TOP 10

Təmkin Xəlilzadə yeni baş məşqçilərinin onlardan tələblərini açıqladı: "...haqqımızı yedilər"

Futbol
Tarix: 2019-12-02 23:59

"Sabah"ın futbolçusu Təmkin Xəlilzadə evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XIII tur qarşılaşmasından sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, 26 yaşlı cinah oyunçusu öncə matçı dəyərləndirib.

 

- Bu görüşə yeni baş məşqçinin rəhbərliyi altında hazırlaşmağa çox da vaxtımız olmadı. Jelko Sopiçlə 2-3 məşqimiz oldu. Matç isə gözlədiyimizdən də çox yaxşı alındı. Çox əziyyət çəkdik, bu, özünü aydın göstərirdi. 90 dəqiqə vuruşduq. Evdə çıxış edirdik və rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz 3 xal idi. Hesabda geri düşdükdən sonra isə bərabərlik qolunu vuraraq, 1 xal qazanmaq istəyirdik. Amma rəqib də sıradan deyildi, son illərin çempionuna qarşı oynayırdıq. Bu dəfə alınmadı, amma belə görünür ki, bu oyunla gələcəkdə daha yaxşı nəticələr göstərmək olar. 

 

- Səncə, qələbə üçün nə çatmadı?

- Məncə, hücumda çoxala bilmədik. Top itkiləri də az olsaydı, istədiyimiz hücumları qura bilərdik. Bir də matçın sonlarında penalti epizodumuz oldu. Onu yaxından görmədim. Oyundan sonra baş hakim Əliyar Ağayevə yaxınlaşdım. Ondan epizodu dəqiqliklə görüb-görmədiyini soruşdum. O da "gördüm" cavabını verdi. İndi səbirsizliklə epizodun təkrarını gözləyirəm. Həqiqətən də penalti var idisə, məncə, haqqımızı yedilər. Penalti olsaydı, ən azı 1 xal qazana bilərdik. Epizoda baxmaq lazımdı.

 

- Yeni baş məşqçiniz komandaya hansı yeniliyi gətirib?

- Gəldiyi gündən bizə meydanda nə istədiyini izah etdi. Bildirdi ki, kompakt halda çıxış etməyimizi istəyir. Xətlər arasında boşluqlara yol verməyin əleyhinədi. Nə dərəcədə alınıb-alınmadığını, yəqin ki, analiz apardıqdan sonra deyəcək, səhvlərimizi göstərəcək. Şəxsi fikrim belədir ki, rəqibimizə qarşı pis müdafiə olunmadıq və pis vuruşmadıq. Sadəcə, qolumuz çatışmadı. 

 

- Mövsüm ərzində ilk dəfə meydana 8 yerli futbolçunun çıxmasının səbəbini nədə görürsən?

- Komandamız əsasən yerli futbolçulardan təşkil olunub. Düzdür, legionerlərimiz də var, amma kimin oynayıb-oynamayacağına baş məşqçimiz qərar verir. Məncə, yerli futbolçular pis təsir bağışlamadı. Komanda şəklində doğrudan da çox əziyyət çəkdik.

 

- Heç iki sutka keçmədən Azərbaycan Kubokunda "Ağsu" ilə 1/8 final oyununa çıxacaqsınız. Bu, sizə çətin olmayacaq?

- Əlbəttə, olacaq. Amma bu, işimizdi. İndi evə gedib 7-8 saat yatacağıq və sabah saat 14:00-da məşqimiz olacaq. Planımıza uyğun hərəkət edəcəyik. 

 

- Hücum xəttinizdəki boşluqlar və qol vurmaqda çətinlik çəkməyiniz legioner hücumçuların aşağı səviyyəli olmaları ilə əlaqədar deyil?

- Deməzdim. Ulis və Amadu Diallo, eləcə də Hendrik Ekşteynin hərəyə 3 qolu var. Məncə, məhsuldarlıqları o qədər də pis deyil. Bu oyunda hücum xəttində Amadu ilə mən oynayırdım. Bu, mənim üçün yad mövqe deyil. Amma indiyədək çox vaxt müdafiədə çıxış etdiyimdən, qol epizodlarına girməkdə çətinlik çəkdim. Elə də aşkar qol epizodlarımız olmadı. Sonradan Ulis Diallo, Ekşteyn və Rocer Roxas oyuna girdi. Amma qol vurmağa vaxtımız və ya gücümüz çatmadı.   

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB