TOP 10

İmamverdiyev Yurçeviçdən dəvət gözləyir: "Turun qəhrəmanı "Sabah" idi, tək Cavid yox"

Futbol
Tarix: 2019-11-07 16:00

"Sabah" Premyer Liqada çıxış etdiyi ilk vaxtdan onun şərəfini qoruyan, ötən mövsüm kapitanı olan Cavid İmamverdiyev bu turda komandasının qələbəsində böyük pay sahibi oldu. Hər halda, "Qəbələ"ylə səfər matçında qazanılan 2:1 hesablı əzmkar qələbə təcrübəli yarımmüdafiəçinin bir qol, bir məhsuldar ötürməsinin nəticəsində reallaşdı. Sport24.az-ın "Turun qəhrəmanı" nominasiyasında qalib seçdiyi Cavid suallarımızı cavablandırıb. 

 

- Komandanız üçün son tur uğurlu alındı. Yeganə qalib "Sabah" oldu. Özü də cari çempionatda nəhayət, ilk səfər qələbəsinə də nail oldunuz. Bunda hansı keyfiyyətləriniz həlledici oldu?

- Düzdür, ilk topu biz buraxsaq da, ikinci hissədə geridönüş edə bildik. Əvvəlcə hesabı bərabərləşdirdik, az sonra isə qələbə topuna imza atdıq. Bunun səfər matçında olması ikiqat sevindiciri idi. Onu vurğulaya bilərəm ki, komandamız xarakter nümayiş etdirdi. Göstərdik ki, futbol oynamağı bacarırıq. Hesabda geridə də olsaq, göstərdik ki, istəsək, qələbə qazana bilərik. Yəni, bu, əlimizdədi. Əzmkar oyun göstərdik, bütün komandanı təbrik edirəm. Qəbələdəki qələbə onu göstərdi ki, "Sabah" bu əzmkarlıqla daha da irəli gedəcək. 

 

- Hələ mövsüm başlamaşdan əvvəl futbol ictimaiyyətində belə fikir səsləndirilir ki, "Sabah" mükafatlara oynamaq potensialına malikdi. Ancaq uzun müddət turnir cədvəlində son pillələrdə qərarlaşdınız, yalnız bu turda 6-cı yüksələ bildiniz. Nədir potensialınızı göstərməyə mane olan?

- Mane olan bir şey yox idi. Sadəcə, nəsə alınmırdı. Düzdür,  siz dediyiniz kimi, hər kəs deyirdi ki, "Sabah"ın potensialı əladı, heyəti güclüdü. Ancaq yalnız deməklə bir şey olmur. Gərək bunu meydançada göstərəsən. Heyətdə itkilərimiz - zədəlilərimiz, cəzalılarımız oldu. Nəticədə istər-istəməz tam istədiyimiz, optimal heyətlə oynaya bilmədik. Mən belə düşünürəm. Ola da bilsin ki, hamımız bir-birimizə güvənərək arxayınlaşdıq. Bu da mənfi təsir göstərdiyindən, qələbə qazana bilmədik. Amma indi düşünürəm ki, "Sabah" enişi arxada qoydu və Allahın izniylə irəlini fikirləşirik. İnşallah, gözəl nailiyyətlər qazanacağıq, buna inanıram. Komandama da güvənirəm. İqor Ponomaryov başda olmaqla əlimizdən gəldiyi qədər çalışıb qış fasiləsinədək xallarımızı toplayacağıq. 

 

- Ponomaryovdan söz düşmüşkən, ilk dəfədir bu baş məşqçinin rəhbərliyi altında çalışırsan. O, komandada nəyi dəyişə bildi? İqor Anatolyeviçin siz futbolçulardan əsas tələbi nədi?

- Əlbəttə, onun tələb etdiyi şeylər çoxdu. Ponomaryov tələbkar məşqçidi. Futbolçulardan əsas tələbi nəyi bacarırlar, meydanda bunu tam qoymalarıdı. Məşqlərdə də, oyunlarda da öz göstərişləri olur. Baş məşqçimizdi, nə deyirsə, onu artıqlaması ilə etməyə çalışırıq. Bu da göz qabağındadı. Ponomaryov gələndən "Qarabağ"la görüş çıxmaq şərtilə komandanın əla futbol oynadığını düşünürəm. Bunun nəticəsidir ki, həmin matçların hamsıında meydanı xalla tərk etmişik.

 

- Bəs, Cavid İmamverdiyev öz oyunundan nə dərəcədə razıdı? Əvvəlki parlaq oyununu nə vaxt görə biləcəyik?

- Əlbəttə ki, öz oyunumdan razı deyiləm. Zədələrim də oldu. Bugünkü gündə Cavid bu deyil. Fikrimcə, meydanda bundan 5-10 qat artıq  etməyə gücüm var. Buna inanıram, bunu bilirəm. İnşallah, oyunum getdikcə daha da yaxşı olacaq. Əlimdən gəldiyi qədər komandama kömək etməyə çalışacam. Bunu hər dəfə də demək olmur, gərək bunu əməldə də göstərəsən. Bunu da mövsüm ərzində edə bilərik. 

 

- Yəni, milliyə yaxın vaxtda qayıtmaqla bağlı ümidlərin qalıb? Qarşıdakı matçlara Nikola Yurçeviçdən dəvət gözləyirsən?

- Düzdür, artıq xeyi vaxtdı millidən kənarda qalmışam. Hər bir futbolçunun arzusudur ki, yığma komandada çıxış etsin. Bu, tamam başqa bir hissdi. Əlbəttə, millidən dəvət gözləyirəm və orda canla-başla iştirak etməyə hər dəqiqə, hər saniyə hazıram. Baş məşqçi məsləhət bilər çağırar. Məsləhət bilməz, daha da artıq çalışarıq ki, özümüzü sübut edək, göstərək. Bununla da millidən yenidən alaram. 

 

- Bu turun qəhrəmanı sən seçildin. Buna özünü nə dərəcədə layiq sayırsan? Seçim etmək imkanın olsaydı, turun qəhrəmanı kimi fərqləndirərdin?

- Əvvəla, bu layihənizə görə sizi təbrik edirəm. Sport24.az turla bağlı bu nominasiyaları neçə vaxtdı seçir və hər dəfə maraqla qarşılanır. Şəxsən mən hər dəfə turdan sonra bunu izləyirəm. Bu, işinizə olan diqqətin göstəricisidi. Necə ki biz futbolda möhkəm olmağa, bacardığımız qədər irəli getməyə çalışırıq, siz də işinizlə, layihələrinizlə bunu edirsiniz. Qəhrəmanlığa gəlincə, qəhrəmanlıq deməzdim. Sadəcə, ingilislər demişkən, "comeback" edə bildik. Bu, tək mən eləmədim, komanda yoldaşlarımın hesabına oldu. Təbii ki, Ponomaryov başda olmaq bütün komandanın əməyinin nəticəsidi. Düzdür, qol vurdum, məhsuldar ötürmə verdim.  Ancaq qəhrəman kimi tək özümü demirəm, bütün komandanıı qəhrəman görürəm. Hesab edirəm ki, göstərdiyi futbola, etdiyi geridönüşə görə turun qəhrəmanı "Sabah" idi, tək Cavid yox 

 

- Hazırda 3-cü pilləylə aranızda 6 xallıq fərq var. Qış fasiləsinə ilk "3-lük"də yollanmaq perspektivini nə dərəcədə real sayırsan?

- Əlbəttə. yaxşı oyunla bitmir. nəticə qazanmaq da lazımdı. Düşünürəm ki, qış fasiləsinə 3-4-cü pillələrdə qərarlaşacağıq. Komandamın buna nail olacağına inanıram. Azərbaycanda hazırda böyük potensialı olan komandalar varsa, bunun biri yüzdəyüz "Sabah"dı. İnanıram ki, klubumuz daha gözəl yerlərdə qərarlaşacaq, buna layiqdi. Məqsədimiz odur ki, yanvaradək bacardığımız qədər çox xal qazanaaq və qış fasiləsində yaxşı təlim-məşq toplanışı keçməklə mövsümün ikinci yarısında turnir cədvəlində adımıza layiq olan yerlərdə gələk. 

 

 

 

MEHMAN SÜLEYMANOV

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB