TOP 10

Rahid Əmirquliyev ən bərbad oyunlarından danışdı: “İnanıram ki, bu vəziyyətdən də Aftandil Hacıyevlə çıxacağıq”

Futbol
Tarix: 2019-11-14 15:00

“Səbail”. Ötən mövsümün qış fasiləsindən sonra əla futbol sərgiləyən komanda Avropa Liqasının ilk mərhələsində də utancverici nəticəyə imza atmadı. Hər halda, rəqib tanınmış Rumıniya təmsilçisi “Universitatya” idi ki, hər iki matçda krayovalılar əziyyət çəkdi. Builki çempionata da paytaxt təmsilçisi əla başladı: keçirilən 4 qarşılaşmadan üçündə qələbə qazanan Aftandil Hacıyevin komandasına nə oldusa, bundan sonrakı görüşlərdə fiaskoyla uğrayır. Arxada qalan 7 tura 1 xal qazanmağın başqa adı yoxdu. Bəs nə baş verdi ki, “Səbail” ağlar günə qaldı? Məsələylə bağlı komandanın ən təcrübəli futbolçusu, vitse-kapitanı olan Rahid Əmirəuliyevlə söhbətləşdik. Təcrübəli yarımmüdafiəçi Football24.az-a verdiyi müsahibədə hələ heç nəyin itirilməsinə əminliyini ifadə etdi.

 

- Autsayder "Qəbələ"yə böyük hesabla məğlub oldunuz. Hesabdan da savayı, "Səbail"in ifasında oyun da görünmədi. Bunun bir izahı varmı?
- Qəbələdə həm oyun, həm hesab baxımından çox ağır qarşılaşma oldu bizim üçün. Həmin oyunda çox pis çıxış etdik. Baxmayaraq ki, “Qəbələ” autsayderdi, amma çox yaxşı komandadı. Çempionatda yalnız “Qarabağ”ı fərqləndirmək olar. Yeddi komanda isə demək olar ki, eyni gücdədir. Hər komanda digərini uda bilər. “Qəbələ” ilə oyunda biz sanki komanda olaraq “yatmışdıq”. Etmək istədiyimiz heç bir şey alınmadı. Həmin gün bizim gün deyildi. Builki çempionatda belə pis oyunumuz olmamışdı. Ən bərbad oyunumuzu keçirdik. “Qəbələ” də yaxşı oynadı. Layiqli qələbə qazandı.

 

- Heyətiniz yetərincə güclüdü, amma Qəbələdəki oyunda komandanın liderləri də gözə dəymədi...
- Düzdür, yaxşı heyətimiz var. Yaxşı futbolçular var komandada. Sirf “Qəbələ” ilə oyunda bizdə heç nə alınmırdı. Futbolda olur belə şeylər. İndi bunu təhlil edib səhvləri aradan qaldırmaq lazımdır. Yenə də deyirəm, belə bərbad oyun oynamamışdıq bu mövsüm. Vaxtımız da var. İndi səhvləri təhlil edib aradan qaldırmaq lazımdır ki, qarşıdakı turlarda bir daha belə hallar olmasın.

 

- Ümumiyyətlə, çempionata yaxşı baslasanız da, komanda son 7 oyunda cəmi bir xal qazanıb. Bu uğursuzluq nə ilə bağlıdı? Zəngin təcrübəyə malik bir futbolçu kimi, yəqin sən də bu barədə düşünmüsən...
- Düzdür, komandada bəzi problemlər olmuşdu. Buna baxmayaraq, mövsümə yaxşı başladıq, yaxşı da xallar yığdıq. Son 7 turda 1 xal qazanmaq isə əlbəttə ki, bizi də çox narahat edir. Neçə oyundur qələbə qazana bilmirik. Bu da normal hal deyil. Bu haqda düşünürük. İstəyirik bu vəziyyətdən çıxaq. Son 7 oyunda yaxşı çıxış etdiyimiz oyunlar da oldu. Bəzi oyunlarda bəxtimiz gətirmədi. 7 oyun uğursuzluq komanda üzərində təzyiq də yaradır. Çalışacağıq ki, növbəti tur qələbə qazanıb bu təzyiqdən də çıxaq.

 

- Komandanın ən təcrübəli futbolçusu və vitse-kapitanı olaraq, "qara zolaq"dan çıxmağın yollarını nədə görürsən?
- Bu hal hər bir komandanın başına gələ bilər. Bir az da təzyiq var. Bir oyunda qələbə qazansaq, komanda özünə gələcək. Növbəti tura da kifayət qədər vaxt var. Ev oyunumuz olacaq. Rəqibi də təhlil edib qələbə qazanmaqla “qara zolaq”dan çıxarıq. Bir qələbə kifayət edəcək ki, bu, davamlı olsun.

 

- Futbolda bu cür hallar tez-tez baş verir ki, komandanın yeni nəfəsə ehtiyacı olur. Elə son turda məğlub olduğunuz "Qəbələ" nümunəsi də var ki, məşqçi dəyişikliyi kollektivi ayıltdı. "Zirə" də analoji addıma əl atdı. Bununla bağlı fikirlərin necədi?
- Düzdür, futbolda belə hallar tez-tez baş verir. Komandada işlər yaxşı olmayanda çox vaxt baş məşqçi dəyişikliyi olur. İndiki vəziyyətdə isə biz elə hazırki baş məşqçi ilə də vəziyyətdən çıxa bilərik. İkinci ildir ki, baş məşqçimiz burda işləyir. Ötən mövsüm avrokuboklara da hazırki məşqçi ilə vəsiqə qazandıq. İnanıram ki, bu vəziyyətdən də Aftandil Hacıyevlə birlikdə çıxacağıq. İşlərimiz də yaxşı gedəcək. Fikrimcə, indiki vəziyyətdə bizdə heç bir dəyişiklik olmamalıdır.

 

 

 

FƏRƏC ASLANOV

CBCsport
16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB