TOP 10

Yurçeviçdən dəvət Camalov üçün xoş sürpriz olub: "Bundan sonra mənim üçün daha məsuliyyətli dönəm başlayır - millidə daim olmalıyam"

Futbol
Tarix: 2019-11-13 14:00

AVRO-2020-nin son oyunlarına hazırlıq məqsədilə bir araya gələn Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub. Belə ki, İspaniyanın "Albasete" klubunun mərkəz yarımmüdafiəçisi Eddi İsrafilov noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyununda iştirak edə bilməyəcəyi üçün onun əvəzinə millinin heyətinə "Zirə"dən Elvin Camalov çağırılıb. Ancaq 24 yaşlı mərkəz yarımmüdafiəçisi bir oyunluq çağırılmayaraq, Slovakiya ilə səfər matçına da aparılacaq. Elvin Sport24.az-ın suallarını cavablandırıb. 

 

- Mətbuat səni demək olar həmişə milliyə namizədlər sırasında görürdü. Nəhayət, bu dəvət gəldi. Sənin üçün nə qədər gözlənilən oldu?

- Heyət açıqlandı və orda adım yox idi. Buna görə sonra dəvət olunacağımı gözləmirdim. Ancaq çağırıldım və bu, mənim üçün xoş sürpriz oldu. Hər halda, ilkin heyət açıqlanmışdı və orda bilinirdi ki, qarşıdakı matçlara kimlər dəvət olunub. Sonradan gördüm ki, mən də heyətə daxil edilmişəm. Əlbəttə, sevindim, çox xoş hisslərdi. Hər bir futbolçu klubunda əziyyət çəkir ki, milliyə də dəvət olunaraq öz ölkəsinin şərəfini qorusun. 

 

- Əvvəllər siyahı açıqlayanda dəvət gözləmisən?

- Əlbəttə, həmişə gözləmişəm. Hər siyahı açıqlananda baxırdım ki, adım varmı. Gözləyirdim ki, məni də çağırarlar. Bu günə qismət imiş. Millinin baş meneceri Zaur Hacı-Məhərrəmov mənə zəng edərək komandaya qoşulmaqla bağlı məlumatlandırdı. Millinin şərəfini qorumağı çox istəyirdim. Bundan sonra artıq üzərimə daha çox iş, daha böyük məsuliyyət düşür. 

 

- Hər dəfə adının siyahıda olmayanda, səndə bir bədbinlik olurdumu?

- Yox. Əksinə, öz-özümə düşünürdüm ki, yəqin, hardasa daha yaxşı oynamamışam, özümü yaxşı tərəfdən göstərməmişəm, hansısa səhvlərim olub. Bunların da üzərində daha çox işləməyə başlamışam. Hər dəfə özümü daha yaxşı tərəfdən göstərərək etimadı doğrultmağa çalışmışam ki, mənə də dəvət göndərsinlər. 

 

- Millidə ilk məşqə çıxdın. Təəssüratlarını bilmək maraqlıdı...

- "Zirə"ylə axırıncı turda ən son oynayanlardan olduğumuza görə, bizə nisbətən yüngül məşqlər verdi. İlk məşqə əsasən nəsə demək düzgün deyil. Əlbəttə, hər məşqçinin öz hazırlıq prinsipləri var. Biz futbolçuların işi odur ki, hər məşqçinin verdiyi tapşırıqları yerinə yetirək. Futbolda taktikada fərq ola bilər, ancaq çox şey eynidi - topdu, ağıldı, düşüncədi. Futbolçu istənilən məşq prosesinin öhdəsindən gəlməlidi. Millidə 4 il əvvəl olmuşam. Robert Prosineçkinin vaxtı idi, məni iki matça dəvət etmişdi. Norveçlə səfərdə, Xorvatiya ilə evdə qolsuz bərabərliklə nəticələnən rəsmi görüşlər idi. Ancaq hər ikisində adım iştirak ərizəsinə daxil olunmamışdı. Bütün yaş qruplarından ibarət yığmalarda çıxış etmişəm, 2017-ci ildə U-23-ün heyətində İslamiadanın qalibi olmuşam. Millidə olmaq, oynamaq həqiqətən çox böyük arzum olub. Gəldim bu kollektivi gördüm, istəyim daha da artdı. Səmimi deyirəm, millidə çox gözəl kollektivimiz var. Mehriban ailə kimiyik və burada böyük uğurlar üçün çalışmaq olar. Belə kollektivə dəvət olunduğuma görə çox xoşbəxtəm. 

 

- Millimizin baş məşqçisi Nikola Yurçeviçlə söhbətin oldu? Sənə hansı tövsiyələrini verdi?

- Gələn kimi mənimlə səmimi görüşdü, fikirlərini bildirdi. Mənə dedi ki, oyunlarını izləmişəm, necə futbolçu, hansı keyfiyyətlərə malik olduğunu, hansı mövqedə çıxış etdiyini bilirəm. Həm özü, həm də futbolçular mənə "bizim komandaya xoş gəlmisən" dedi. Bundan sonra mənim üçün həqiqətən daha məsuliyyətli dönəm başlayır. 

 

- Millidə debüt etmək, ümumiyyətlə, möhkəmlənmək perspektivini necə görürsən?

- Bu, üzərimə düşən əsas vəzifədir ki, millidə daimi olum. Bəli, dəvət etdilər, milliyə düşdüm, işim bitdi - yox, bununla futbolçu kifayətlənməli deyil. Əksinə, belə şans sənə yaradılıbsa, özünü daha yaxşı göstərməlisən ki, daimi oyunçulardan birinə çevriləsən. Millidə oynamağa canla-başla hazıram. Ancaq əlbəttə, özümü nə qədər hazır hiss etsəm də, hər şey baş məşqçinin qərarına bağlıdı ki, məni oynadacaq, ya yox. Şans verilsə, bundan maksimum istifadə etməyə çalışacam.

 

- Qarşıdakı matçlardan gözləntin nədi?

- Əlbəttə, çox güclü rəqiblərə qarşı oynayacağıq. Hazırda bütün diqqətimizi qarşıdakı ev matçına yönətlmişik. Uels yığmasının demək olar bütün futbolçuları Top komandalarda çıxış edir. Düzdür, çətin oyun olacaq. Ancaq meydanda tamaşaçı kimi rəqibin oyununu izləmək fikrində deyilik. Bizim də mübariz komandamız var. Özünüz də əvvəlki matçlarda şahid olmusunuz ki, vuruşanda nəsə əldə etmək olar. Biz də mübarizə aparacağıq, xal qazanmaq istəyəcəyik. İnşallah, Allah da bizə bunu yetirəcək. 

 

 

 

MEHMAN SÜLEYMANOV

06 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB