TOP 10

Volkov "Qəbələ"dən yeni təklif gözləyir, qeyri-stabil saydığı çempionatımızın bombardiri olmaq iddiasındadı: "Mənə Azərbaycandan da maraq var, kənardan da"

Futbol
Tarix: 2019-12-05 12:21

"Qəbələ" cari mövsümdə uzun müddət qol vura bilməsə də, baş məşqçi dəyişikliyindən sonra bu problem aradan qalxdı. Əvvəl "Qəbələ"nin yetirmələri fərqləndirdisə, sonradan Davit Volkov səhnəyə çıxdı. 24 yaşlı gürcü hücumçu artıq 5 qolla "Qəbələ"nin bombardiridi. Klubiyla müqaviləsi bitmək üzrə olan Volkov Sport24.az-a müsahibəsində gələcək taleyindən, bombardirlik iddiasından və digər məqamlardan danışdı. 

 

- Son turda "Zirə" ilə matçda çox istəkli idiniz, ilk dəqiqələrdən aqressiv oyun göstərdiniz. Bunu nəylə izah edərdin?

- Bu matç bizim üçün çox vacib idi. Qələbənin dəyəri böyük olduğundan, komandanın buna nail olmaq istəyi çox idi. Fikrimcə, belə inamlı oynamağımız bundan qaynaqlanırdı.

 

- Ancaq onu da nəzərə alaq ki, ötən tur "Neftçi"yə böyük hesabla uduzmuşdunuz, "Zirə" isə "Keşlə" üzərində inamlı qələbə qazanmışdı. Necə ola bilər ki, bu dəfə hər şey tam əksinə oldu?

- Azərbaycan çempionatı elədir ki, başa düşmürsən kim növbəti turda udacaq, kim uduzacaq. Qeyri-stabil çempionatdı, hamı bir-birinə qalib gələ bilər. 

 

- "Qəbələ"də də stabillik çatmır. Bunun əsas səbəbini nədə görürsən?

- Gərək, bütün komanda bunun üzərində işləsin ki, stabilliyi əldə edək, onu saxlayaq. 

 

- Bu il çempionatı "Sumqayıt"la səfər matçı ilə bitirəcəksiniz. Böyükhesablı qələbədən sonra eyforiyada olmayacaqsınız? Çünki cari çempionatda bunun acısını çəkən çox komanda olub...

- Bəli, belə şeylər olur. Ancaq dediyim kimi, Azərbaycan çempionatında matçlara proqnoz vermək olmur. Bilmək olmur ki, növbəti turda kim qalib, kim məğlub tərəf olacaq. Sadəcə, ciddi hazırlaşmaq lazımdı ki, onda yəqin, nəticə olacaq. Komandamız mövsümün gedişində forma yığdı. Hesab edirəm ki, hazırda çox yaxşı formadadı. 

 

- Şəxsi fikrim belədir ki, Davit Volkov mərkəz hücumçusu mövqeyində cinah yarımmüdafiəçisi ilə müqayisədə çox yaxşı oynayır. Burda daha inamlısan, daha aqressivsən...

- Razıyam. Bu, faktdır ki, mərkəz hücumçusu kimi oynamağa başlayandan qol vurmağa başladım. 

 

- Maraqlıdı, bunadək Gürcüstanda mərkəz hücumçusu mövqeyində çıxış etmisən?

- Bəli, çox olub. Son klubum "Saburtalo"da həmişə sağ, sol cinah vingeri mövqeyində çıxış edirdim. Orda mərkəz hücumçusu mövqeyində nadir hallarda oynayırdım. Tiflis "Dinamo"sunda, "Çixura"da, "Sioni"də isə məni hücumun mərkəzinə çox qoyurdular. Onda çox qol vurmurdum, ancaq vururdum. 

 

- Mövqeyində yerdəyişmə ilə bağlı baş məşqçin Elmar Baxşıyevlə fikir mübadiləsi apardın ki, bundan sonra belə qərar verildi?

- Baxşıyev məndən soruşdu ki, sənə harda oynamaq daha rahat, daha yaxşı olacaq. Mən də mərkəz hücumçusu mövqeyini, orda özümü çox yaxşı hiss etdiyimi diqqətinə çatdırdım. Ancaq problem yoxdu, harda qoyacaq, orda da oynayacağımı sözlərimə əlavə etdim. 

 

- Çempionatımızın bombardiri olan "Keşlə"nin hücumçusu Lorenzo Frutosdan cəmi 1 qol geridəsən. Qarşına belə məqsəd qoymusan ki, mövsümün ən sərrast oyunçusu olasan?

- Bəli. Hücumçunun həmişə belə məqsədi olur ki, çempionatın bombardiri olsun. Mən də bu sıradanam.

 

- Səmimi cavabını bəyəndim. Çünki çox həmkarın deyir ki, bombardirlik haqda düşünmürəm, mənim üçün əsas qol vurmaq yox, komandanın nəticəsidi...

- Komandanın uğuru aydındı, bunu başa düşürəm. Ancaq məndən soruşanda ki, çempionatın bombardiri olmaq istəyirsən, buna səmimi olaraq "hə" cavabını verirəm. Ona görə ki, hücumçuyam, ilk növbədə qol vurmalıyam. Çempionatın bombardiri olmalıyam. 

 

- Səncə, buna şansın realdı? Onu nəzərə alaq ki, çempionatımızın bombardirlərində məhsuldarlıq aşağıdı, aralarındakı qol sayında fərqq azdı...

- Fikrimcə, bombardir olmağım realdı. Hazırda bu futbolçular siyahısına başçılıq edəndən cəmi 1 qol geri qalıram. Bu isə elə bir fərq deyil.

 

- Azərbaycan çempionatının bombardiri olmaq üçünsə mövsümün sonunadək burda çıxış etməlisən. "Qəbələ"ylə müqavilən bu ilin sonunda bitir. Qış fasiləsində taleyin necə olacaq? Azərbaycan mətbuatında adın müxtəlif klubların ətrafında hallanır...

- Bəli, eşitmişəm. Ancaq bu haqda danışmadığımdan, suallara cavab vermədiyimdən, yazılanları normal saymıram. 

 

- Yaxşı, mən bu haqda sənə konkret sual verirəm. Cavabın necə olacaq?

- Bilmirəm. Ümumiyyətlə, indi deyə bilmərəm ki, hər şey necə olacaq. Zaman göstərəcək.

 

- Deməli, yeni təkliflər gözləyirsən?

- Bəli, o cümlədən "Qəbələ"dən.  

 

- Baxşıyev onu mətbuata bildirdi ki, gələcək taleyinlə bağlı söhbətiniz olub. Ona bildirmisən ki, "Qəbələ"də çıxışını davam etdirmək istəyirsən və ilk növbədə bu klubun yeni müqavilə təklifini nəzərdən keçirəcəksən...

- Bəli, elədi. Özümün də istəyi var ki, "Qəbələ"də qalım. Burda özümü çox yaxşı hiss edirəm. İnanıram "Qəbələ" mənə müqavilə verər ki, bundan razı olacam. 

 

- Yəqin, xəbərdar olmazsan ki, "Qəbələ" yeni sponsor axtarışındadı və qış fasiləsindən komandanın taleyi sual altındadı...

- Bu haqda heç nə demək istəmirəm. İndi "Qəbələ" çox yaxşı komandadı və istəyirəm ki, hər şey daha yaxşı olsun. 

 

- Menecerin sənə digər variantlar olması haqda məlumat verib?

- Bəli, mənə maraq var.

 

- Azərbaycandan, yoxsa..?

- Azərbaycandan da var, başqa ölkələrdən də. Baxaq görək, kim yaxşı təklif edəcək. Hələ bilmirəm.

 

- "Qəbələ" sənə əvvəlki müqavilə şərtlərini təklif etsə, bu, səni qane edəcək?

- Bilmirəm, bu, artıq şəxsi məsələdi. Hər şeyi dekabrda danışıqlardan sonra biləcəyik. Onda yüz faiz bilinəcək ki, "Qəbələ"də qalacam, yoxsa başqa kluba keçəcəm.

 

- "Qəbələ"də maddi vəziyyətində bir sıxıntın yoxdu?

- Yox. "Qəbələ"də 1 ilə yaxın çıxış edirəm, heç vaxt belə vəziyyət olmayıb ki, maddi məsələdə axsama olsun. Aylıq maaş da, mükafat da vaxtında olub. Bu planda hər şey qaydasındadı. Nə deyiblər, onu vaxtında ediblər.

 

- Cəmi 24 yaşın var. Azərbaycan çempionatı yüksək səviyyə deyil. Daha güclü çempionatı keçmək haqda düşünürsən?

- Əlbəttə, istərdim. Bu, artıq başqa səviyyədi, futbolçu kimi artırmaq olar. Ancaq bunun üçün təklif olmalıdı ki, bunu da gözləyirəm. Yaxşı təklfi olsa, güclü komanda mənimlə maraqlansa, bu, mənim üçün yaxşı olacaq. 

 

- Belə başa düşdüm ki, Gürcüstana qayıtmaq planlarında yoxdu?

- Yox. Bilmirəm gələcəkdə necə olacaq, ancaq hazırda planlarımda yoxdu.

 

- Niyə? Orda səviyyə aşağıdı, yoxsa pul?

- Maddi durum normaldı. İndi bu planda vəziyyət düzəlir. Sadəcə, özüm yenidən orda oynamaq istəmirəm. Mənə burda, digər ölkədə çıxış etmək rahatdı. Azərbaycan xoşuma gəlir, burda mənə yaxşıdı. 

 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
07 Avqust 2020
06 Avqust 2020
B.eÇ.aÇC.aCŞB