TOP 10

Ayxan Abbasov komandasından əsas istəyini açıqladı: "Futbolçularımız "Qarabağ"dan qorxmurlar, qorxmağa da lüzum yoxdu"

Futbol
Tarix: 2019-11-21 16:00

Premyer Liqamızda ikihəftəlik fasilədən sonrakı tur artıq sabah başlayacaq. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti matçı gələn həftə olacağından, XII tur onun oyunuyla tez başlayır. Premyer Liqamızn aşkar liderini qonaq edəcək "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sport24.az-ın suallarını cavablandırıb. 

 

- Çempionatımızdakı növbəti ikihəftəlik fasilədən necə yararlana bildiniz?

- Əlbəttə, tam heyətlə hazırlaşa bilmədik, çünki milli komandalarla futbolçularımız çox idi. Əsasən U-21-də, 2 futbolçumuz da millidə. Fasilədə "Zirə"ylə yoxlama matçı keçirdik. Az şans verdiyimiz futbolçuları da iş başında görmək istəyirdik. Çünki dekabrda sıx qrafik var ki, bu da kubokla bağlıdı. İstəyirik ki, hamı hazır olsun, çünki hamıya ehtyacımız olacaq. Şükür Allaha, zədəlimiz yoxdu. 

 

- Yəni, cəzalınız da yoxdu və liderlə matça itkisiz hazırlaşırsınız...

- Zədəlimiz yalnız Murad Xaçayevdi, bildiyiniz kimi, çoxdandı sıradan çıxıb. 

 

- Yeri gəlmişkən, 21 yaş limitində olan bu mərkəz yarımmüdafiəçisini nə vaxt yaşıl meydanda görə bilərik?

- Onun köhnə əməliyyatından ağrıları oldu, bizimlə də bərpa keçdi. Ancaq komandayla hazırlığa yeni başlayıb və ümid edirik ki, yaxın zamanda tam bərpa olunar.

 

- "Sumqayıt" son 2 turda səfərdə uğurla çıxış edərək 4 xal topladı. Bu mənada fasilə nə dərəcədə yerinə düşdü? Ümumiyyətlə, belə uzun pauzalar komandaya oyun tonusundan düşməmək baxımından necə təsir göstərir?

- Bu fasilənin həm müsbət, həm də mənfi cəhətləri var. Epizodlarla olur ki, komanda yorğun olur və bu fasilənin həqiqətən də xeyri olur. Ancaq epizodlarla da olur ki, komanda yüksəlişdə olur və onu yenidən çempionatın ab-havasına salmaqda bir az çətinlik çəkirsən. Məncə, böyük bir fasilə olmadı. İnanıram ki, futbolçularımız qarşıdakı bir ayın həlledici olmasını dərk edir. Çünki qış fasiləsi öncəsi son aydı. Yəqin ki, ikihəftəlik bu fasilə gücümüzü daha da artırdı və növbəti vacib matçlara hazır olacağıq.

 

- Fasilədən dərhal sonra çempionatımızın aşkar lideriylə matç. Nə dərəcədə yerinə düşür?

.- Əlbəttə, bu gün çempionatımızda yaxşı komandalar çoxdu. Onlardan bir də "Qarabağ"dı. Hər biriylə qarşılaşmalıyıq. Fərqi yoxdu ki, bu, fasilədən dərhal sonradı, yaxud ikinci matç. Əsas odur ki, komandama, yaxşı mübarizə aparacağımıza inanıram. Son oyunlarda da o istəyi görmək istəyirəm. Bu, olsa, Allahın izniylə öz meydançamızda yaxşı futbol sərgiləyəcəyik.

 

- Yəni, futbolçularınızda qarşılarında çox güclü rəqib olduğuna görə dizlər əsməyəcək...

- Yox. Həmişə rəqibdən asılı olmayaraq, futbolçularımı meydançada rahat, inamlı oynamağa çağırıram. Əsas oyunda dügün fikirləşməkdi. Düz fikiləşib, səhv etmək daha yaxşıdı, nəinki qorxub səhv etmək. Düzdür, gənc futbolçularımız var. Onlara da belə oyunlar vacibdi, çünki belə matçlarla "bərkiyirlər". Gənclərimiz hər gün gözümün qabağında inkişaf edirlər. Məncə, rəqibdən qorxmurlar, qorxmağa da lüzum yoxdu. İnşallah, yaxşı mübarizə aparacağıq.

 

- Əsas diqqəti nə qədər öz komandanıza yönəltəsiniz də, rəqibi də nəzərə almaq lazımdı. O mənada ki, "Qarabağ"ı artıq növbəti həftə İspaniyada "Sevilya" kimi güclü rəqiblə ağır sınaq gözləyir. "Qarabağ"ın heyəti nə qədər geniş olsa da, millidə də xeyli futbolçusu vardı və rotasiya qaçılmazdı. Bütün bu amillər rəqibin oyununa təsir edə, sizə az da olsa üstünlük verə bilərmi?

- Yox, elə fikirləşmirəm. Çünki "Qarabağ" son 10 ildə bu qrafikdə çıxış edir, o balansı tuta bilir. Bir şeyi də nəzərə alaq ki, bazar yox, cümə günü çıxış edirik. Bunu "Qarabağ"ın Avroliqa matçına görə ediblər. Bu zaman rəqibimizin dincəlmək vaxtı daha çox olur. Sevilayadakı matçadək 6 gün vaxtı olacaq. Bu, böyük müddətdi, demək olar həftəlik tsikldi. Məncə, "Qarabağ" bu dəqiqə hər iki oyunu fikirləşir. İlk olaraq diqqətlərini qarşıdakı, yəni bizimlə görüşə yönəldiblər. İnanmıram ki, kiməsə istirahət versinlər. Ona görə ki, yetərincə vaxt var İspaniyadakı qarşılaşmayadək.   

 

- "Sumqayıt"ın "Qarabağ" üzərində son qələbəsi 4 il əvvəl olub. Komandanız bu rəqiblə son 6 matçda isə ümumiyyətlə, qol vurmadan məğlubiyyətləri sıralayır. Bu amil futbolçularınıza psixoloji təsir göstərə, ruh düşkünlüyü yarada bilərmi ki, "Qarabağ"a heç cür bata bilmərik?

- Bunu tək "Sumqayıt"a aid etmək olmaz. Digər komandalarımız da var ki, "Qarabağ"a qalib gələ bilmirlər, ən yaxşı halda bərabərlik edirlər. Bu da rəqibin gücündən irəli gəlir. Yəni, "Qarabağ" son illərdə çempionatımızda aşkar favoritdi, aşkar güclü olması nəticəyə təsir edir. Futbolçularımdan meydançada mübarizə istəyirəm. Əsas odur ki, çəkinmədən mübarizə aparaq. Əlbəttə, çalışacağıq ki, qol da vuraq, nəticə də qazanaq. Bunu hər matçda istəyirik. 

 

- Ayxan Abbasov "Neftçi" kimi güclü rəqibi üstələyə bilib. Ancaq nə "Sumqayıt"da, nə də baş məşqçi kimi ilk klubunuz olan "Zirə"də "Qarabağ"ı məğlub edə bilmisiniz. Qarşınızda bir hədəf varmı ki, nəhayət, buna da nail olasınız?

- Belə deyək ki, sırf hansısa bir komandanı götürmürük. Amma mən də bir baş məşqçi kimi komandamı hər qarşılaşmaya yaxşı hazırlamaq istəyirəm. "Qarabağ" da bunu edir, bizə qarşı aqressiv olur. Nəticə də ondan irəli gəlir. "Qarabağ"a məğlub olsaq da, həmişə maraqlı mübarizə olub. Hər bir məşqçinin məqsədi var ki, hər oyunda qalib gəlsin, məğlub olmasın. Biizm də məqsədimiz bunlardı.

 

MEHMAN SÜLEYMANOV

CBCsport
08 Dekabr 2019
07 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB