TOP 10

Baxşıyev 3 mövqeyin güclənməsini vacib sayır, Niasseni oynatmağın zamanını bilir: "Onu da bilirik ki, bu komanda daha yaxşısını etməyə qadirdi"

Futbol
Tarix: 2019-11-09 10:00

"Qəbələ" artıq III turda etdiyi baş məşqçi dəyişikliyindən sonra ilk xallarını vursa, ilk qollarını vursa da, hələ də turnir cədvəlində son pillədə qərarlaşıb. Ötən turda ev məğlubiyyəti çox üzücü oldu. Çünki Elmar Baxşıyevin komandası "Sabah"la Qəbələdəki görüşdə ən azı 1 xala layiq olduğu halda, uduzaraq turnir cədvəlindəki qonşusundan artıq 4 xal geri qalır. Buna baxmayaraq, gələcəyə nikbin baxan 39 yaşl Baxşıyev Sport24.az-a müsahibəsində xeyli məqama toxundu. 

 

- Komandayla rəhbərliyiniz altında keçdiyi yola nəzər salsanız, bu iki ayda əsas nəyə nail ola bilmisiniz, nəyəsə hələ yox?

- Komandada ümumi inkişaf hiss olunur. Bu, oyun planındadı. Sadəcə, nəticə olaraq hələ istənilən səviyyədə xalı qazana bilmir. Ancaq komandaya oyun planında irad yoxdu. Meydançada istəkli görünür və verdiyimiz tapşırıqları maksimum yerinə yetirməyə çalışır. 

 

- Əsas çatışmazlıqlarından biri qol çoxsaylı qol imkanlarını boşa verməyinizdi. "Sabah"la matçda şansları sağa-sola xərclədiniz. Özünüz də futbolçu olmusunuz. Azərbaycan futbolunun başbəlası olan son nöqtəni qoya bilməmək nəylə əlaqədərdi?

- Sadəcə, bunun üzərində işləmək lazımdı. Məşqlərimizi də sırf bunun üzərində qururuq. Oyundan oyuna o fərqi hiss edirik. Çalışacağıq ki, qarşıdakı matçlarda bu nöqsanları aradan qaldıraq. 

 

- Klublarımızda sırf hücumçularla işləyən məşqçi praktikası yoxdu. Sizdə imkan olsaydı, özünüzə belə köməkçi götürərdiniz? Ümumiyyətlə, buna nə dərəcədə zərurət duyursunuz? 

- Qolu sırf hücumçu vurmamalıdı. Futbol komanda şəklindədirsə, fərq etməz ki, hansı mövqeyin oyunçusu fərqlənir. Ona görə çalışırıq kompleks iş görək ki, kim həmin mövqedə çıxış edirsə, epizodları dəyərləndirə bilsin. 

 

- "Qəbələ" artıq neçə vaxtdı nominal hücumçusuz çıxış edir. O mənada ki Ülvi İsgəndərov əsas heyətdə yerini itirib, Kristian Kuaku isə zədə üzündən kənarda qalıb. Seçimizi cinah yarımmüdafiəçilərinin üzərinə etmisiniz ki, Davit Volkovda pis alınmır. Hər halda, son 2 matçıda meydanı qolla tərk edib. Bundan sonra da hücumun sivri ucunda Volkova güvənəcəksiniz?

- Bu, həm heyətdə rotasiya, oyun planımızda mümkün dəyişikliklə bağlıdı, həm də rəqibə uyğun taktika seçirik. Hücumda kim bizə faydalı olacaqsa, onun üzərində də dayanırıq. Ancaq bu, o demək deyil ki, həmişə Volkov hücumçu oynayacaq. Özünüz də gördüyünüz kimi, Daviti də hücuma qoyuruq, Klesio Bauku da. Ola bilər ki, qarşıdakı matçlarda Ülvidən istifadə edək.

 

- Ülvu "Zirə"ylə səfər matçında Premyer Liqada ilk qolunu vurdu, ancaq bu, əsas heyətdə möhkəmlənməsinə kömək olmadı. Nə mane olur ona? Təcrübəsizlik?

- Ülvini çoxdan tanıyıram. Əvəzedici komandanı çalışdırdığım vaxtda bir yerdə işləmişik. Onda bu potensialı görürük. Futbolçu da öz üzərində işləyir. Sadəcə, İsgəndərova o inamı gətirmək üçün qollar lazımdı.

 

- Kristian komandaya gəldiyi yaydan bu yana xroniki zədəylə görə oynaya bilmir? 

- Hələ ki komandayla məşqlər qoşulmur, fərdi hazırlıq keçir. Çox zədələnir. Ümumi də çox oynamayıb ki, yüklənib zədələnsin. Ancaq futbolda olur belə hallar ki, oyunçu məşq proseslərində gözlədiyimiz halda zədələnir. Bununla əlaqələndirirəm. 

 

- Kristian qış fasiləsinədək kömək edə bilməyəcək?

- Komandayla məşqlərə başlamalıdı. Onu böyük ümidlərlə komandaya gətirmişik, gözləntilərimiz çox böyükdü. Çünki sırf hücumçudu. Transfer alınanda, hamının nəzərində bu hücumçu idi. Ancaq ardıcıl zədələr olanda məcbur olduq ki, digərlərini mərkəz hücumçusu kimi oynadaq. 

 

- Hər bir iş xeyir var deyirlər. Rasim Ramaldanov ağır zədələnərək uzun müddətə sıradan çıxdığı vaxtda Amin Seydiyevi müdafiənin sağ cinahından mərkəzinə çəkdiniz və çox inamlı təsir bağışlayır. Yeni mərkəz müdafiəçisi qazandığınızı söyləmək olarmı?

- Futbola baxışım belədir ki, müdafiəçisənsə, bir mövqedə çıxış etməməlisən. Amini də əvəzedicilərdən tanıyıram. Elə olurdu ki, dayaq yarımmüdafiəçisi kimi də oynada bilirdim. Onda bu xüsusiyyət var və fərqli mövqelərdə çıxış etmək onda pis alınmır. Eləcə də stopper mövqeyində. 

 

- Ola bilər ki, Seydiyevi əsas komandada da dayaq yarımmüdafiəçisi oynadasınız?

- Ona şans verdldiyi mövqedə özünü doğruldur. Amin müdafiənin hər yerində oynaya biləcək futbolçudu. 

 

- Sizcə, yeni legionerləriniz nə dərəcədə liderlik keyfiyyətlərini göstərərək komandanı arxasınca daşıya bilirlər?

- Komandanı sırf bir nəfərin üzərində asılılıq yaratmaq istəmirik. İstəyirik ki, komanda şəklində nəyəsə nail olaq. Legionerlərimizi ayrı-ayrılıqda götürdükdə. hər biri ən yaxşısını etməyə çalışır. Onlar meydançada verilən tapşırıqları axıradək yerinə yetirə biləcək futbolçulardı. 

 

- İki aydır oynamayan köhnə-yeni futbolçunuz İbrahima Niasse məşqlərdə necə təsir bağışlayır?

- Hələ ki fərdi məşqlər edir. Hazırlığa qatılandan sonra, ikinci məşqdə ayağında bir az ağrılar hiss etdi. Buna görə də fərdi məşqlərlə kifayətlənir. Amma əvvəl dediyim kimi, Niassenin gəlməyini rəhbərlikdən sırf özüm istəmişəm. Bir yerdə oynamışıq, potensialına bələdəm. Bilirəm ki, rejimi, nizam-intizamı sevən futbolçudu. Məncə, oyunumuza daha stabillik gətirən futbolçu olacaq. 

 

- Nə vaxta oynatmağı planlaşdırırsınız?

- Qarşıdakı oyuna çatmasa da, çempionatda milliyə görə ikihəftəlik pauza yaranır. Həmin vaxt onu maksimum hazırlayıb qarşıdakı oyunlara çatdırmağa çalışacağıq. 

 

- Rəhbərlikə bu posta təsdiq olunmaqla bağlı söhbətiniz olub? Bizdə olan məlumata görə, ən azı qış fasiləsinədək komandanın başında olacaqsınız...

- İlk gündən bizə tapşırılmışdı ki, komandanı ayıldaq, əzmkar formaya çatdıraq. "Sabah"la matçdan sonra komandaya yalnız "çox sağ ol" dedik ki, qələbə qazanmaq üçün hər şeyini verdi. Sadəcə, futbolun yazılmamış qanunları da var ki, bəzən qol, nəticə istəklə də yaranan şey deyil. İstəyimiz odur ki, komanda meydançada verilən tapşırıqları yerinə yetirsin və hər şeyini qoysun. Komandanın əsas biz razıyıqsa, yəqin, rəhbırlik də görür ki, turdan-tura istədiyimiz nəticəni qazana bilməsək də, oyun planında inkişaf hiss olunur. Nəzərə alsaq ki, akademiyamızın gənc futbolçuları oynayır, zamana ehtiyac var. "Keşlə"ylə matçda Bauk çıxandan sonra 9 yerli futbolçuyla oynadıq. Çətinlik var, bunu danmırıq. Amma hər şeyi nəzərə alaraq komandaya inanırıq. Və onu da bilirik ki, bu komanda daha yaxşısını eləməyə qadirdi. Biz sırf işimizi görürük. Nə qərar olacaqsa, buna hörmətlə yanaşacağıq. 

 

- Qış fasiləsində heyətin gücləndirilməsi nə dərəcədə realdı? Çünki bu iş ilk növbədə maddiyata bağlıdı. "Qəbələ"nin də bu planda sıxıntıları var...

- Biz də bilirik ki, klubda indi maddiyyat nə yerdədi. Buna görə hazırda nəsə tələb eləmək düzgün deyil. Qalan oyunlarda maksimal xal yığaraq qəş fasiləsində komandanı gücləndirmək olar. Hələ ki rəhbərliklə sırf yeni transferlərlə bağlı söhbət olmayıb. Yalnız Niasseni özüm istədim ki, gəlib bizə kömək etsin. "Keşlə"ylə matçda iki legionerimiz cəzalı idi və ehtiyada 13 futbolçumuz vardi. Heyətlə bağlı bir az çətinlik çəkirik.

 

- Hansı mövqeləri gücləndirməyi vacib sayırsınız?

- Hər mövqeyə bir oyunçu olsa, yaxşı olar.

 

- Qapıdan başlayaraq?

- Yox. Müdafiədən başlayaraq hər 3 mövqeyə. Komandada rəqabət olmayan yerdə, inkişaf da bir az gec gedir. Nə qədər oyunçu sayı çox olacaq, futbolçular da məsuliyyəti dərk edərək daha istəkli, əsas heyətə düşmək uğrunda daha çox çalışmalı, rəqabət aparmalı olacaqlar. 

 

 - Yeni legionerlərinizdən İvitsa Juniçin müqavilə cari mövsümün sonunadək deyil, 6 aylıqdı. Qış fasiləsində anlaşması bitən bu aparıcı müdafiəçinizi saxlaya biləcəksiniz?

- Yəqin yox, onu mütləq saxlamaq istəyirik. İvitsa kimi futbolçu hər bir komandaya lazımdı. Təcrübəsi həm komandamıza, həm də gənclərimizə bir örnəkdi. 

 

- Futbolçuların diqqətini yayındıran, motivasiyasına təsir edən əsas amillərdən biri maaş-mükafatların vaxtında verilməsidi. Bu planda sıxıntınız yoxdu?

- Yox. İndiyə kimi belə bir çətinliklə üzləşməmişik. Nəticə qazananda, udanda vaxtı-vaxtında bonuslar verilir. Maaşlar da öz yerində.

 

- "Qarabağ"a qarşı heç-heçənin yaxşı maddi qarşılığını gördünüzmü?

- Məbləğ yüksək də olmasa, gördük. Heç-heçəyə görə də mükafat alırıq. 

 

 

 

MEHMAN SÜLEYMANOV

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB