TOP 10

Millimizin debütantı şans qazanacağına inanır: "Çox həyəcanlıyam, klubumun yeganə təmsilçisi olduğuna görə daha məsuliyyətliyəm"

Futbol
Tarix: 2019-11-08 13:04

Millimizin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində Uels və Slovakiyayla matçlara açıqladığı siyahıda debütanta da rast gəlmək mümkündü. Bu, "Keşlə"nin futbolçusu Vüsal İsgəndərlidi. 24 yaşlı cinah yarımmüdafiəçisi Sport24.az-ın suallarını cavablandırıb. 

 

- İndiyədək milliyə heç vaxt çağırılmadığını nəzərə alsaq, bu dəvət sənin üçün nə dərəcədə gözlənilən oldu?

- Doğrusu, gözlənilməz oldu. Həqiqətən bu oyunlara çağırılacağımı gözləmirdim. Sadəcə, işim öz oyunumu oynamaq. özümü yaxşı tərəfdən göstərməkdi. Əsas odur ki, əziyyətimə dəyər verildi. Bu, məni xoşbəxt elədi. Çox sevincliyəm. 

 

- Təbii ki, hər bir futbolçu kimi sənin də millinin şərəfini qorumaq böyük arzun olub...

- Əlbəttə. İndiyədək yalnız U-23 yığmasına baş məşqçi Yaşar Vahabzadə məni 2-3 dəfə toplanışa çağırmışdı. Ancaq bunlar rəsmi oyunlara yox, yoldaşlıq görüşlərinə idi. Bakıda keçirilən İslamiadaya hazırlıq ərəfəsində toplanışlar olmuşdu. İndisə həm əsas yığmadı, həm də rəsmi matça çağırılıram. Bu, məni çox sevindirir. İnşallah, əlimdən gələni edəcəm. 

 

- "Keşlə"dən mövsüm milliyə çağırılan ilk futbolçu olmusan ki, bu da məsuliyyətini ikiqat artırır. Buna nə dərəcədə hazırsan?

- Təbii ki, bu, mənim üçün əlavə məsuliyyət deməkdi. Dünən dəqiq də olmasa, təxminən bilirdik ki, bizdən kimsə çağırılacaq.

 

- Buna izah verərdin. Millinin məşqçilərindən mesaj almışdınız?

- Geniş siyahıya daxil olan futbolçulardan pasport alınaraq viza açılır. Bu da namizəd olmağı,100 faiz olmasa da, 40-50 faiz milliyə dəvət almaq şansının olmağı deməkdi. Hamı da deyirdi ki, milliyə kim getsə, klubumuzu layiqincə təmsil etməlidi. 

 

- İndiyədən kənardan izlədiyin millimiz sənin gözündə necə təsir bağışlayır? Seçmə mərhələnin son iki matçından gözləyirsən?

- Millinin Macarıstan və Slovakiyayla ev matçlarını stadiondan izləmişəm. İnşallah, əlimizdən gələni edərək xal almağa çalışacağıq. Əlbəttə. çətin olacaq. hər iki rəqib güclüdü. Sadəcə, istəkli olaraq xal qazanmaqla azarkeşlərimizi sevindirməyə çalışacağıq. 

 

- Millidə debüt etmək şansını necə dəyərləndirirsən?

- Həyəcan, istək var. Ancaq bu, oyuna görə deyil. Sadəcə, milliyə çağırıldığıma görə çox həyəcanlıyam, üzərimdə məsuliyyət hiss edirəm. Həm də klubumun yeganə təmsilçisi olduğuna görə daha məsuliyyətliyəm. Məşqlərdə özümü yaxşı tərəfdən göstərərk şans qazanmağa çalışacam. Özümü sübut edəcəm ki, milliyə dəvət aldığıma həqiqətən layiqəm. 

 

 

 

MEHMAN SÜLEYMANOV

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB