TOP 10

Mircavadov U-21-in qalib gəldiyi matçda onu razı və narazı salan məqamlardan söz açdı: "Obradoviç də çox nigarandır ki, əksər yığma üzvləri klublarında oynamır"

Futbol
Tarix: 2019-11-15 18:16

Azərbaycan U-21 yığması cari seçmə mərhələdə 2-ci qələbəsini dünən Sumqayıtda qazandı. "Kapital Bank Arena"da lixtenşteynli həmyaşıdlarını qəbul edən Milan Obradoviçin komandası 1:0 hesabıyla qalib gəldi. Matçı stadiondan izləyən AFFA Məşqçilər Komitəsinin üzvü, təcrübəli mütəxəssis Ağasəlim Mircavadov Sport24.az-ın suallarını cavablandırıb.

 

- Sizi yığmamızın oyununda hansı məqamlar razı saldı, hansılar narazı?

- Əsas narazı salan odur ki, qol vəziyyətləri yaradırıq, ancaq istifadə edə bilmirik. Gənc futbolçulardı, bəziləri 21 yaş limitinə görə Premyer Liqa klublarında çıxış edirlər, bəziləri I Divizionda. Təəssüf ki, bizdə qol imkanlarının reallaşdırılması çox aşağı səviyyədədi. U-21-lə Fransada da oldum. Həmin matçda 2 qol şansımız oldu, hər ikisində dirəyi nişan aldıq. Birində Anton Krivotsyuk künc zərbəsindən sonra başla hava mübarizəsində qalib gələrək zərbə vurdu, hücumçumuz isə oyun kombinasiyasından sonra. Dünənki matçda əsasən ikinci hissə komandamızın böyük üstünlüyü ilə keçdi. Məni çox narahat edir ki, futbolçularımız sona 4-5 dəqiqə qalmış həyəcanlı olurlar. 

 

- Bu da hesabın sürüşkən olmasından irəli gəlir ki, qol buraxa bilərik...

- Bəli, qol buraxa bilərdik. SSRİ dövründə də, 90-ci illərdə də, mən işlədiyim 2000-ci illərdə də belə idi ki, standart vəziyyətlərdən çox istifadə edirdik. Avropa isə bunu yüksək səviyyədə istifadə edir. Lixtenşteyn də "standart"lardan istifadə edə bilərdi. Çümki qapımıza olan künc zərbələrindən sonra oyunçunu tutmaq mövqelərində səhvlər buraxırdıq. Cərimə meydanında say çoxluğu bizdə idi, ancaq rəqib futbolçuları düzgün tuta bilərdik. Bu, məni ona görə narahat edir ki, gələcəkdə həmin futbolçular əsas yığmaya gedəcəklər, həmin səhvləri orda da edə bilərlər. Səhvlərimiz aşağı yaş qruplarından gəlir, klublarda da belədi. Klublarımızın çox oyuna gedib baxırıq və görürük ki, standart hücumlardan xeyli səhvə yol buraxırıq. Bundan başqa, məni narahat edən məqam odur ki, müdafiədə bir xətti düzəldə bilmirik. Rəqib arxa xətdə çox yaxşı oynayırdı. Müdafiəni elə qururdular ki, xətt yaranırdı, bunun düzgün olması görünürdü. İndidən 2-3 il sonranı fikirləşirəm ki, biz nə ola bilərik, rəqiblərimiz nə. Bu sahədə klublarımız işləməlidirlər də. 

 

- Qol vəziyyətlərindən istifadə edə bilməmək hələ SSRİ dövründən bizdə olan xəstəlikdi. Bunun bir əlacı yoxdu? 

- Futbolçularımızda güc olur, ancaq taktiki cəhətdən çox zəifdilər. Bilirsiniz, bütün səhvlər gəlib yığmada üzə çıxır. Bəs klublarda niyə olmur? İş klublarda olmalıdı. Futbolçularla fərdi işləməlidirlər. Bilmirəm klublarda bunu edirlər, ya yox, ancaq biz işləyirdik. Hansı klubda çalışırdım, gündə 2 məşq olurdu, 1-i fərdi planda idi. Futbolçuların oyun səviyyəsinə uyğun olaraq hansı keyfiyyət üzərində işləməli olduğunu ayırırdıq. Cinahlarda işləməyə xüsusi fikir verirdim. Çoxları deyir ki, cinahlarda qapı önünə ötürmə etmək lazımdı, ancaq mən kəsərli ötürmə verməyə çalışırdım. İş prinsipimdə buna üstünlük verirdim. Dünən əsasən ilk hissədə bir hücumçumuz olurdu, orta xəttimiz rəqibin cərimə meydanında çoxluq yarada bilmirdi. Yəni, hücumla orta xəttimiz arasında böyük boşluq var idi.

 

- Sizi narazı salan məqamlardan yetərincə danışdınız. Bəs sizi razı salan məqmalar nə oldu?

- Birincisi, nəticə. Qələbə çaldıq, özü də oyunla buna nail olduq. Bax, bu, məni çox razı saldı. Oyunu düzgün qurublar və bunun inkişafı lazımdı. Özü də tez oynamaq, tez qərar qəbul etmək lazımdı. Bunun üçün də sürət olmalıdı. Əlbəttə, Fransa və İsveçrə ayrı, Lixtenşteyn ayrı. Yerlə göy arasında fərq var. Ancaq hal-hazırda futbolçularımızda istək var. İşini sevsən, qayğısına qalsan, öz üzərində işləsən, onda sən futbolçu olacaqsan.

 

- U-21-dən əsas yığmaya namizədlər görürsünüzmü ki, onları artıq çağırmaq olar?

- Bu dəqiqə deməzdim ki, U-21-dən hansı futbolçunu gətirib əsas yığmaya qoyasan. Sağ cinah müdafiəçisi Ömər Buludovu götürək. Onu "Neftçi"dən bəyənirdim, çox istəkli, düzgün çıxış edirdi. Ancaq dünən bir epizodda oyununa məəttəl qaldım. Hesab açılmamışdı, sağdan yaxşı kombinasiya oldu, Ömər rəqiblə birəbir çıxdı, ancaq zərbə vurmağa gecikdiyinə görə rəqib topu ondan aldı. Özü də çox asanlıqla.

 

- Buludov "Neftçi"də bu mövsüm oynamır. Bəlkə bunun təsiri var?

- Ola bilər. Biz Məşçqilər Komitəsinin üzvləri Milan Obradoviçlə çox söhbət edirik. O da çox nigarandır ki, əksər yığma üzvləri klublarında əsas heyətdə oynamır. Bu isə futbolçu üçün pisdi, ilk növbədə oynamaları lazımdı. 

 

- Hesab edirsiniz ki, sağ cinah mövqeyində dünənki matçda cəzalı olan Amin Seydiyevin yeri daha çox görünürdü?

- Düzdür, Aminin mövqe səhvləri çox olur, bunun söhbəti yoxdu. Ancaq Seydiyev hündürboydu, cüssəlidi. Buna görə o, güc tərəfdən Ömərdən üstün ola bilər. Ancaq ağıllı oyun tərəfdən elə səviyyədə deyil.

 

- Qələbə qələbədi. Lixtenştenylə matçda  bunun 1:0 və ya darmadağınla olmasının fərqi varmı?

- Yox. Futbolun da gözəlliyi odur ki, sonadək həyəcan olur. Futbolda qüvvələr nisbətində böyük fərq olmayanda, onsuz da qələbələr əsasən 1-2 topla olur. Matçda son 5 dəqiqəni çox həyəcanlı, hətta ayaqüstü izləyirdik. Bu da yaxşı cəhətdir ki, futbol bizi sonadək həyəcanda saxlayır. Həyəcan olur, çünki ustalığa görə hələ gəlib o səviyyəyə çatmamışıq da. 

 

- 1:0 sürüşkən hesabdı. 2:0 olsaydı, o həyəcan, narahatçılıq olmayacaqdı ki, qələbəni əldən buraxa bilərik...

- Ay sağ olun. Elə biz də onu deyirdik ki, 2-ci qol lazımdı. Bunu vur, sakit oyna da. 

 

- U-21-in bu il üçün rəsmi matçları bitdi. Obradoviçin işinə necə qiymət verərdiniz?

- Məşqçilər Komitəsinin üzvləri U-21-in səfər matçlarında olur. Məsələn, Lixtenşteyndə Şakir Qəribov idi. İnanın mənə, bir qapıya oynayırdıq. Qapıçımız bir səhvə yol verdi, irəli çıxaraq penalti etdi, ondan da rəqib qol vuraraq uduzduq. Biz isə qol vura bilmədik. Həmin ilk matçdan bu yana tendensiya gedir ki, qol imkanlarından yararlana bilmirik. İşə qiymət vermək üçün tsikin qurtarması lazımdı. Obradoviç futbolumuzda yeni adamdı, heç vaxt 3-5 aya qiymət vermək lazım deyil. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB