TOP 10

Volkan Üstlə ən böyük arzudan “damda yaşayan Karlson”adək: “Mənə dedi ki, sən əsl azərbaycanlısan”

Futbol
Tarix: 2019-11-01 14:08

Bu gün “CBC Sport” kanalının yaranma günüdür. Həmkarlarımız 4 yaşlarını qeyd edirlər. Yarandığı gündən ölkə idmanına ən üst səviyyədə dəstək olan kanalın baş direktoru Volkan Üstlə Sport24.az-a müsahibəsini də geriyə boylanmaqla başladıq.

 

- Arxada qalan 4 il necə keçdi?
- Quş kimi uçdu. Heç inanmaq olmur ki, artıq 4 yaşımız oldu. Elə bil dünən başlamışıq, amma zaman uçur.

 

- Arxaya boylanarkən, müsbət nələri görürsünüz, ürəyinizcə olmayan hansı məqamlar var?
- Media işi, içi siz də, biz də qarışıq, elədir ki,  nə etməyimizdən asılı olmayaraq, bəyənməyən insan çox olur. Düzünü danışanı çox sevməzlər. Türkiyədə belə bir atalar məsəli var: “Doğru söyləyəni 9 kənddən qovarlar”. Ancaq biz öz yolumuzu tutmuşuq və belə də davam edəcəyik. “CBC Sport”un ən önəmli markası azadlıqdı, bütün redaksiya heyətimiz də bunu bilir. Ölkə qanunvericiliyinə zidd olmayan hər bir fikri dinləməyə hazırıq. Ən böyük mübahisələr bəlkə də kollektiv içərisində yaşanır. Çünki fikir azadlığı hökm sürür. Mənfi heç nə görmürəm. Arxaya boylananda komandamızın nə qədər irəliyə getdiyini görürəm.

 

- Bəs 5-ci ildən gözləntiləriniz nədi?
- Ən böyük gözləntim rəqəmsal texnologiyaya keçidimizdi. Bu yöndə işlərə başlamışıq. Həm android, həm iphon aplikasiyalarında matçları izləmək mümkün olacaq. Çox maraqlı addımlar atacağıq.

 

- Bəlkə bir az “mətbəx”ə girək?
- Buyurun.

 

- Ölkəmizdə futbol ən populyar idman növüdür və rəhbəri olduğunuz kanal Azərbaycan Premyer Liqasının yayımçısıdı...
- Tək futbol deyil, basketbol, futzal, voleybol, karate, cüdo - fərq etmir, istənilən müraciətə biz müsbət və təmənnasız açığıq.

 

- Məsələnin başqa tərəfinə toxunmaq istəyirdik. Hazırda bir bölgə - Qəbələdən canlı yayımlar təşkil edirsiniz. Növbəti mövsüm bölgə təmsilçilərinin sayının artacağı gözlənilir. Buna hazırsınız?
- Bu suala televiziya mövqeyindən cavab verəcəm. Bölgələrdə keyfiyyətli çəkiliş aparmaq üçün şərait varmı? Bölgələri bir kənara qoyaq hələ, Bakıdakı stadionlarda belə imkanlar varmı? Vizual görüntü - ot örtüyü, paltardəyişmə otaqları, tablo, oturacaqlar ideal vəziyyətdədi. Ancaq çəkiliş üçün imkanlar çox məhdud və keyfiyyətsizdir. Söhbət işıqlandırmadan, hansı gərginliklə verilməsindən, kameralarımızın quraşdırılacağı yerlərdən gedir. Zirədə 4 ildi operatorlarımızı iplə bağlayırıq ki, bədbəxt hadisədən sığortalayaq. Şərhçilərimiz heç bilirsiniz hardan reportaj aparırlar? Damdan! Keyfiyyətli çəkiliş üçün normal şərait olmalıdı. Bəli, Mingəçevir, Qazax, digər bölgələrimizdən reportajlar hazırlamışıq, amma istədiyimiz keyfiyyəti ala bilmirik.

 

- Növbəti mövsüm Gəncə və Tovuzun Premyer Liqada təmsil olunacaqları barədə söz-söhbət dolaşır. Yayımı necə təşkil edəcəksiniz?
- Dedikləriniz rəsmiləşsə, həmin klubların qarşısına öz tələblərimizi qoyacağıq. Gəncədən reportajlar təşkil etmişik, amma çəkiliş üçün imkan çox pisdi. Nəyi deyim, onsuz da həmin vaxt siz də bütün oyunları Gəncədən işıqlandırırdınız, şəraitlə yaxından tanışsınız. Mənfi tərəflərlə yanaşı, müsibəti də deməliyəm. “Qəbələ” rəhbərliyi çəkiliş üçün yeni bir platforma düzəltdi, “Qarabağ" şərhçilər üçün otaq düzəltdi - bunlar işimizi xeyli rahatlaşdırdı. Avrokuboklara gedən klublar keyfiyyətli çəkilişin aparılmasının onların PR baxımından nə qədər faydalı olduğunu görürlər.

 

- Məşhur bir cizgi filmi var - “Damda yaşayan Karlson”. Şərhçiləriniz Zirədə nə qədər “Karlson”luq edəcəklər? “Zirə” rəhbərliyinin əməkdaşlarınızı yerə salmaq fikri varmı?
- Fikirlərimizi PFL rəhbərliyinə çatdırdıq. Əslində bu, böyük xərc tələb edən məsələ deyil. Sanki gözdən qaçır dediklərimiz. Kanalımızın Azərbaycan futboluna göstərdiyimiz ən böyük xidmət bu illər ərzində keyfiyyətli arxivin formalaşdırmasıdı. Zaman gələcək burda nə mən olacam, nə Şəmsəddin Abbasov, amma fəxr edirəm ki, belə bir iz buraxmış olacağıq. Gələcəkdə deyilməsin ki, niyə filan çəkiliş keyfiyyətsiz olub. “CBC Sport” son 4 il ərzində ölkə çempionatı və Kubok qarşılaşmalarının 98 faizini mavi ekranlara daşıyıb. Belə bir göstərici müstəqillik dönəmində olmamışdı.

 

- Digər komandaların stadionlarında vəziyyət necədi?
- Sumqayıtda stadionun quruluşunda problem var. Bunda kimisə günahlandıra da bilmirsən. Çünki azarkeşləri nümayiş etdirmək üçün çəkilişi qarşı tərəfdən aparmalıyıq. Ancaq ordan da çəkiliş aparanda istədiyin rakursu tuta bilmirsən.

 

- Ok, bəs istədiyinizi böyük ölçüdə həyata keçirə bildiyiniz stadionlar hansılardı? Ümumiyyətlə, belələri varmı?
- Ən ideal şərait Bakı Olimpiya Stadionundadı. “Dalğa Arena” - şokoladdır, şokolad! Hər cür şərait var orda. “Bakcell Arena” böyük ölçüdə tələblərimizə cavab verir. Orda sadəcə, şərhçi kabinası yoxdu. Külək şərhçini məhv edir. Kimin növbəsinə düşdüsə, deməli, ertəsi gün qızdırması təmin olunub.

 

- Deyəsən, müəllif verlişləri yavaş-yavaş azalır...
- Yox azalmır, amma efir vaxtı azalır. Çoxsaylı matçlar yayımlayırıq. İndi basketbol çempionatının da yayımına start vermişik. İnşallah, voleybol da yenidən inkişaf mərhələsinə qədəm qoyar. Çox arzulayıram ki, şərhçilərimizlə azarkeşləri bir araya gətirək. Hər iki tərəf fikirlərini azad ifadə edə bilsin. Bilirsiniz, klaviatura arxasında oturub düymələri basmaq başqa, üz-üzə gəlib fikir mübadiləsi aparmaq ayrı. Hə, qış fasiləsində də Fatih Terimlə bir müsahibə planlaşdırmışıq.

 

- Telekörpü ideyasını həyata keçirmək barədə düşünməmisiniz?
- İdeya olaraq, əla təşəbbüsdür. Ancaq bunu həyata keçirmək üçün bir xeyli məsələlər müsbət həllini tapmalıdı. Bu, həm ortaq mövzuların olması, həm mövzunun ortaq auditoriyanın maraq dairəsinə daxil olması, həm reklam çarxlarının hansı formada təqdim olunması və s. kimi məqamlardı. Ancaq ölkə xaricində fəaliyyət göstərən həmkar-həmvətənlərimizlə sıx əməkdaşlığa başlamağı planlaşdırırıq. Məsələn, Elvin Kərimovla.

 

- “CBC Sport”un 5-ci ilində özünüzə ən böyük arzunuz?
- Ən böyük arzum əməkdaşlarımızın məvacibinin hər növbəti ayın 1-də kartlarına otuzdurulmasıdı. İnşallah, bu dəfə də istisna olmayacaq. Zənnimcə, bu hər bir rəhbər şəxsin arzusudur ki, məşhur “fəhlənin təri soyumamış əməkhaqqısını ödə” məsəlinə riayət edə bilsin. Macarıstan millisi ilə görüşə təyyarədə yollanarkən hörmətli Rauf Əliyev - AFFA-nın I vitse-prezidenti ilə yanaşı oturmuşduq. Onun bir sözü məni çox duyğulandırdı: “Volkan bəy, sən əsl azərbaycanlısan”. İnanın, bu, mənim işimə ən yüksək dəyər oldu.

 

Sport24.az kollektivi “CBC Sport”un bütün yaradıcı heyətini 4 yaş münasibəti ilə təbrik edir, bu fədakar işlərində bol-bol uğurlar arzulayır.

 

CEYHUN ƏLİYEV

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB