TOP 10

Rəhman Hacıyev "Keşlə"yə məğlubiyyəti qazonla əlaqələndirir: "Neftçi"nin forması şərəfimizdi, onu ancaq zirvələrə qaldırarıq!"

Futbol
Tarix: 2019-11-13 14:41

Uzun müddət idi ki, kölgədə qalırdı. Buna şəxsi həyatındakı obyektiv səbəblər vardı. Hətta meydana çıxanda da heç nəylə yadda qalmırdı. Ancaq son turlarda barəsində ağızdolusu danışmağa başladılar. Söhbət "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyevdən gedir. 26 yaşlı futbolçu Foootball24.az-a müsahibəsində Premyer Liqanın son turunda "Keşlə" məğlubiyyətinin səbəbi, həmin matçda əvəzləndiyi epizod, milliyə yenə dəvət olunmamağı haqda danışıb.

 

- "Neftçi" əvvəlki 6 turda uduzmayaraq bunun 4-də qələbə qazanmışdı. 11-ci turda "Keşlə"ylə matçda nə baş verdi? Şəxsən sənin üçün bu məğlubiyyət nə dərəcədə gözlənilməz oldu?

- Bəli, məğlubiyyət heç yerinə düşmədi. Özümüz bu nəticəni gözləmirdik. Sözsüz ki, planlaşdırılan məğlubiyyətlər olmur, ancaq belə uğurlu seriyadan sonra uduzmaq bizim üçün böyük gözlənilməzlik oldu. Qələbə sayəsində "Qarabağ"la xal fərqini 6-ya endirəcəkdik. Bunu indi fakta əsasən söyləyirəm, hərçənd, onlar bizdən bir gün sonra oynayıb. Ancaq istənilən halda, "Zirə"ylə matçda 2 xal itirdilər. Təəssüf ki, uduzduq və bu məğlubiyyətin təsirinin indiyədək qaldığını gizlətmirəm. 

 

- Məğlubiyyətə və belə sönük oyuna səbəb nə görürsən?

- Əfsuslar olsun ki, haqlısınız, ən yaxşı futbolumuzu göstərə bilmədik. Bacardığımızdan praktiki olaraq heç nə göstərə bilmədik. Bu oyunu özüm üçün analiz etdim və fikrimcə, əsas səbəb sintetik qazon oldu. Artıq uzun müddətdi təbii ot örtüyündə çıxış edirdik və birdən sintetik qazonda oynamalı olduq. İnanın ki, bunlar iki tam fərqli futboldu. Nə mən, nə də komanda yoldaşlarım topu hiss edirdik. Burdan da azarkeşlərin ifamızda gördüyü keyfiyyətsiz futbol qaynaqlandı. 

 

- Bəlkə əvvəlki 6 matçlıq uğurlu seriya rəqibə belə barmaqarası münasibətə gətirib çıxardı?

- Yox, bundan söhbət gedə bilməzdi. Əksinə, bütün komanda bu oyunu səbirsizliklə gözləyirdi. Növbəti qələbəni qazanmaq üçün alışıb yanırdıq. Təəssüf ki, hər şey əleyhimizə oldu. Bu fikrimdə qalıram ki, həlledici rol qazon oldu. Ancaq heç bir halda "Keşlə"nin rolunu aşağılamaq istəmirəm. Bu mövsümü yetərincə eyni səviyyədə keçirərək keyfiyyətli, ağıllı futbol göstərirlər. 

 

- "Keşlə" artıq komandanız üçün arzuolunmaz rəqibə çevrilib - ilk dövrədə qolsuz bərabərlik, son matçda da 1:2 hesablı məğlubiyyət...

- Hesab etmirəm ki, bu iki oyuna əsasən nəticə çıxarmaq olar. Sadəcə, son matçda oyunumuz alınmadı, çoxlu səhvə yol vedik. Rəqib isə bundan ağıllı istifadə etdi. 

 

- Bayıldakı görüşdə 61-ci dəqiqədə əvəzləndin və bundan narazılığını emisional formada ifadə etdin...

- Həqiqətən əvəzləndiyim vaxt özümdən çıxmışdım. Məni düzgün başa düşün, futbolçuyam, hər oyunçu öz töfvəsini vermək və meydanda tam gücünü qoymaq istəyir. Oynamaq istəyim həddən çox idi.

 

- Mətbuatda belə informasiya getdi ki, əvəzlənəndən sonra formanı yerə çırpdın...

- Bunun olması mümkün deyil. "Neftçi"nin forması şərəfimizdi, onu ancaq zirvələrə qaldırarıq! Bəli, emosional idim, ancaq bu, yalnız ondan ibarət idi ki, tərli olan formanı çıxararaq skamyanın üzərinə qoydum, başqa heç nə. Altıncı ildi bu formada çıxış edirəm və mənim üçün dəyərlidi. 

 

- İstənilən halda, "Qarabağ"la xal fərqiniz 9-a yüksəldi...

- Bu fərqi kritik hədd saymıram. Heç bir halda dayanmamalıyıq. Hərçənd, gizlətmirəm ki, "Keşlə"yə məğlubiyyət planlarımıza daxil deyildi. 

 

- Nikola Yurçeviç səni miliyə çağırmağı lazım bilmədi. Bu məqamı necə şərh edərdin?

- Dəvət almağı çox istəyirdim. Bəli, "Neftçi"də uzun müddət start heyətinə düşmürdüm. Ancaq son matçlarda mütəmadi oynamağa başladım. Ümid edirdim ki, millinin baş məşqçisinin diqqətini cəlb edəcəm. Təəssüf, səylərim az oldu. Ancaq həyat bununla bitmir. Deməli, daha çox işləmək lazımdı ki, millinin formasını geyinməyə layiq olasan. Bunun üçün hər şey edəcəm ki, növbəti təlim-məşq toplanışına dəvət olunanlar sırasında olum. 

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB