TOP 10

Beyinlə yazılan tarix: qadınlardan ibarət şahmat yığmamızın zəfər yürüşünə baxış

Şahmat
Tarix: 2019-11-03 16:08

Ötən gün Batumidə kişi və qadınlar arasında təşkil olunan şahmat üzrə komanda çempionatı başa çatdı. Qitə birinciliklərinin üçqat qalibi olan kişilərdən ibarət yığmamız turnirdə uğursuz çıxış etsə də, heç kimin gözləmədiyi halda zərif cins nümayəndələrimiz ölkəmiz adına tarixi nəticəyə imza atdılar. Qızlarımızın yekun cədvəldə bürünc medala layiq görülməsi şahmat tariximizə qızıl hərflərlə yazıldı. Bu fantastik uğura gəlin, birlikdə nəzər salaq.

 

 

Məğlubiyyətdən çıxarılan dərs

İlk turda zəif Latviya ilə üz-üzə gələn millimiz dörd lövhənin hamısında qələbə qazanaraq, uğurlu debütə imza atdı. Ancaq artıq ikinci turda xanım şahmatçılarımız İspaniya ilə döyüşdən fiaskoyla ayrıldılar: yalnız birinci lövhədə çıxış edən Günay Məmmədzadə xalı yarı bölməyi bacardığı halda, digər qızlarımız “ağ bayraq” qaldırdı. Kim fikirləşərdi ki, qarşıdakı 7 turda millimiz bir daha məğlub olmayacaq!? Ancaq fədakar qızlarımız inanılmazı reallaşdırdılar.

 

Üçüncü turda rəqib Avstriya yığması idi ki,  yığmamız rəqibini darmadağın etdi - 4:0! Turnirin 4-cü turu daha gərgin mübarizədə keçdı. Rumıniya yığması ilə üz-üzə gələn gənc millimiz Xanım Balacayevanın məğlubiyyətinə rəğmən, aktivinə növbəti 2 xalı yazdırmağı bacardı - Gülnar Məmmədovanın xal bölgüsünə Günay Məmmədzadə və Türkan Məmmədyarovanın qələbələri əlavə olundu ki, yekun nəticə 2,5:1,5 qızlarımızın xeyrinə nəticələndi. Balacayeva 5-ci turda da uduzdu. O, bu dəfə İtaliya yığmasını sevindirmişdi. Ancaq komanda ruhu nümayiş etdirən digər xanım şahmatcılarımız Xanımın uğursuzluğunu sığortaladılar: Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovanın qələbələri ümumi hesabda aktivində növbəti iki xalı təmin etdi - 2,5:1,5.

 

 

Ağır artilleriyaya qarşı

Altıncı tur. Rəqib turnirin reytinq favoriti Rusiya yığmasıdı. Hansısa uğura imza atmaq istəyirsənsə, mütləq favoritlərlə döyüşdə bacarığının 110 faizini ortaya qoymalısan. Ancaq hər lövhədə rəqibindən orta hesabla 150-dən də artıq reytinq balı arxadasansa, uğurlu nəticə barədə heç düşünə bilmirsən. Amma...

 

Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova və Türkan Məmmədyarovadan hamı böyük fərqlə məğlubiyyət gözləsə də, qızlar inanılmazı reallaşdırdı - 4 lövhənin hər birində xallar yarı bölündü! Bax, əsl imtahan bundan sonra başlandı. Niyə? Çünki ruslara qarşı uduzacaqları təqdirdə millimizi tənqid etmək heç kəsin ağlından keçməyəcəkdi. İndiki halda isə reytinq-favorit, qarşısına çıxanı əzib keçən ruslarla heç-heçədən sonra qarşıdakı 3 turda üfüqdə görünməyə başlayan medala boylanmaq şansı yaranmışdı. İndi hər bir səhv həmin arzunun məhvi demək ola bilərdi. Bu vəziyyətə kişilərdən ibarət yığmamız düşsəydi, heç bir narahatçılığa əsas olmazdı. Çünki üçqat Avropa çempionları belə psixoloji təzyiqi çox görüblər. Amma qızlar... İndiyədək böyük komanda turnirlərində heç bir uğuru olmayan zərif cins nümayəndələrimiz üçün düşdükləri vəziyyət ilk idi. Ruslardan sonra isə büdrəmək çox acı olardı...

 

Bütün problemlər bir tək Rusiya ilə qurtarsaydı, nə var idi ki. Çempionatın 7-ci turunda qızlarımızın rəqibi meydan sahibi - reytinq sıralamasında ikinci olan Gürcüstanın əsas yığması idi. Bu turnirdə Günay Məmmədzadə ilk lövhəni əla mühafizə etdi. O, çox fədakar döyüşdü, amma qaralarla Nana Dzaqnidzeyə qarşı tab gətirə bilmədi və turnirdə yeganə məğlubiyyətini məhz gürcü şahmatçıdan aldı. Xilas olmaq alınacaqmı? Axı, digər lövhələrdə əyləşən qızlarımız da reytinqdə gürcü vizavilərindən geri qalırlar. Ağ fiqurlarla oynayan Xanım Balacayeva və Türkan Məmmədyarova xalları yarı böldülər, amma qaralarla oynayan Gülnar Məmmədova Bela Xotenaşvili ilə partiyanı xeyrinə bitirməyi bacardı. Gürcüstan yığmasından da 1 xal qoparan millimiz narın-narın üfüqdəki görüntünü yaxınlaşdırırdı.

 

VIII tur. Səngərin obiri tərəfində Fransa yığmasıdı. Millimizin aktivində 10, rəqibin isə 9 xalı var. Əgər əvvəlki 2 turda yığmamız üçün xal bölgüsü uğur sayılırdısa, indiki halda mütləq qələbə qazanmalı idik...əlbəttə, yığmamızın Vətənə medalla dönmək fikri var idisə. Üçüncü lövhədə mübarizə aparan Ülviyyə Fətəliyevanın əsəbləri dözmədi. Almira Skrupçenko ilə partiyada qara fiqurlarla oynayan Ülviyyə məğlub oldu. Ancaq xalları bölən Xanım, Balacayevadan fərqli olaraq, digər iki təmsılçimiz - Günay Məmmədzadə və Gülnar Məmmədova... Napoleona Moskvaya çatmaq nəsib olmuşdusa, bu, müvəqqəti xarakter daşımışdı. Skripçenkonun qələbəsi kimi. Günay və Gülnarın qələbəsi tərəzinin gözünü millimizin xeyrinə dəyişdi. 2,5:1,5 hesablı qələbə qazanan xanım şahmatçılarımız 8 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmışdılar.

 

 

Qiyamətə qalmayan qisas

Həyat qəribəliklərlə doludu. Batumidə uğursuz çıxış edən kişi şahmatçılarımız 8-ci turda Ermənistana məğlub olmaqla medal şanslarının da üstündən xətt çəkdilər. “Qisas qiyamətə qalmaz” - deyib atalarımız. IX turun püşkü atılır və aydın olur ki, qadınlardan ibarət yığmamızın Avropa çempionatında medala gedən yolda son rəqibi ermənilərdir.

 

Haşiyə. Sıravi azarkeş klaviatura arxasında əyləşib “udmalısınız”, şahmatda açıq və qapalı debütü ayırmayan blogger “udmalısınız” tipli virtual tələb qoyur. Ancaq məsələnin mahiyyəti fərqlidi. Səkkiz tur - hər lövhə arxasında ümumilikdə 30-35 saat keçirmiş şahmatçı həlledici, həyati önəm kəsb edən matça çıxır və qarşısında düşmən ölkənin təmsilçilərini görür.  Oyun öncəsi gecəni necə yatmaq olar? Həyəcanı, stressi necə boğmaq olar? Səhvsiz necə keçinmək olar?

Lilit Mkrtçyan, Elina Danielyan kimi zəngin təcrübəyə sahib şahmatçıları olan ermənilər əlbəttə ki, psixoloji üstünlüyə malik idilər. Onlar bu cür həlledici turlarda çox iştirak ediblər, bizimkilər isə “nə yatıblar ki, nə yuxu görsünlər”. Doğrudu, ermənilər medal şanslarını saxlamaq üçün qələbəyə oynamalıdırlar, çünki son tur öncəsi yığmamızdan 1 addım geridədirlər - 11 xalları var. Ancaq qadın şahmatı kişi şahmatından çox fərqlənir. Burda sadə epizodda qələbəni görməmək, bir göz qırpımında böyük üstünlüyü çıxılmaz vəziyyətə çevirmək kimi hallara tez-tez rast gəlmək olar. Debütdən qızlarımız normal çıxdısa, mittelşpildə addım-addım təşəbbüsə yiyələnməyə başladılar. İlk olaraq partiyasını qaralarla Danielyana qarşı oynayan Xanım Balacayeva bitirdi. Balacayevanın kiçik üstünlüyü olduğu partiyada tərəflər üçqat təkrarla xal bölgüsünə razılaşdılar. Həmin vaxta ən qabarıq üstünlük Gülnar Məmmədovanın partiyasında müşahidə olunurdu. Anna Sarqsyanın müdafiə redutlarını parça-tikə edən Məmmədovanın üstünlüyü artdıqca həyəcanı da çoxalırdı. Elə bu səbəbdən idi ki, 4-cü lövhədə mübarizə aparan həmyerlimiz ən güclü gedişləri görmürdü... Günay Məmmədzadə Mkrtçyanla mübarizədə o qədər də ürəkaçan vəziyyət almamışdı. Amma ilk lövhədə döyüşən Məmmədzadə addım-addım, qarış-qarış əvvəlcə mövqe tarazlığına nail oldu, ardınca  isə tam təşəbbüsə sahib oldu... Üçüncü lövhədə Ülviyyə Fətəliyeva “qırmızı xətt”i keçməyə dəfələrlə yaxın olsa da, hər dəfə ən düzgün gedişlərlə Mariya Gevorgyanın tələlərindən qurtula bilirdi... Qayıdaq 4-cü lövhəyə. Gülnar nə qədər qeyri-dəqiq oynasa da, Sarqsyan da həyəcanını boğa bilmirdi. Qələbə yaxında idi. Ancaq gözlənilmədən tərəflər xal bölgüsünə razılaşır. Axı, niyə? Bunun üçün digər iki lövhəyə boylanmalı olduq. Fətəliyeva oyunu tam bərabərləşdirmişdi, Məmmədzadə isə Mkrtçyanı bütün cəbhələr boyu əzmişdi. Qələbə, bunula da uzaq üfüqdən ən yaxın məsafəyədək yaxınlaşan bürünc medal röyadan reallığa çevrilməkdədir... Nəhayət Günay erməni rəqibini saatı saxlamağa və məğlubiyyətini elan etməyə məcbur edir! Digər lövhədə də mübarizə az sonra başa çatır: Ülviyyə heç-hecəsi ilə millimizin 2,5:1,5 hesablı qələbəsini rəsmiləşdirir! Bürünc bizimdi, 27 il sonra qadınlardan ibarət şahmat yığmamız tarixi nəticəni təkrarlayır!

 

Bu zəfərdə hər kəs pay sahibi oldu, ancaq iki şahmatçımızın nəticələrini xüsusi olaraq qeyd edərdik. Söhbət birinci lövhədə mübarizə aparan və bütün rəqib yığmaların ən güclüləri ilə qarşılaşmalı olan Günay Məmmədzadə və çempionatda bir məğlubiyyət belə almayan, əksər rəqiblərini boğmağı bacaran Gülnar Məmmədovadan gedir.  Məmmədzadə keçirdiyi 8 partiyada 5,5 xal, Gülnar isə eyni sayda görüşlərdən 6,5 xal topadılar.

 

İndi bu komandanın üzərində daha çox işləmək, lazımi maliyyə dəstəyi ayırmaq Azərbaycan Şahmat Federasiyasının boyun borcudur. Ki, növbəti uğuru daha 27 il gözləməyən. Zəfərin(m)iz mübarəkdir, qızlar!

 

 

 

CEYHUN ƏLİYEV

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB