TOP 10

Ponomaryov qışdan sonra da "Sabah"ı çalışdırmağa hazırdı: "Klub Bəhlulun Avropaya çıxarılmasıyla bağlı bizdən kömək istəyərsə..."

Futbol
Tarix: 2019-11-06 11:41

"Sabah" mövsümə uğursuz başlayandan sonra baş məşqçi postunda etdiyi dəyişiklik nəticəsində "qara zolaq"dan çıxdığını demək olar. Hər halda, komanda müvəqqəti baş məşqçi təyin olunan İqor Ponomaryovun rəhbrəliyi altında yalnız lider "Qarabağ"a uduzaraq qalan 4 matçda meydanı xalla tərk edib. Artıq hesabında 8 xal olan "Sabah" turnir cədvəlində 6-cı pilləyə yüksəlib və onu 3-cü yerdə olan "Keşlə"dən cəmi 6 xal ayırır. Ponomaryov Sport24.az-a müsahibəsində bir çox məqamlara toxundu. 

 

- Qəbələdən qələbəylə qayıtsanız da, çox əsəbi matç alındı. Xüsusilə ilk hissədə müdafiədə səhvləriniz çox oldu. Bunun səbəbini nədə görürsünüz?

- O planda sizinlə razıyam ki, əsəbi qarşılaşma alındı.  Prinsipcə, oyuna hansısa nəzarət vardı. Ancaq hardasa rəqibin hücumçusu Davit Volkovdan çəkinirdik. Hansı ki bizə qol vurdu. Ondan çəkinməyimiz oyunumuza təsir göstərdi. Hamı bilirdi ki, Davit yetərincə sürətlidi. "Qəbələ"dən Roman Hüseynov kifayət qədər texnikalı, yaxşı solaxay futbolçudu. Onu da bilirdik ki, yarımmüdafiənin mərkəzində yetərincə yaxşı futbolçuları var. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Qismət Alıyev oyun planında simpatiya qazanan futbolçudu. "Qəbələ"nin futbolçuları meydanda yaxşı həərkət edirlər. Üstəlik, evdə çıxış edirdilər ki, bu da oyunda əksini tapırdı. Daha aqressiv oynamağa çalışırdıq. Oyunu normal başladıq, təşəbbüsü ələ ala bilərdik. Təəssüf ki, ilk dəqiqələrdən bunu etmədik. Məlum idi ki, "Qəbələ" 10-15 dəqiqə bizə qarşı pressinq tətbiq edəcək. Buna hazır idik, sürətli əks-hücumlara köklənmişdik. Ancaq əfsuslar olsun ki, planlarımız baş tutmadı. 

 

- Fasilədə nə dedinizsə, komanda ayıldı və ikinci hissədə əzmkarlıq göstərdi və qələbəni qopardı. Maraqlıdı ki, futbolçuları necə silkələdiniz?

- Mənə elə gəlir ki, komanda oyun planında bir az daha intizamlı çıxış edirdi. İkinci hissədə meydana çıxanda bilirdilər ki, hələ heç nə itirilməyib. Qarşıda 45 dəqiqə var və hər zaman geridönüş edə bilərsən. Bunu futbolçularımızın hamısı bilirdi və ona görə meydana sakit şəkildə çıxaraq lazım olanı etdilər. 

 

- Turda yeganə qələbə qazanan komanda "Sabah" oldu. Komandanız Sport24.az-ın birdən-birə 3 nominasiyasında fərqləndi. Şəxsən siz isə turun məşqçisi seçildiniz...

- Açığı, bunu sizdən xəbər tuturam. Saytınıza "çox sağ ol" deyirəm ki, məni buna layiq görmüsünüz. Azərbaycanda tək mən yox, başqa məşqçilər də ən yaxşı seçilə bilər. Qurban Qurbanov yaxşı məşqçidi. Sadəcə, ola bilər ki, bu turda daha çox mənim bəxtim gətirdi. Bu, başqa məsələdi. Elmar Baxşıyev "Qəbələ"də pis işləmir. Hər halda, bu nominasiyada qalib olmağım mənim üçün xoş sürpriz oldu və buna görə sizlərə minnətdaram.

 

- Turun qəhrəmanı seçilən aparıcı futbolçunuz Cavid İmamverdiyev böyük potensialı ilə seçilsə də, ona stabillik çatmır. Sizcə, bu, nəylə bağlıdı və çatışmazlığını necə aradan qaldırmaq olar?

- Açığı, bilmirəm mənə qədər nə olub. Mən komandanın başına gələndən sonra Cavid daha yaxşı oynamağa başladı. Komandamızın liderlərindən biridi. Bilmirəm ki, mənədək necə oynayıb. Nəsə deyib kimisə aşağılamaq, təhqir etmək istəmirəm. İmamverdiyev meydanda olmayanda bizdə çatışmazlıq sezilir. O, ilk matçımda yaxşı oynadı, qol vurdu. Ancaq elə həmin görüşdə də sındı, sonra yavaş-yavaş sağalaraq formasını yığmağa başladı. Əvvəlki matçda 60 dəqiqə oynamağa gücü çatdı, 70-cı dəqiqədə əvəzlədik. Çünki hərəkət etməyə gücü qalmamışdı. Bu dəfə isə 90 dəqiqə oynadı, istəyi böyükdü. Milliyə düşmək istəyir ki, bu, bizi sevindirir. O da sevindirir ki, məşqlərdə çox çalışır. Cavidə iradımız yoxdu. Qoy oynasın, qollarını vursun, komandanın lideri olsun. Bu, bizim üçün yalnız müsbət amildi.

 

- Bəhlulun qapınıza qolla nəticələnın səhvinə görə çoxmu üzüldünüz? Yoxsa bu məsələyə "təcrübəli futbolçu da səhv edir" prizmasından yanaşırsınız?

- Bəhlul gənc futbolçudu, Qəbələdəki görüşdə özünü yaxşı tərəfdən göstərmək istəyi böyük idi. Bilir ki, indi ona xüsusi diqqət var. Hamı Mustafazadəni izləyərək onu əldə etmək, öz komandasında görmək istəyir. Hansısa işarələr var ki, digərləri də onu izləyəcək. Bu, onun üçün psixoloji yükdü. Ona görə bəzi anlarda ona stabillik çatmır. Fikrimcə, Bəhlula bir az vaxt vermək lazımdı və hər şeyin öhdəsindən gələcək. Artıq zaman keçdikcə, daha stabil, daha yaxşı çıxış edəcək. 

 

- Bəhlulun artırması baxımından Avropada oynaması yaxşı olardı. Yaxşı əlaqələrinizin, oğlunuz Anatolinin FİFA meneceri olduğunu nəzərə alsaq, buna qol qoya bilərsiniz?

- Açığı, bu haqda konkret bir şey olmayıb ki, Bəhlulla məşğul olaq. Çünki indi komandayla məşğul oluruq. Perspektivli futbolçudu və ümid edirik ki, Avropada hardasa oynayar. Bu, olarsa, sevinərik. Təbii ki, buna ehtiyac olarsa, klub bu haqda bizə məlumat verərsə, kömək istəyərsə, təbii ki, buna qol qoyarıq. Ancaq hələ ki yaxşı oynayır, ona diqqət yönəlib. Qoy, oynasın, inkişaf etsin. Gəlin, onu narahat etməyək, onsuz da psixoloji cəhətdən üzərində böyük yük var. Bunu hiss edirəm ki, hamı hər qarşılaşmada daha yaxşı oynamasını gözləyir. Mən da bunu diqqətinə çatdırmışam, burda təəccüblü heç nə yoxdu. Futbolçular tələblərə cavab verməlidi. Bəhlul da onlardan biri olacaq. Məncə, onda hər şey daha yaxşı olacaq. 

 

- Ötən mövsümün sonunda Saşa Stamenkoviç inamsız çıxış edəndə transfer olunan ukraynalı Dmitri Bezruk ilk 2 turda qapıda dursa da, artıq xeyli vaxtdır  ehtiyatda yer alıb. Bu əcnəbi qapıçının "Sabah"da perspektivini necə görürsünüz?

- Komandamızda iki bərabərsəviyyəli qapıçı var. Bu da rəqabət baxımından yaxşıdı. Saşa "çərçivə"də yaxşı təsir bağışlayır ki, bu halda yerdəyişməyə lüzum yoxdu. Qapıçılarla işləyən məşqçimiz Vitali Kovalyov bizə qapıçıların son durumları haqda məlumat verir və buna əsasən seçimimizi edirik. 

 

- Qış fasiləsinədək 4 tur qalıb. Nə qədər xal toplamağı, hansı pilləyədək yüksəlməyi planlaşdırırsınız?

- Açığı, hansısa xüsui bir vəzifə qoymamışıq. Matçdan matça qarşımıza məqsəd qoyuruq. Sadəcə, meydana çxımalı, yaxşı oynamalı, 3 xal qazanmalı və yolumuza davam etməliyik. Əvvəl hamıda böyük ambisiyalar var idi. Ancaq bu futboldu, elə alındı ki, komanda istənilən oyunu göstərmədi. Buna görə "planka" hardasa aşağı düşür. Belə fikir yaranır ki, bəlkə heç zamanı tələsdirməyək. Nəticə zamanında özü gələcək. Klub oyundan oyuna məqsədə daha yaxşı yanaşır. İndi bizi əsas düşündürən komanda yaratmaqdı ki, indidən daha yaxşı olsun.

 

- Heyətdəki itkilərlə bağlı vəziyyət necədi?

- Son vaxtlar itki epidemiyası ilə üzləşdik. Ruslan Abışov "Zirə"ylə matçda zədə aldı. Cavid Tağıyev məşqdə sıradan çıxdı. Təmkin Xəlilzadə əvvəl qırmızı vərəqə alaraq cəzalı oldu, sonra o da məşqdə sındı. Qəbələdəki matça əlimizdə olan futbolçularla çıxdıq. Bəli, skamyamız geniş deyildi, ancaq nə edəsən ki...İşimizi davam etdirməliyik. Kim əlimizin altında var, onlarla çalışaraq nəticə qazanmağa səy göstəririk. Bütün komandaya minnətdaram ki, işə çox ciddi və düzgün yanaşdı. Ruslanla Cavidin növbəti turda oynaması sual altındadı. 

 

- Təmkində isə cəza bitib. Onu dərhal əsas heyətə qaytaracaqsınız, yoxsa intizamsızlığa görə bir müddət ehtiyatda saxlamaq fikrindəsiniz?

- Bəli, Təmkində cəzalı olduğu 2 rəsmi matç başa çatıb və artıq növbəti turda meydana çıxa bilər. Hər şey məşqlərdə özünü necə göstərməyindən asılı olacaq. Ən vacibi odur ki, Xəlilzadə hərəkətinə görə peşman olduğunu komanda qarşısında bildirərək üzr istədi. O, millimizin futbolçusudu və intizam məsələsinə bundan sonra xüsusi fikir verəcəyinə inanırıq.  

 

- Baş məşqçi məsələsi ilə klub rəhbərliyi ilə son günlərdə söhbətiniz olub?

- Açığı, bu hadqa söhbətimiz olmur. Çünki hələ vaxt var. İstənilən halda, baş məşqçini klub rəhbərliyi təyin edir və yeni çalışdırıcı yönündə çalışırlar. Klubla müəyyən razılaşmamız var ki, buna əsasən işimizi görürük.

 

- Birdən sabah rəhbərlik təklif etsə ki,  qış fasiləsindən sonra da komandanı çalışdırın. Bunu qəbul etmək planlarınıza daxildi? Yəni, futboldan kənar şəxsi işlərinizə maneçilik törətməyəcək? 

- Açığı, şəxsi planda belə böyük planlarım yoxdu və işimi davam etdirməyə hazıram. Bura vətənimdi, mənmuniyyətlə futbolumuza xidmət etməyə hazıram. Sonrasını artıq klub rəhbərliyi müəyyənləşdirir. Bu planda sakitəm və hansı qərar veriləcək, ona hörmətlə yanaşacam. 

 

 

 

MEHMAN SÜLEYMANOV

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB