TOP 10

Bəhlul Mustafazadə son 2 matçda maksimum nəticə qazanmağa çalışacaqlarını açıqladı: "Özümü göstərməklə bağlı xüsusi motivasiyam yoxdu"

Futbol
Tarix: 2019-11-15 13:31

Millimiz AVRO-2020-nin seşmə mərhələsində növbəti oyununu sabah evdə Uels yığmasıyla keçirəcək. Bu rəqibi "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə üçün xüsusi saymaq olar. Ən azı ona görə ki, bu gənc futbolçu millidə debütü məhz uelslilərə qarşı edib. 22 yaşlı Mustafazadə Sport24.az-a müsahibəsinə bu rəqib, onlarla ev matçına hazırlıq haqda fikirlərini bildirməklə başlayıb.

 

- Uels yığmasının mənim üçün xüsusi rəqib olduğunu demək olar. Çünki onlarla görüş mənim üçün çox önəmli matç idi. Millidə debütüm idi ki, bu, yaddaqalan olur. Kardifdəki qarşılaşma çox yaddaqalan idi. İndisə bu rəqiblə Bakıda görüşəcəyik. Dəyişən xüsusi bir şey yoxdu, eyni qaydada hazırlaşırıq. Uels millisinə baxırıq, analiz edirik. Bu analiz nəticəsində rəqibdə "nə var, nə yox"u bilmək istəyirik. 

 

- Maraqlıdı, rəqibdə nə var, nə yox?

- Bu haqda demək düzgün çıxmaz. Baş məşqçi analizlər nəticəsində rəqibdə olan bir sıra dəyişiklikləri nəzərimizə çatdırıb. Bu təhlillər oynadək daha ətraflı olacaq.

 

- Kardifdəki matçda hansı səhvlərdən nəticə çıxarmalı, xətaların təkrarlanmamasına xüsusi diqqət yetirməlisiniz?

- Maksimum diqqətli olmalıyıq. Nəticə qazanmaq istəyirsənsə, 90 dəqqə belə olmaq lazımdı. Çünki rəqibin heyətində hər an hər şey edə biləcək futbolçular var. Təbii ki, rəqibin standart vəziyyətlərı çox güclüdü. Buna da maksimum diqqət yetirməyə çalışacağıq.

 

- Uels millisinin lideri, kapitanı Qaret Beyl 1 aya yaxındı oynamır və millimizlə matça hazır olacağı gözlənilir. Aaron Remsi bu yay keçdiyi "Yuventus"da daha çox ehtiyatda qalır, millidə demək olar oynamır. Səncə, bu liderlərin problemlərinin olması rəqibin oyununa təsir edə bilərmi?

- Söhbət Beyldən, Remsidən gedirsə, xüsusi nəsə deməyə ehtiyac yoxdu. Bu səviyyədə futbolçular hər şeyi edə biləcək potensialdadırlar. Keyfiyətləri, səviyyələri hamıya bəllidi. Ona görə də düşünürəm ki, son vaxtlar oynamamağı Uels millisi üçün problem olmayacaq. 

 

- Reallığa söykənsək, iki oyuna neçə xal toplamağımız mümkündü?

- Bunu matçdan əvvəl demək çətindi. Ancaq hər zaman olduğu kimi, maksimum güclə çıxaraq vuruşacağıq ki, evdə xal və ya xallar qazanaq, azarkeşlərimizi sevindirək. Səfərdə də əlimizdən gələn qədər rəqibdən xal qoparmağa çalışacağıq. Bildiyiniz kimi, qrupumuzda bizdən başqa bütün komandalar AVRO-2020-yə vəsiqələrə namizəddi. 

 

- Bu, işinizi nə qədər çətinləşdirir?

- Bəli, bu amil işimizi daha da çətinləşdirir. Çünki hamısının şansı qalıb və qalan 1-2 oyunda xal itirməməyə, qalib gəlməyə çalışacaqlar. Ancaq bununla belə, xal və ya xallar qazanmağımız mümkündü. Bunun üçün mübarizə aparacağıq. 

 

- Millimiz ilk seçmə tsiklində olduğu kimi, bu dəfə də qələbəsiz qala bilər. Bunun olmaması üçün bütün diqqət son ev matçına yönəldib. Bu, sizə əlavə motivasiya verir, yoxsa əksinə, psixoloji təzyiqdə saxlayır?

- Qrupda komandalrın səviyyəsinin nə yerdə olduğu hamıya yaxşı məlumdu. Əlbəttə, biz də istəyərik qalib gələk, xal ehtiyatımız daha da çoxalsın. Amma reallıq başqa cürdü. İstənilən halda, istəmərik seçmə tsikli 1 xalla, belə zəif nəticəylə başa vuraq. Ona görə bu iki matçda əlimizdən gələni edəcəyik ki, maksimum nəticə əldə edək. 

 

- Üç gün sonra Slovakiyaya səfər. Yol yorğunluğu və ya digər məqamlar təsirini göstərə bilərmi?

- Belə qrafik təkcə bizə yox, bütün komandalara da aiddi. Ona görə bizə də bu tempdə oynamağa alışmaq lazımdı. Bu üzdən toparlanıb son oyuna maksimum güclə çıxmağa çalışacağıq.

 

- Seleksiyaçılar millinin matçlarına xüsusi diqqət yetirəcəklər. Buna görə özünü xüsusi motivasiya edirsənmi ki, yaxşı oyunla diqqət çəkərək legioner həyatı yaşamaq şansından istifadə edəsən?

- Əlbəttə, bunun fərqindəyəm. Ancaq xüsusi bir motivasiyam yoxdu. Əsas odur ki, milli komandadayam və bunun üçün əlimdən gələni edəcəm. Digər məqamlar ağlımda mənim üçün motivasiya mənbələri deyil. Elə millidə çıxış etməyim mənim üçün motivasiyadı. 

 

- Milildən fərqli, "Sabah"da çıxışın xüsusi fərqlənmir. Klubunun qeyri-sabit çıxışı buna mane olur? Hər halda, çıxışınızda bir yüksələn qrafik yoxdu, qarışıqlıq var... 

- Bəli, qarışıqlıq var, düşünürəm ki, stabiliyimiz çatmır. Ümid edirəm ki, zamanla bunu aradan qaldıracağıq. Çünki futbolçu keyfiyyəti baxımından çox yaxşı kollektivimiz var. Bu stabilliyi yarada bilsək, davamlı xallar qazanaraq daha irəli gedə biləcəyimizi düşünürəm. 

 

- Bu stabilliyin olması üçün nə çatmır?

- Fikrimcə, ardıcıl 2-3 qələbə qazanmaq bizə böyük motivasiya olar, özümüzə inamı geri qaytara bilər. Bunu bacara biləcək gücdə komandamız var. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB