TOP 10

Renat Dadaşovla hava gəmisində: “Benfika”, “Sportinq”, “Portu” kimi nəhənglərə qarşı oynamaq - bu, tam fərqli səviyyədi”

Futbol
Tarix: 2019-11-18 14:00

Milli komandamızın hücumçusu Renat Dadaşov Uelslə oyunda meydana çıxmaq şansı qazanmadı. Buna baxmayaraq, gənc forvard millimizin gələcəyi sayılır. Yayda İngiltərə “Vulverhempton”u ilə 4 illik müqavilə imzalayan futbolçu hazırda Portuqaliya çempionatında çıxış edir. Slovakiya ilə oyun üçün Bratislavaya yollanan hava gəmisində 20 yaşlı hücumçu Sport24.az-ın əməkdaşının suallarını cavablandırdı.


- Milli komandamız ehtiyat oyunçular skamyasından necə görünürdü?
- İlk yarıda uşaqlar xoş təsir bağışlayırdılar. Təəssüf ki, yenə standartdan qol buraxdıq. Bundan sonra yenə də yaxşı oynadı komandamız. Ancaq qapımızda ikinci qolu gördük. Belə olan halda istər-istəməz ruh düşkünlüyü yaşanır. Fasilədən sonra isə tablodakı nəticə komandamızın oyununa öz təsirini göstərdi.


- İlk yarıda daha bir məqam yaşandı: Dəniz Aytəkin aşkar penaltini vermədi. Hakim düzgün qərar versəydi, oyunda dönüş yaratmaq olardı?
- Bu epizodun penalti olmasına şübhə yox idi. Təəssüf ki, seçmə mərhələdə VAR sistemi tətbiq olunmur. Olunsaydı, referinin ədalətli qərar çıxaracağını düşünürəm. Çünki penaltinin olduğuna 100 faiz əminəm. Əlbəttə, Aytəkin penalti təyin etsəydi, komandamızda özünəinam qayıdacaqdı. Ancaq bu, baş vermədi və Uelslə matçdan məğlub ayrıldıq. 


- Klubdakı işlərin necə gedir? «Pasuş de Fereyra»da tam adaptasiya ola bilmisən?
- Ötən mövsümü də Portuqaliyada keçirmişdim. Sadəcə, əsas yox, ikinci divizonda oynayırdım. Açıq deyim, elitada oynamaq tam başqa səviyyədi. Sürət də, düşünmək üçün vaxt da fərqlidi. “Benfika”, “Sportinq”, “Portu” kimi nəhənglərə qarşı oynamaq - bu, tam fərqli səviyyədi. Bəli, meydana hər zaman çıxmıram, ancaq hələ 20 yaşım var və möhkəmlənmək üçün vaxt var. İndiki məqamda məşqçinin verdiyi hər şansdan maksimum yararlanmaq lazımdı ki, karyeramda yüksələn qrafik cızım.


- Bəli, 20 yaşın var, ancaq əsas milliyə cəlb olunursan. Azərbaycanlı futbolsevərlər Renat Dadaşovu millinin əsas hücumçusu kimi nə zaman görəcəklər?
- Şans qazansaydım, sevə-sevə oynayardım. Ancaq anlayıram ki, baş məşqçimizin hazırda başqa variantı da var və o, fərqli heyəti daha üstün sayır. Məşqlərimi səylə davam etdirib, öz zamanımı gözləyirəm. Ümid edirəm növbəti seçmə mərhələdə daha çox şans qazanacam.


- Məxsus olduğun “Vulverhempton”dan necə, oyununu izləyirlər?
- Hər gün mənimlə əlaqə yaradır, işlərimin, məşqlərimin necə getməsi ilə maraqlanırlar. Əlbəttə ki, oyununu da daim izləyirlər. Tək mənimlə yox, icarəyə verdikləri bütün futbolçularını diqqət mərkəzində saxlayırlar. Deyə bilmərəm, nə vaxt xidmətimdə maraqlı olacaqlar amma qarşıda 4 illik müqaviləmiz var. Bəli, bir tərəfdən vaxtım yetərincədir, amma digər yandan hər arxada qalan gün müddəti qısaldır.


- Hansı mövqedə oynamaq sənə daha rahatdı? Səni hücumda da görmüşük, “10 nömrə” mövqeyində də...
- Taktiki tapşırıqdan asılıdı. Məsələn, daha çox hücum edəcəyiksə, cinahlarda da oynaya bilərəm. Mənim üçün fərq etmir. Sürətim var, topla davranmağı bacarıram, məşqçi məni harda görürsə, lap lazımdırsa “6 nomrə” mövqeyi olsun, orada da oynamağa hazıram. 


- Slovakiya ilə oyundan nə gözləyək?
- Oyundan əvvəl və sonra danışırıq. Danışmaqla iş bitmir. Oyun zamanı çıxıb bütün bacarığımızı ortaya qoymalıyıq və göstərməliyik ki, biz də futbol oynamağı bacarırıq.

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB