TOP 10

Elxan Məmmədov millinin AVRO-2020-də çıxışına qiymət verdi, AFFA prezidenti olmaq istəmədiyini açıqladı: "Yeni baş məşqçi təyinatı olsa, axtarışlarımız uzun çəkə bilər"

Futbol
Tarix: 2019-11-20 11:00

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın AVRO-2020-nin seçmə mərhələsini başa vurduğu Slovakiya yığması ilə səfər oyunundan sonra brifinq keçirib. Qurum rəsmisi Sport24.az-ın Bratislavaya ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb. 

 

- Milli komandanın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışı ilə bağlı fikrinizi öyrənmək istərdik. 

- İlk növbədə fürsətdən istifadə edərək, millinin son matçına dəvətimizi qəbul etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bu, Azərbaycan futbolu tarixində ən çətin qrup idi. Çünki qrupumuz beş komandadan ibarət oldu. Reytinqə baxsaq, qrupumuzda bizdən zəif, hətta bizə yaxın komanda da yox idi. Düşünürəm ki, psixoloji olaraq hər oyun özündən daha yaxşı komanda ilə meydana çıxmaq çox çətindir. Ona görə bu, baş məşqçi, futbolçular və milli komanda üçün həqiqətən də çətin maneə idi. Buna baxmayaraq komanda hər oyun inkişaf edirdi. Nikola Yurçeviç məsuliyyəti dərk edir və məsuliyyəti öz boynuna götürərək komandaya yeni futbolçular da dəvət edib. Yurçeviç komandaya gələndə yoldaşlıq oyunu keçirməyə belə vaxt olmadı. Dərhal seçmə mərhələyə başladıq. Bu yaxınlarda Bəhreynə qarşı yoldaşlıq oyunu keçirdik. Digərləri isə rəsmi oyunlar idi. Komandamız oyunların əksəriyyətində qol vurmağı bacardığını göstərdi. Təbii ki, biz hər oyuna 3 xal üçün çıxırdıq. Amma unutmayaq ki, özümüzdən qat-qat daha güclü rəqibə qarşı oynayırdıq. Buna baxmayaraq sevindirici haldır ki, nəsildəyişilmə prosesi başladı. Slovakiya ilə görüşdə yeni oyunçuları da gördük. Bu bizim üçün psixoloji baxımdan vacib qarşılaşma idi. Seçmə mərhələni uğurlu sonluqla bitirmək üçün önəmli idi. Təbii ki, bir xal yaxşı nəticə deyil. Dekabrda bununla bağlı İcraiyyə Komitəsinin iclası təşkil olunacaq. Baş məşqçinin taleyi, gələcək müqaviləsi orada həll olunacaq. 

 

- Son vaxtlar sizə qarşı təzyiqlər həddindən artıq çoxdur. Hər xırda şeydə, hətta Uelsdən 1200 azarkeş gəlməsində az qala sizi günahkar bildilər. Bu nədən qaynaqlanır? Avropa Liqasının finalı ərəfəsində çox gündəmdə oldunuz. Hər şeyin ondan sonra başladığını düşünmürsünüz?

- Son vaxtlar deməklə gözəl bir kompliment elədiniz. Əslində vaxtlar deyil (gülür). Sizinlə razıyam. Futbol daim gündəmdə olan bir sahədir. Futbol haqqında müzakirə etmək, danışmaq tənqid etmək hər bir vətəndaşın haqqıdır. Hər şeyi qoyaq qırağa, bir azarkeş kimi haqqıdır. Jurnalist, klub nümayəndəsi, peşəkar futbolçu, veteran futbolçu, keçmiş məşqçi bunların hamısı həm də azarkeşdir. Hər insanın tənqid haqqıdır, və hüququdur. Bunu edirlərsə, biz bunu sağlam qəbul etməliyik. Çalışırıq ki, edək. Təbii ki, hərdən bir az xətrimizə dəyirlər. Tək özümdən yox, futbol ailəsinin üzvlərindən danışıram. Klubları da müzakirə edirlər, bəzi futbolçular müzakirə olunur. Hər şey bizə toxunur. Toxunma elementi var. Bu da normal haldır. Normal da qəbul etməliyik. 

 

- Kənardan görünən budur ki, konkret hədəf seçilməyiniz  mənfi imicinizi formalaşdırmaq məqsədi ilə aparılır...

- Futbolda özümü çox komfort hiss edirəm. İlk növbədə futbol azarkeşiyəm. Mənim peşəm idarəetmədir. Bu gün AFFA-nın rəhbərliyi mənə güvənir və baş katibliyi, idarəetmə işlərini, tapşırır. Mən bütün bunları edirəm və edəcəyəm. Lakin bəzi məsələlərdə mən sizinlə razıyam. Süni şəkildə tənqidlər var. Təəssüf edirəm ki, bəzən təhqirlərə də yol verilir. Biz sağlam tənqidi normal qəbul edirik. Mən burda mənfi bir şey görmürəm. 

 

- Komandanızın zəif olduğunu düşünürsünüzmü? Loru dildə desək, çörək verdiyiniz adamlar sizi müdafiə eləmir...
-Xeyr, qətiyyən! Hər insan özünə görə işləyir. Uelslə oyunla bağlı əlavə etmək istəyərdim. Qaydalarda yazılıb ki, minimum 5 faiz rəqib azarkeşlərə yer verməliyik. Biz də beş faizi təqdim etdik. Daha sonra Uels federasiyası əlavə biletlər üçün bizə müraciət etdi. Biz də onları biletlə təmin etdik. Çünki heç bir azərbaycanlı azarkeş çöldə qalmamışdı. Kimsə deyə bilməz ki, bilet yox idi. Təxminən 450 yer boş qalmışdı. Biz Azərbaycan Respublikasının ümumi olaraq strategiyasını nəzərə alaraq turizmin inkişafını da istəyirik. Ölkəmizə 1280 nəfər gəlibsə, biz onları böyük məmnuniyyətlə biletlə təmin edirik və gələcəkdə də edəcəyik. Amma Azərbaycanın hər bir azarkeşi stadiona daxil olmaq istəyirsə olacaq. 

 

- AVRO-2020-nin final mərhələsi ilə bağlı son xəbərlər varmı?
- Noyabrın 30-da Buxarest şəhərində püşkatma olacaq. Biz də orada iştirak edəcəyik. Böyük futbol ölkələri Bakıda olacaq. Arzulayırıq ki, bunlardan biri Türkiyə yığması olsun. Qardaş və qonşu ölkədir. Təəssüflər olsun ki, millimiz final mərhələsində olmayacaq, amma qardaş ölkə keçibsə, Bakıda oynasa, yaxşı olar. Bu püşkatmada bəlli olacaq. 

 

- İcraiyyə Komitəsində baş məşqçi ilə bağlı gərgin müzakirə gərgin olacaq, yoxsa..?
- Bəli, çox gərgin bir müzakirə olacaq. Amma komandanı növbəti mərhələyə hazırlamağa 10 ay vaxtımız var. 

 

- Son vaxtlar federasiya prezidenti Rövnəq Abdullayev nisbətən kölgəyə çəkilib və əsas yük sizin üstünüzdədir. Belə iddialar səslənir ki, Elxan Məmmədov prezident olmaq istəyir. Növbəti seçkilərdə iştirak etmək niyyətiniz var?

- Rövnəq müəllim çox aktiv şəkildə futbol sahəsində iştirak edir. Futbolla bağlı məsələlər gündəlik olaraq ona məruzə olunur. Xeyr, mən prezident olmaq istəmirəm. Baş katib vəzifəsində işləməkdən məmnunam.

 

- Qeyd elədiniz ki, millini növbəti seçmə mərhəlyəə hazırlaşması üçün 10 ay vaxtı olacaq. Yığmadakı baş məşqçi məsələsi qısa zamanda həllini tapacaq?

- Yeni baş məşqçi təyin olunacaq və ya yox, bunu bilmirəm. Amma yeni baş məşqçi təyinatı olsa, axtarışlarımız uzun çəkə bilər. 

 

 

 

CEYHUN ƏLİYEV, Bakı-Bratislava-Bakı

 

 

 

 


 

CBCsport
05 Avqust 2020
04 Avqust 2020
B.eÇ.aÇC.aCŞB