TOP 10

Azərbaycan Kubokunda həminki ssenari: Ardıcıl 4-cü il də "Qarabağ" - "Neftçi" finalını görməyəcəyik

Futbol
Tarix: 2019-11-14 13:00

Azərbaycan Kubokunda növbəti - 2019/20 mövsümünün püşkü atıldı. Bəlli oldu ki, əsas favoritlərin həlledici duelini - "Neftçi" - "Qarabağ" finalını ardııcl 4-cü il də görə bilməyəcəyik. Çünki bu komandaların püşkə əsasən artıq yarımfinalda yolları kəsişəcək. "Qarabağ"la "Neftçi" son dəfə finalda 2016-cı ildə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşaraq ağdamlıların 1:0 hesablı qələbəsi qeydə alınıb. 

 

Əslində, Kubokda bütün mövsümlərin iştirakçısı olan, ən çox (3 dəfə) finalda qarşılaşan bu iki komanda ötən mövsüm həlledici görüşdə üzləşə bilərdilər. Sadəcə, onda "Neftçi" 1/4 finalda "Sumqayıt", "Qarabağ" yarımfinalda "Qəbələ" tərəfindən mübarizədən kənarlaşdırıldı. Roberto Bordinin komandasını yenə 1/4 finalda "gənclik şəhəri"nin təmsilçisi ilə duel gözlədiyini indiydən deyə bilərik. Çünki "Sumqayıt"ın 1/8 finalda I Divizion təmsilçisi "Zaqatala"ya evdə qalib gələrək cütü qalibin olacağı şübhə doğurmur. Bu yerdə bildirək ki, Ayxan Abbasovun komandası ötən mövsümü "Neftçi"ni səfərdə 2:0 hesabıyla məğlub etməklə cütün taleyini böuük ölçüdə həll etmişdi. Sumqayıtdakı cavab matçında meydan sahibləri 0:1 hesabıyla uduzsa da, bu, mübarizəni davam etdirməsinə mane olmadı.

 

"Qarabağ" birbaşa qatılacağı 1/4 finalda "Keşlə" - "Kəpəz" cütünün qalibini gözləyir. Burda daha şanslı Tərlan Əhmədovun komandası sayılır. "Qarabağ" ötən mövsüm Kubokda bu mərhələdə məhz Əhmədovlu "Keşlə"ylə görüşmüşdü. Evdə 1:0 hesabıyla qalib gələn Qurban Qurbanovun komandası səfərdə 1:1-lik bərabərliklə yarımfinala vəsiqə qazanmışdı. "Keşlə" 2 il öncəsə bu adla Kubokda ilk mövsümündə məhz "Kəpəz"lə iki oyunun nəticəsinə əsasən cütün qalibi olmuşdu - evdə 2:0, səfərdə 3:2.

 

"Sabah" da Kubokda ötənilkin ssenarinin iştirakçısı olacaq. Çünki keçən mövsüm də 1/8 finalda rəqib I Divizion təmsilçisi "Ağsu" düşmüşdü. Sadəcə, bu dəfə tək matçda meydan sahibi Premyer Liqa təmsilçisi olacaq. "Sabah" Ağsuda mərhələni böyükhesablı qələbəylə keçmişdi - 3:0.  Paytaxt təmsilçisi sensasiyaya imkan verməzsə, bu dəfə də 1/4 finalda rəqibi "Qəbələ" olacaq. Ötən mövsümdəki dueldə "qırmızı-qaralar" hər iki matçda 1:0 hesablı qələbəylə cütün qalibi olmuşdu. 

 

Və nəhayət, daha bir 1/4 final cütü də ötən mövsümkü olmalıdı. Söhbət "Səbail"lə "Zirə"nin qarşıdurmasından gedir. Fərq ondadır ki, onda "qartallar" çempionatı ilk "4-lük"də bitirdiyinə görə Kubokda mübarizəyə 1/4 finalda başlamışdısa, bu dəfə "Səbail" həmin missiyanı yerinə yetirəcək. "Zirə" 1/8 finalda I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la görüşsə də, sürpriz nəticə qeydə alınmayacağı daha real görünür. Ötən mövsüm "Zirə" 1/4 finalda "Səbail"i hər iki matçdan qalib ayrılmaqla keçmişdi - evdə 1:0, səfərdə 3:2. 

 

Sonad onu da bildirək ki, ötən mövsüm "Qəbələ" Naxçıvanda keçirilən finalda "Sumqayıt"ı 1:0 hesabıyla məğlub etməklə tarixində ilk dəfə ölkə Kubokunu qazanmışdı. 

 

 

 

MEHMAN SÜLEYMANOV

 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB