TOP 10

Turun "Ən"ləri-11: Əzmkarlıq nümunələri və Beqoviçi məyus edən qəhrəman

Futbol
Tarix: 2019-11-11 17:10

Azərbaycan Premyer Liqasında 2019/20​ mövsümündə XI tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​ bu dəfə cari mövsümün son turunu​ dəyərləndirir.​

"Simvolik yığma"

Qapıçı: Mehdi Cənnətov ("Sumqayıt", 3)

Müdafiəçilər: Slavik Alxasov ("Keşlə", 2) - Miloş Bakraç ("Zirə") - Franko Flores ("Keşlə") - Qismət Alıyev ("Qəbələ", 2)

Yarımmüdafiəçilər: Əmir Ağayev ("Sumqayıt", 2) - Tural Bayramlı ("Keşlə) - Sezar Meza Kolli ("Keşlə", 3) - Peyman Babayi ("Sumqayıt")

Hücumçular: Davit Volkov ("Qəbələ", 2) - Riçard Qadze ("Zirə", 3)

Turun BAŞ MƏŞQÇİsi - Ayxan Abbasov ("Sumqayıt")

Baş məşqçinin oyuna müdaxiləsi hər zaman vacibdi. Bu, əvəzetmələrlə nəticəyə müsbət təsir göstərəndə, daha çox diqqət çəkir. Elə son turda da "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovun belə müdaxiləsini görə bildik. Komandası ilk 45 dəqiqəni hesabda 0:1 geridə bitirəndə, gənc mütəxəssis həm fasilədə lazımı göstərişlərini verdi, həm də birdən-birə iki əvəzləməyə əl atdı. Komandanın zəif bəndlərindən olan Sərtan Taşkını müdafiənin sağ cinahında klubun yetirməsi Süleyman Əhmədov əvəzlədi, oyun qurucusu Rəhim Sadıxovu oyundan alan Abbasov hücumçu Mehdi Şərifini meydana buraxdı. Nəticədə, "Sumqayıt"ın oyunu tam düzəldi və ikinci hissədə fərqli komanda gördük. Ayxan Abbasovun yetirmələri 3 xalı 3 qolla - 3:1 hesablı əzmkar qələbəylə qazandı.

Turun QƏHRƏMANı - Riçard Qadze ("Zirə")

"Zirə" hələ Samir Abasovun vaxtında qaytardığı qanalı hücumçusu Riçard Qadzeni yeni baş məşqçisi Zaur Həşimovun vaxtında oynatmağa başladı. Qadzenin meydana çıxdığı (özü də start heyətində) hər 3 matçda meydanı xalla tərk edən "qartallar" heç-heçələri sıralayıb. İlk matçında Riçard 2 məhsuldar ötürmə etmişdisə, artıq 2 qol da vurub. Son qol isə lider "Qarabağ"ın qapısına oldu ki, Qadze Avropada tanınmış qolkiper​ olan Asmir Beqoviçlə təkbətək çıxaraq topu onun ayaqları arasından tora göndərdi. Bu qolla hücumçu komandasını məğlubiyyətdən xilas edərək heyətdə ciddi itkiləri olan matçda səfərdə vacib xal qazandırdı.​

Turun ANTİQƏHRƏMANı - Səlahət Ağayev ("Neftçi")

Ötən çempionatın ən yaxşı qapıçısı​ olan Səlahət Ağayev turun simvolik yığmasında yer almasına adət etmişdiksə, bu mövsümdə hələ "siftə"​ belə etməyib. Bu turda isə millimizin qolkiperi antiqəhrəman oldu. Belə ki, "Neftçi"nin ilk hissəni hesabda 1:0 irəlidə olaraq sonda 1:2 uduzduğu matçda qapıçının buraxdığı səhv matçın qırılma nöqtəsi oldu. Səlahət çıxışda inamsız oynayaraq hesabın bərabərləşməsinə səbəbkar oldu. "Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kollinin cərimə zərbəsi zamanı isə topu yalnız seyr edərək komandasını məğlubiyyətdən xilas edə bilmədi.

Turun KOMANDAsı - "Keşlə" (3)

Turun mərkəzi matçı olan paytaxt derbisində əzmkar qələbə qeydə alındı. Buna ikinci hissədə xarakter göstərən "Keşlə" nail oldu. Tərlan Əhmədovun komandası "Neftçi" kimi güclü rəqibi​ bütün komponentlərdə üstələyərək layiqli qələbə qazandı. Təsadüfi deyil ki, Roberto Bordin də matçdan sonra mətbuat konfransında bunu etiraf edərək futbolçularından belə zəif, səviyyələrindən aşağı çıxış etməsini gözləmədiyini xüsusi vurğuladı. Bunda isə "Keşlə"nin rolu böyükdür ki, güclü rəqibinə əl-qol açmağa imkan vermədi və turnir cədvəlində 2-ci pilləni də əlindan aldı.​

Turun SENSASİYAsı​ - "Keşlə" - "Neftçi" - 2:1

"Neftçi" üzərində qələbə mövsümün əvvəlində qazanılsaydı, bunu normal qarşılamaq olardı. Çünki həmin vaxt Roberto Bordinin komandası enişdə idi, qalib gəlməkdə çətinlik çəkirdi. Ancaq "Neftçi" son 1 ayda 5 matçlıq məğlubiyyətsiz seriyaya​ malik idi ki, bunun 4-də qələbə qazanmışdı. "Ağ-qaralar" son turda "Keşlə"ylə matçın ilk hissəsini​ da qalib başa vurmuşdu. Ancaq Roberto Bordinin komandası sonda meydanı heç 1 xalla da tərk etmədi.​

TURUN HAKİMı - İnqilab Məmmədov ("Sabah" - "Sumqayıt" - 1:3)

Turun ən məhsuldar matçı Masazırda oldu. Elə turun ən yaxşı hakimi də ordakı matçı idarə edən idi. Bu, İnqilab Məmmədov idi. "Sabah"la "Sumqayıt"ın "Bank Respublika Arena"dakı görüşü yetərincə gərgin alındı ki, Məmmədov işinin öhdəsindən layiqincə gəldi.​
 

 

Turun SİTATı - Aftandil Hacıyev ("Səbail", 2)

“Müqaviləm davam edir. İstefa barədə düşünmürəm. Komandamız 4-cü pillədə qərarlaşıb. Hesab edirəm ki, komandamız normal yerdədi” - bu sözlər 7 turdu qələbə üzünə həsrət qalan “Səbail”in baş məşqçisi Aftandil Hacıyevə məxsusdu. Ondan başlayaq ki, “Səbail” artıq 4 yox, 5-ci pillədədir. Davam edək ki, 7 oyun Azərbaycanda 1 dövrə deməkdi. Nöqtəsini də belə qoyaq ki, Hacıyev klub rəhbərliyinə mesajını göndərdi: Müqavilənim sonunadək burdayam, komanda çempionatın qalan oyunlarında qələbə üzünə həsrət qalsa belə.
 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB