TOP 10

Qəbələdə cüdonu uğurla inkişaf etdirən baş məşqçi: "Klub rəhbərliyinə söz vermişəm ki, tarixi nəticələr verəcəm"

Cüdo
Tarix: 2019-11-10 11:00

"Qəbələ" 2013-cü ilin əvvəlində Futbol Klubundan İdman Klubuna çevrildi. Burda fəaliyyət göstərən müxtəlif idman növləri arasında nəticələrinə görə ən yaxşılardan biri kimi cüdonu mütləq qeyd etməliyik. Özü də bu idman növündə klubun Qəbələ bölməsinin fəaliyyəti xüsusilə diqqət çəkir. Həmin bölmənin rəhbəri olan baş məşqçi, təcrübəli cüdo mütəxəssisi Rail İsmayılovla Qəbələ səfərimizdə geniş söhbətləşərək bir sıra məqamlara toxunduq.

 

- İlk olaraq bölmənizin nəticələri haqda ümumi fikirlərinizi bildirərdiniz...

- Cüdo bölməmizdə ümumi nəticələr çox yaxşıdı. Əslində, regionlar arasında müqayisə etsək, Qəbələ cüdosu Azərbaycana ən böyük nəticələr verib. 2018-19-ci illərin ən yaxşı nəticələri yalnız "Qəbələ" İK-ya məxsusdu.

 

- Gəlin, nəticələri konkretləşdirək...

- Bunlar Azərbaycan çempionatları, beynəlxalq turnirləri, Avropa Kuboklarını və Avropa Olimpiya Həftəsini əhatə edir. Sonuncu yarış bu il Bakıda keçirildi və idmançımız Gülşən Bəşirova 44 kq-da 3-cü oldu. 2018-19-cu illər Azərbaycan çempionatında kadetlər arasında, kiçik yaş qrupunda 3 idmançıyla iştirak etdik. Onlardan 46 kq-da Sübhan Mirzəyev 3-cü, 73 kq-da Tamerlan Cabbarov 1-ci oldu. Eyni zamanda gənclər arasında çempionatda iştirak etdik və 3 medal da orda qazandıq - Gülşən Bəşirova, Aygün Hacıyeva və İmran Yusifovla. Ən kiçiklərin Bakı şəhər açıq birincliyində 2 medal götürdük. Bu, azyaşlıların Azərbaycan çempionatı sayılır. Hüseyn Eyvazov 50 kq-da Azərbaycan çempionu, Məhəmməd Hacıyev 24 kq-da 3-cü oldu. Bu, respublika üzrə böyük turnirlər, əsas nəticələr sayılır. 2017-18-ci illərdə Respublika Spartakiadasında 3 medal götürdük - Qismət Məmmədzadə, İbrahim İsayev və Təbriz Cabbarov fərqləndi. Gülşən Hacıyeva Avropa yarışmasında bürünc medal, İmran Yusifov Çexiyada gənclər arasında Avropa Kubokunu qazandı, Azərbaycan bayrağını dalğalandırdı. İmranı bunun ardından böyüklər arasında da yoxladıq və milli komandada Lüksemburqda Avropa Kubokunda mütləq çəkidə çempion oldu. Bütün bu nəticələri nəzərə alanda, "Qəbələ"nin Azərbaycanda öndə olduğu qeyd edilməlidi.

 

- Bütün bu uğurların sirri nədi?

- Sözsüz ki, "Qəbələ" İK-nın peşəkar işi, düzgün seçimi və idmana böyük dəstəyi. Məşqçilər hər yerdə işləyirlər. Tam əminəm ki, Azərbaycanın bütün bölgələrində yaxşı məşqçilər var. Amma idmanın əsas şərtlərindən biri şəraitin, maddi-texniki bazanın yaxşı olmasıdı. "Qəbələ"də bu şeylər şükür Allaha göz qabağındadı - zalımız, stadionumuz var, uşaqlar formayla, hətta maaşla təmin olunur. Yaşlarının az olmasına baxmayaraq, klub yenə maddi köməyini göstərir. "Qəbələ" İK-nın gördüyü işlər bu uğurlu nəticələrin əsasıdı.

 

- "Qəbələ"də futbolda büdcə dəyişikliyi göz qabağındadı. Bəs, konkret cüdoda maddi planda zəifləmə yoxdu?

- Açıq danışacam, əslində, maddi durum sənəddə milyonlar yazılıb, idmançıya gəlib cüzi məbləğ çatırsa, onla bizdən də pis vəziyyətdədi. "Qəbələ" İK-nın büdcəsi göz qabağındadı və ordan da idmanın inkişafına artıqlaması ilə vəsait sərf olunur.

 

- Yəni, 3-4 il əvvəllə müqayisədə eynidi?

- Bizdə artım var, azalma yoxdu. Nəticələri nəzərə alaraq, hərtərəfli dəstək var. Həvəsləndirmə cəhətdən uşaqlara da, məşqçilərə də mükafatlar nəzərdə tutulub.

 

- Qəbələ bölməsində neçə qrup, cüdoyla məşğul olan neçə uşaq var?

- Bunu bilmək perspektiv baxımından çox önəmlidi, müsahibəni oxuyanlar yaxından maraqlana bilərlər. Bu gün Qəbələdə cüdo üzrə 4 qrup fəaliyyət göstərir. Ümumi məşğul olan uşaqların sayı 90-dı. Hələ say çox da ola bilərdi, buna şəraitimiz də var. Sadəcə, seleksiya tərəfdən sayı azaltmışıq. Bildiyiniz kimi, bizdə məşqlər ödənişsizdi və Qəbələ rayonundan seçirik. Düzdür, başqa zonalardan gələnlər var. Ancaq uşaqlarımızın 98 faizi elə Qəbələ sakinləridi. Bu seleksiya əsasında rayonda cüdoya həddindən artıq böyük maraq var. Sözsüz ki, Qafqaz dağlarının ətəyinin camaatında döyüş növlərinə daha çox istək var. Güləşmək millətimizin canında, qanındadı. Cüdo da güləş növü sayılır. İnanın ki, hazırda 2013-14-cü il təvəllüdlülər qruplarımıza gəlir, valideynlər bizə müraciət edirlər, həvəs göstərirlər. Bizdə klub rəhbərliyinin hamısı idman adamlarıdı - Fariz Nəcəfov 7 dəfə dünya çempionatının medalçısı olub. Səbuhi Qarayev Avrasiya mükafatçısıdı. Nəticə sözü deyəndə, onlar yaxşı bilirlər ki, nə demək istəyirəm. Perspektiv olaraq klub qarşısında söz vermişəm ki, tarixi nəticələr verəcəm.

 

- Tarixi nəticələr deyərkən...

- Olimpiya çempionları və dünya mükafatçıları vermək.

 

- Bu perspektiv nə dərəcədə realdı?

- Yüzdəyüz realdı. Həyatım buna nail olmaq üzərində qurulub. Ömrümün 18 ilin məşqçiliyə sərf etmişəm. Məşqçiliyə çox tez yaşlarımdan başlamışam. Bu məqsədlə yaşayıram, bu məqsədlə də öləsiyəm - başqa yolum yoxdu.

 

- Seleksiyada ilk növbədə nəyə fikir verirsiniz?

- Sözsüz ki, uşaqların fiziki, genetik göstəricilərinə, xarakterlərinin fərqlənməsinə üstünlük veririk. Atasının, dayısının boy-buxununa, uşağın məşqdə hərəkətlərinə fikir veririk. Bu, məşq prosesində xüsusi işlənilən şeylərdi.

 

- "Qəbələ"də cüdonun Bakı bölməsi haqda məlumat verərdiniz. Onu bilirəm ki, bura kiçik qardaşınız Ramil İsmayılov başçılıq edir...

- Elədi. O, eyni zamanda gənclər üzrə milli komandamızın məşqçisi, Azərbaycanın əməkdar məşqçisidi.

 

- Bir qardaş rəqabəti varmı ki, kimin nəticələri daha yaxşı olacaq?

- Yox. Onunla əlbir işlər görürk. Bu, klubun prinsipidi. Bilirsiniz ki, yığma komandalarımızın bazaları əsasən Bakıda olduğundan, idmançılarımız bir səviyyədən sonra fəaliyyətlərini paytaxtda davam etdirirlər. Orda yaxşı məşqçilərimiz var - Mirzə Əsgərov, Mərdan Qədirli. Sözsüz ki, hazırlıq baş məşqçi Ramil İsmayılovun rəhbərliyi altında keçir. Cüdo federasiyamızdan sadəcə, onu soruşurlar ki, idmançılar "Qəbələ"nin hansı şöbəsindədirlər. Bizim üçün bir ad var - "Qəbələ" İK. "Qırmızı-qara" hamımız üçün eyni rəngdi. Bakıdakı qrupumuzun əsas hədəfi regiondakı uşaqların perspektivi üçün çalışmaqdı.

 

- Cüdoçularınız hansı mərhələdən sonra Bakıya üz tuturlar?

- Yığma komandaya hazır olan uşaqları Bakıya göndəririk. Onlar klubun dəstəyi ilə paytaxtda qalırlar, orda məşqlərini edirlər ki, milli komandaya gedib-gəlmək rahat olsun. Müxtəlif yaş qrupunda yığmalarımız var. Bu dəqiqə yığmada əsas idmançımız gənclərdə İmran Yusifovdu. Qızlarda 2, kadetlərdə 8 təmsilçimiz var. İmranın bu il daha yaxşı nəticələri var, idman ustası normasını da doldurub. Bu, onun üçün qeyri-adi üstünlük sayılır. Özü də Yusifovun çəkisini dəyişmişik - əvvəl 100 kq-da güləşirdi, indi mütləq çəkidə özünü yoxlayır. Bu çəkidə Azərbaycanın idmançıları arasında nəticə verən çox az olub. İmranın həm gənclərdə, həm də böyüklərdə nəticə verməsi xüsusi bir statistikadı.

 

- Təbii ki, qızlarda Gülşəni qeyd etməmək olmur. Onda bu istedadı nə vaxt gördünüz? Potensialı nəyə imkan verir?

- Gülşən sırf Qəbələndi, Abrıx kəndindədi. 2013-cü ildən bizdə məşqlərə başlayıb, dəfələrlə yarışda yer tutub. Sadəcə, milli komanda səviyyəsinə yaşı indi çatıb. Artıq yeniyetmələr üzrə dünya və Avropa çempionatında güləşir. O da İmran kimi idman ustası normasını doldurub. Dünya çempionatında millimiz komanda yarışmasında 2-ci oldu, Gülşən də həmin heyətdə idi, bu böyük turnirdən medal da gətirdi. Bəşirovada istedadı həmişə görmüşəm. Məndə xüsusi qrup var ki, dəfələrlə medalçı olanlar orda məşq edir. Sözsüz ki, həm klub tərəfindən onların inkişaflarına kömək var, həm də özüm bir məşqçi kimi perspektivi görərək onlara daha çox diqqət ayırıram. Bu da beynəlxalq miqyasda nəticələrdə göstərdi. Gülşənin yaxın vaxtlarda Avropa, dünya çempionu olacağına əlbəttə, çox inanıram. Sözsüz ki, bu dəqiqə qadınlar üzrə milli komandamız formalaşır. Milimizin məşqçiləri Rəşad Həsənovla Rəşad Məmmədovu çox yaxşı tanıyıram. İş prinsiplərinə yaxşı bələdəm, artıq necə illərdi eyni vaxtdı məşqçilik edirik. Qadın yığmamız güclənməyə başlayıb və Gülşənin ora düşərək lider idmançıya çevrilməsi sevindiricidi. Avropa Olimpiya Həftəsində bir medalımız oldu - o da məhz Bəşirovayla.

 

- 2013-cü ildən Qəbələdə çalışırsınız. Halbuki, paytaxtda böyüyüb boya-başa çatmısınız. Sizi Qəbələdə əsas saxlayan hansı amildi?

- İlk başlayan gündə düşündüm ki, mənə çox çətin olacaq. Ancaq tam səmimi deyirəm ki, klubun idarəçilik sistemi həqiqətən mənə çox rahatlıq var. İşdən başımız açılmır ki, darıxaq (gülür). Bildiyiniz kimi, paytaxtdan gələn futbol, güləş, boks. taekvondo məqşçilərimiz də var. Asudə vaxtlarmız ancaq idmanla keçir, futbol, şahmat oynayırıq, bir sözlə, maraqlı, səmərəli olur. Azərbaycanda idman regionları çoxdu - Gəncə, Qusar...Qazax güləş məktəbi həmişə güclü olub, SSRİ çempionları, dünya mükafatçıları çıxıb. Qəbələnin idman tarixi isə çox da zəngin deyil. Keçmişdə burda məktəblər o qədər güclü fəaliyyət göstərməyib, idman bölgəsi kimi sayılmayıb. "Qəbələ" İK fəaliyyətə başlayandan sonra yalnız cüdoda deyil, boksda, güləşdə, taekvondoda, futbolda nəticələr verib. Qəbələ Azərbaycan idmanının lider bölgələrindən birinə çevrilib. Bu, xüsusi qeyd olunası vacib faktdı.

 

- Qəbələdə cüdoya maraq göstərənlərə hansı tövsiyələrinizi verərdiniz?

- İlk növbədə idmanı sevsinlər. İdman Azərbaycan bayrağını ucaltmaq vasitəsi, özünü sübut üçün bir arenadı. İdman sağlamlıq, dostluq, şərəf, ləyaqətdi. Valideynlərə müraciət edərdim ki, uşaqlarını daha tez yaşlarında idmana, cüdoya gətirsinlər.

 

- Konkret neçə yaşdan?

- Cüdoya 5-6 yaşından götürük, problem yoxdu. Sadəcə, maarifləndirmək lazımdı. Sözsüz ki, ən kiçik yaşlarlar öz proqramlarıyla işləyirik. Nə qədər tez başlasaq, nəticəyə bir o qədər tez gedəcəyik. Balacalarda milli komandalar olmur, əvəzində respublika çempionatlarda yayboyu hərəyə 5-6 medal qazanıblar. Bu yaşda valideyn istəyi çox önəmlidi.

 

- Və sonda öz övladlarınız, daha doğrusu, "Qəbələ"nin azyaşlı azarkeşləri olan qızlarınız haqda. Maraqlı xarici görünüşləri olan bu gözəllərdən hansınısa cüdoya qoymaq fikrindəsiniz?

- Bəli, onlar klubun ən kiçik yaşlı xanım azarkeşləridi. Sözsüz ki, ailəvi "Qəbələ"ni azarkeşiyik, ev matçlarında idmançı ailəsi olaraq iştirak edirik. Hər oyunda kluba sevgimizi, dəstəyimizi rənglərimiz, bayrağımızla göstəririk. Qızlarımın adları Sumeya, Amina, Rumeyadı. Dörd qızım var, biri də evdədi - Gülnaz. Anamın adını daşıyır. Böyüyünün 7 yaş var. Sözün düzü, onlarda idmana istəyi hələ görməmişəm. Cüdoçu olmasalar da, Qəbələdə atıcılıq, şahmat bölmələri var. Bir məşqçi kimi baxaraq göstəriciləri hansıda uyğun gələrsə, yüz faiz yoxlayacam.

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı

CBCsport
12 Dekabr 2019
11 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB