçmiş hücumçu "Qəbələ"də çıxış edən həmyerliləri - Davit Volkovla Merab Qiqaurinin meneceri olsa da, əsl işi klub funksioneridi. Özü də bu, "Neftçi", "Zirə" və "Kəpəz" və "Sumqayıt"ın sabiq futbolçusu olan Nicat Qurbanovun bu ilin ikinci yarısında çıxış etdiyi "Samtredia"dı. Bu klub yaxın keçmişdə ölkə çempionu olaraq "Qarabağ"la "Qəbələ"yə avrokuboklarda rəqib olsa da, indi birinci liqada çıxış edir. 

 

Xutsişvili azərbaycanlı gənc həmkarından çox razıdı: "Nicat komandamız üçün çox vacib qollar vurub. Bolnisi "Sioni"siylə 2 gün öncə yüksək liqaya çıxmaq uğrunda pley-offa matçı keçirdik. Demək olar sonadək oynadı və yaxşı təsir bağışladı. Səfərdən qolsuz bərabərliklə qayıtdıq. Dekabrın 11-də evdə evdə cavab qarşılaşmamız var. Qalib gəlsək, yüksək liqada çıxış edəcəyik. Yeri gəlmişkən, Nicatın bizimlə müqaviləsi bitir. Burda yüksək liqanın 2-3 klubu onu istəyir. Qazaxıstandan da 2 variantı var. İndi bu məsələni müzakirə edirik ki, Qurbanovun gələcək taleyi necə olacaq".

 

Mixail hesab edir ki, Nicatın bir futbolçu kimi səviyyəsi Gürcüstanın yüksək liqası üçündü: "O, birinci liqanı üstələyir. Yüksək liqaya çıxacağıqsa, çalışacağıq ki, Qurbanovu saxlayaq. Ancaq düşünürəm ki, bu, bizə çətin olacaq  Çünki onun başqa variantları var. Nicatın şəxsi meneceri deyiləm. Sadəcə, ona burda klub karyerasında kömək edirəm. Qurbanovu istəyənlər mənə müraciət etmişdilər. Sadəcə, demək istəmirəm ki, konkret hansı klublardı".

 

Məlumdur ki, Nicat ötən mövsüm bitəndən sonra "Sumqayıt"ı tərk edərək ümumiyyətlə, futboldan getmək fikrinə düşmüşdü. Xutsişvili bundan xəbərdar olduğunu diqqətimizə çatdırdı: "Bu yay Bakıya gələrək Merabın "Qəbələ"ylə müqavilə imzaladığımız zaman Nicat mənə təklif olundu. Deyildi ki, çox yaxşı futbolçudu, sadəcə, həmin dövrdə psixoloji planda gərgin bir vəziyyətdə idi, daha futbol oynamaq istəmirdi. Onunla söhbət etdik və ortaq məxrəcə gəldik. Nicatı razı saldım ki, bura gəlməlidi. Çünki yaşlı futbolçu deyil, hələ 26-27 yaşı var və indi mütləq oynamalıdı. Hesab edirəm ki, zamanında düzgün addım atdıq. Onu da deyim ki, Qurbanov insan kimi də çox yaxşıdı. Kollektivdə superdi, futbolçularla dostluq edir. məşqçilərlə heç bir problemi yoxdu. Həm insani keyfiyyətləri yüskəkdi, həm də əsl peşəkar futbolçudu. Bizə çox kömək edir. Düşünürəm ki, pley-off mərhələsində də yüksək liqaya çıxmaqda komandamıza yardımçı olacaq".

 

Qeyd edək ki, "Keşlə"nin ötən yay yollarını ayırdığı 25 yaşlı Bayramov Gürcüstanın yüksək liqa təmsilçisi "Rustavi"də çıxış edir.

 

 

 

MEHMAN SÜLEYMANOV

football24
18 Sentyabr 2020
B.eÇ.aÇC.aCŞB