TOP 10

Yurçeviçlə təmiz söhbət: "Bu mərəzi 20-30 faiz müalicə edə bilərik"

Futbol
Tarix: 2019-11-04 10:18

Otağına daxil olarkən yenicə Slovakiya - Uels oyununun videoyazısına baxmağa başlamışdı. Ənənəvi salamlaşmadan sonra diktofonu qoşmamış söhbətə başladı. Ürəyi dolu idi, biz də bu imkanı ona yaratdıq. Səmimi, bütün suallara açıq olduğunu tam nümayiş etdirdi. Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Sport24.az-a verdiyi müsahibədə, həm Macarıstana qarşı oyundan danışdı, həm qarşıdakı Uels və Slovakiya ilə görüşlərə toxundu, həm də mövqelər üzrə açıq təhlil apardı.

 

 

 "Azərbaycan çempionatındakı qarsılaşmaların 90 faizi millilər səviyyəsində seçmə tsikldəki oyun keyfiyyətinə yaxınlaşmır da"

 

- Gəlin, söhbətə Macarıstanla oyundan başlayaq. Razılaşın ki, millimiz gözlənilən oyunu sərgiləyə bilmədi...
- Razılaşıram. Ancaq hamı aysberqin görünən tərəfinə toxunur. Azərbaycan futbolunda İspaniya, İtaliya, İngiltərə, Fransa kimi geniş seçim yoxdu. Son rəsmi oyunumuzu keçirdiyimiz Xorvatiya ilə görüşdə iştirak edən start “11-lik”dən yığmamızın 3 üzvü sarı vərəqə, biri isə zədə səbəbindən macarlara qarşı oynaya bilmədilər. Macarıstan oyuna çox istəkli başladı. Biz isə birinci hissədə ötürmələrdə çoxsaylı səhvlərə yol verirdik. Özü də elə vacib anlarda ki, əks-hücum üçün əla fürsət yaranırdı. Məhz belə epizodlarda texniki qüsura yol verməklə, şanslarımız bünövrədəcə məhv olurdu. Ancaq təqribən 55-60-cı dəqiqədən etibarən hər növbəti anı daha yaxşı keçirməyə başladıq. Müəyyən əvəzetmələr etdik, tədricən təşəbbüsə yiyələndik və aydın oldu ki, meydan sahibləri əsəbləşməyə başlayıb. Onlar artıq gərginlikdə idilər və sonda biz hesabı bərabərləşdirdik. Bu, bizim üçün olduqca vacib qol idi. Nə yazıq ki, referi təmiz qolumuzu qeydə almadı.

 

- Hesab edirsiniz ki, baş hakim qəsdən qeydə almadı qolumuzu?
- Bunu iddia edə bilmərəm. Oyunun ertəsi gün 10-15 dəfə epizodun təkrarına baxdım. Hakim dayandığı yerdən qolun təmiz vurulub-vurulmamasını görə bilməzdi. Bax, buna tam əminəm və hesab edirəm ki, onun verdiyi qərar anormal idi. Görmədiyi epizoda dərhal qiymət verdi, özü də yan xətt hakimi ilə məsləhətləşmədən. Ardınca da dərhal 2-3 oyunçumuza sarı vərəqə göstərdi. Qəsdən belə edib-etmədiyini iddia edə bilmərəm, amma bu dəqiqdir ki, Azərbaycanın 1 xalını əlindən aldı. Hə, oyundan sonra qolun qaydalar çərçivəsində vurulduğunu etiraf etdi, bizdən üzr istədi. Amma bununla 1 xalımız qayıtmadı axı. Uelslə səfərdə xal qazanmasaq da, çox yaxşı oynadıq və matçın sonlarında buraxdığımız qolla məğlub olduq. Ardınca Xorvatiya ilə bərabərliyə qaldıq. Daha sonra yoxlama görüşündə Bəhreyni səfərdə 3:2 məğlub etdik. Həmin Bəhreyn bundan bir neçə gün sonra güclü İranı məğlub etdi. Nəhayət, macarlara qarşı matçda hakim xalımızı əlimizdən aldı. Deməyim odur ki, milli inkişaf edir, artan qrafik cızır.

 

- Yanılmıramsa, Cavid Hüseynov saytımıza müsahibəsində belə bir açıqlama vermişdi ki, futbolçularımız beynəlxalq oyunların əvvəlində çox həyəcanlı olurlar və qol buraxdıqdan sonra psixoloji yükü üzərlərindən atıb bacardıqları futbolu göstərə bilirlər. Bu mərəzdən müalicə vaksini yoxdu?
- Bunu biz 20-30 faiz müalicə edə bilərik. Milli üzvlərimizin 80 faizi Azərbaycan Premyer Liqasında çıxış edirlər. Avropada oynayan 4-5 futbolçumuz isə heç də istənilən oyun praktikası qazanmır. Azərbaycan çempionatındakı qarsılaşmaların 90 faizi millilər səviyyəsində seçmə tsikldəki oyun keyfiyyətinə yaxınlaşmır da. Azərbaycan çempionatının səviyyəsi ilə beynəlxalq oyunlarda tələb olunan keyfiyyət fərqlidi. Hər gün İspaniya, İtaliya, İngiltərə çempionatlarının oyunlarına baxıram. Bu ölkələrin çempionatları Azərbaycan Premyer Liqası ilə müqayisə oluna bilməz. Bəs nəyin hesabına güclü rəqiblərlə yaxşı oynaya bilirik? İntizamlı, kompakt futbol sərgilədiyimizə görə. Bax, buna görə də bizdən xeyli güclü yığmalar Azərbaycanla oyunlarda əziyyət çəkirlər. Daha yaxşı olmağımız üçün hər xətdə heç olmasa bir oyunçumuz Avropaya getməli, legioner həyatı yaşamalıdır.

 

- Fikrimcə, işiniz bir qədər artıb. Niyə? Çünki əvvəllər bir mövqeyə 1 oyunçu var idisə, indi bütün mövqelərdə rəqabət görürük. Yəni, kimsə sıradan çıxsa, onu əvəzləyə biləcək oyunçu var...
- Bəli, alternativlərimiz çoxalıb. Bu, pozitiv məqamdır. Ancaq bir daha təkrar edirəm, azərbaycanlı futbolçular heç olmasa ortabab Avropa klublarında çıxış etməlidirlər.

 

 

"Artıq qışda, uzağı yayda Bəhlul Mustafazadə legioner həyatı yaşayacaq"

- Bəhlul Mustafazadə barədə fikirləriniz maraqlıdır...
- O, millimizin heyətində Avropanın 3 Top komandasına qarşı forma geyinib. Bütün bu görüşlərdə də yetərincə inamlı oynayıb. Nə Uels, nə Xorvatiya, nə də Macarıstana qarşı matçlarda bu futbolçunun gözündə qorxu yox idi. Bəhlul özünə əmindir, bu da olduqca vacib faktordur. Mərkəz müdafiəçisinə tələb olan keyfiyyətləri özündə cəmləyib. Hesab edirəm ki, artıq qışda, uzağı yayda Mustafazadə legioner həyatı yaşayacaq. Çox perspektivli və parlaq gələcək vəd edən gənc futbolçudu.

 

- Emil Balayev. Bəli, qolkiper hazırda Qazaxıstan çempionatında çıxış edir. Hər halda, Qazaxıstan Avropa deyil...
- Fikrimcə, Emilin də daha güclü futbol ölkəsində çıxış edəcəyi gün uzaqda deyil. Ancaq Balayevin mövqeyi daha ağırdı. Ona görə ki, legioner qapıçı alınırsa əsas heyətdə çıxış etməlidi, həmin mövqe isə hər komandada cəmi bir dənədi. Bu, xüsusi mövqedir. Daha elitar çempionatlarda sürət, gərginlik daha yuxarıdır. Ancaq hesab edirəm ki, Emil bu cür davam etsə, onun daha güclü çempionatda çıxış edəcəyi gün uzaqda deyil.

 

 

"30 nəfərlik geniş siyahıda Rəhman Hacıyevin də var, ancaq..."

- Son zamanlar milliyə dəvət almayanlar sırasında, lakin qarşıdakı oyunlara namizəd kimi gördüyümüz Rəhman Hacıyev barədə fikriniz maraqlıdı. Heyəti hələ açıqlamamısınız, amma maraqlıdı, potensial namizədlər siyahınızda Rəhmanın adı varmı?
- Azərbaycan çempionatının bütün oyunlarını izləyirəm. Ancaq futbolçu meydanda olmursa, onun barədə müfəssəl informasiyam ola bilməz. Bir çox oyun olub ki, Rəhman meydana çıxmayıb. Çox maraqlı oyunçudu. Məsələn, “Sumqayıt”a qarşı oyununu izlədim. Çox yaxşı idi. Amma bir oyunla stabillik olmur. Çoxlu oynamaq lazımdı ki, praktika sarıdan da əziyyət çəkməyəsən. Beş oyun buraxıb, birində meydana çıxırsansa, milliyə dəvət almaq şansın çox azdı.

 

- Ancaq Hacıyev son oyunlarda meydanda olur...
- 30 nəfərlik geniş siyahıda Rəhmanın adı var. Ancaq milliyə kimlərin dəvət alacağına dair hələ qəti qərar verməmişəm.

 

 

- Oyun praktikasının vacibliyini vurgulayırsınız. Maraqlıdı, bəs onda milliyə dəvət alan Şahruddin Maqomedaliyevi hansı kriteriyalara əsasən dəvət edirsiniz?
- Sevirəm belə açıq sualları. Milliyə 3 qapıçı dəvət alır. Bunlardan ikisi start heyətinə düşmək ugrunda mübarizə aparır. Üçüncü qapıçıya gəlincə, onun meydana çıxmaq şansı demək olar ki, yoxdu. Həmin mövqeyə dəvət etdiyim əlcək sahibi perspektivə, habelə ümumi ab-havanı yaxşılaşdırmaq məqsədilə heyətə cəlb olunur. Yəni, 3-cü qolkiper rəqabət üçün çağırılmır. Burda bir məqam da önəmlidi: 3-cü qapıçı az da olsa, oyun praktikasına malik olmalıdı. Xatırlayırsınızsa, Şahruddin “Qarabağ”ın heyətində az da olsa, meydana çıxırdı. Ancaq Asmır Beqoviçin gəlişindən sonra o, ehtiyatda qalır.

 

 

"Mirabdulla yenidən əzmkarlıqla üzərində işləməyə başlasa, 2-3 aydan sonra millinin minimal tələblərinə cavab verən səviyyəyə gəlib çata bilər"

- Seçmə tsiklin əvvəlində dəvət etdiyiniz Mirabdulla Abbasov gözdən itib və subyektiv fikrimizdir ki, o, bu dəfə də dəvətlilər sırasına düşməyəcək. Bu gənc forvardın eniş yaşamasının səbəbini nədə görürsünüz?
- Azərbaycana yeni gəldiyim dövrlərdə bütün oyunçuları yaxından tanımağa çalışdım. Həmin vaxt “Neftçi”də oynayırdı. 23-24 yaşında, meydana çıxmaq şansı qazandıqda qeyri-adi hərəkətləri ilə rəqib mudafiəçilərə problem yaşatmağı bacaran bir futbolçu idi. Bəyənmişdim, perspektivini də görürdüm. Daha sonra “Neftçi” Sansoneni aldı, Mirabdullanın oyun praktikası bir qədər azaldı. Ardınca o, komandasını dəyişdi. Hesab edirəm ki, yaxşı futbolçu olmaq istəyirsənsə, hər gün mübarizə aparmalısan, hər oyuna həyatının ən vacib qarşılaşmasına çıxdığın kimi yanaşmalısan və bunun üçün də ortaya xarakter qoymalısan. Bəli, Mirabdulla perspektivlidi, amma o, daim öz üzərində işləməlidir.

 

- Sizə elə gəlmir ki, Abbasov özünü ulduz sandı?
- Bilirsiz, bu suala cavab verməkdə çətinlik çəkirəm. Millinin düşərgəsində olduğu vaxt çox pozitiv, əzmkar təsir bağışlayırdı. Ancaq futbolçu hər gün formasını geyindiyi klubda olur, ona görə diaqnoz qoymaqda çətinlik çəkirəm. Ancaq bir şeyi dəqiq deyə bilərəm ki, yenidən əzmkarlıqla üzərində işləməyə başlasa, 2-3 aydan sonra millinin minimal tələblərinə cavab verən səviyyəyə gəlib çata bilər. Buna onun perspektivi imkan verir.

 

- Daha bir qayğılı məqam Ramil Şeydayevlə bağlıdı. Son zamanlar yaşıl meydana həsrətdi...
- Macarıstana qarşı oyunla bağlı problemlərdən danışmışdıq. Bax, daha bir problem aparıcı oyunçulımımızın məhz oyun praktikasından məhrum olmasıdı. Diqqət yetirin, milliyə 3 forvard dəvət olmuşdu. Ramil haqda danışdıq. Renat Dadaşov oynayır, amma yalnız oyunun sonlarında meydana çıxır. Rüfət Dadaşov da gah oynayır, gah ehtiyatda qalır. Ancaq xoşbəxtliyimiz bundadır ki, Şeydayev milliyə oyun praktikası olmadan gəlsə də, ən parlaq formada özünü göstərə bilir. Bəli, bütün məntiqlərə əsasən Ramil millinin düşərgəsinə həm fiziki, həm də psixoloji cəhətdən geriləmiş formada gəlməlidir. Ancaq bu oğlan millinin hər oyununda ürəyini qoyur və hesab edirəm ki, komandamızın əsas hücumçusu mövqeyini haqq edib. Qol da vurur, 90 dəqiqə durmadan pressinq də tətbiq edir. Bəli, çox narahatam ki, oynamadıqca geriləyə bilər. Ancaq hələlik o döyüşkənliyi ilə praktikasızlığı kölgədə qoyur.

 

 

"Uels və Slovakiya ilə bəxtimiz bir qədər gətirsə, hər iki görüşdən müsbət nəticəylə ayrıla bilərik"

- Qara Qarayev nəhayət ki, irəliyə oynamağa başlayıb, özü də kifayət qədər effektiv. Bu, sizin tələbinizdi?
- Qaranın yaxşı fiziki dözümlülüyü, texniki hazırlığı var. Hesab edirəm ki, o, yarımmüdafiənin mərkəzində universal funksiya yerinə yetirə bilər.

 

- Keçək cinah hücumçuları mövqeyinə. Nədənsə bu yerdə milli üzvlərimizin oyunu ya həddən artıq keyfiyyətli alınır, ya da olduqca uğursuz - qızıl orta müşahidə olunmur. Oyunun yaxşı alınması ilə işimiz yox, bəs bərbad olanda səbəb nədi?
- Fikrimcə, bu, oyunun əvvəli ilə bağlı məqamdır. Oyunu üzərinə götürən vingerimiz 1, 2, 3 epizodda vizavisindən sıyrıla bilmirsə, psixoloji cəhətdən səddi aşa bilmir. Müəyyən mənada rəqibindən çəkinməyə başlayır, daxilində özünə qarşı inamsızlıq yaranır. Və əksinə, əgər ilk cəhdlərdən birində rəqibini arxada qoya bilirsə, bir əminlik formalaşır ki, bu oyunçu “dişimə görədi”.

 

- Pavel Paşayev. Bəli, bu futbolçu Ukraynada oynayır, amma gördüklərimizə əsasən deyə bilərik ki, millimizin tələblərinə artıq cavab vermir. Bu mövqeyə alternativ olaraq Abbas Hüseynov var. Abbasa tam güvənmək olarmı?
- Abbas namizədlər sırasındadır. Mənə onun “Qarabağ”da nə qədər oynaması vacibdi. Əvvəllər bu oyunçuya diqqət yetirmirdim, çünki iş başında görmürdüm. Amma bir ay oldu ki, 4-5 oyunda meydana cıxdı, “Sevilya" kimi rəqibə qarşı forma şansı qazandı. Oyun keyfiyyətləri məni sevindirdi. Gəncdir, sürəti var, hücuma qoşulmağı sevir - dərhal onu milliyə dəvət etdim. Ancaq sabah necə olacağını bilmirəm. Abbas oynamalıdı ki, milliyə də dəvət alsın.

 

- Bəli, millimiz məzmunlu oyun sərgiləyir, bəli bir sıra qarşılaşmalarda yalnız bəxtsizlik səbəbindən uduzub, amma seçmə tsikl başa çatmaq üzrədir, bar yığmağın vaxtıdı. Uels və Slovakiya ilə matçlardan bəhər gözləyək?
- Şəxsən özüm Azərbaycan millisində xeyli sayda pozitiv məqamlar müşahidə edirəm. Məsələn, heyətə xeyli sayda gənc - 20-23 yaş aralığında futbolçu cəlb olunub. Bu, milli komandanın yaxın perspektivindən xəbər verir. Reytinq sıralamasında Azərbaycandan xeyli öndə olan Xorvatiya, Uels, Macarıstana qarşı layiqli futbol sərgiləmişik. Slovakiya ilə görüşün 30 dəqiqəsində baxımlı oyun sərgilədik. Xorvatiya ilə səfərdə nəinki 1, 3 xala yaxın idik. Uelslə səfərdə heç-heçənin bir addımlığında idik. Macarıstanla görüşdə xalımızı hakim aldı. Bax, bu məqamlar pozitiv fikir formalaşdırır, optimist düşüncələrə zəmin yaradır. Hesab edirəm ki, Uels və Slovakiya ilə bəxtimiz bir qədər gətirsə, hər iki görüşdən müsbət nəticəylə ayrıla bilərik.

 

- Qrupda son matç səfərdə Slovakiyaya qarşıdı. Futbolçularımızın Bakıdakı 1:5-i göz önünə alaraq, Trnavada dizləri əsməyəcək?
- Məncə, heç bir qorxu olmayacaq. Birincisi, bu, çoxdan olub, üstündən xeyli vaxt ötüb. İkincisi, həmin görüş qəribə xarakterdə keçdi. Çünki biz normal futbol oynayırdıq. Rəqib ardıcıl iki dəfə Avropa səviyyəli qola imza atdı. Yəni, oyun təkqapıya getmirdi ki, deyəsən, slovaklar hansısa qeyri-adi səviyyədə oyun sərgiləyirdilər. İlk 15 dəqiqədə bərabər oyun gedirdi, hesabı açdılar. Ardınca yenə normal oynayırıq, Kuçka ikinci qolu vurur. Biz hücum edirik, fərqi azaldırıq, Hamşik 30 metrdən fantastik qola imza atır. Ardınca Araz Abdullayev 100 faizli imkanı qaçırır və bundan sonra oyunun ipi qaçır. Həmin anda fərq minimuma ensəydi, əminəm ki, tam fərqli oyuna şahidlik edəcəkdik. Ancaq bu futboldu, bu oyunda hər an hər şey dəyişə bilir.

 

 

 

CEYHUN ƏLİYEV

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB