TOP 10

U-19 yığmamızın heyətində siqaret çəkənlər hansı klubların oyunçularıdı? Siz də futbolçusunuz, Espozito da?

Futbol
Tarix: 2019-10-24 12:26

Ötən gün U-19 millimizin Çexiyada keçirilmiş Avropa çempionatının ilkin mərhələsi müddətində bir neçə futbolçusunun intizam qaydalarını pozmaları - qaldıqları oteldə siqaret çəkmələri barədə (Sportfm) məlumat yayıldı. Daha sonra həmin oyunçuların AFFA tərəfindən cərimələndiyi bəyan edildi. 


Sport24.az məsələylə bağlı müəyyən araşdırmalar apardı və “qəhrəmanlar”ın kimliyini, hansı klublarda çıxış etdiklərini öyrəndi. Həmin oyunçuların hansı klublara məxsus olduqlarını öyrənməkdə məqsəd əsl məsuliyyəti kimlərin daşımasını ortaya çıxarmaqdır. Çünki futbolçu milli düşərgədə 1 həftə olursa, digər vaxtı məxsus olduğu komandada keçirir və bu məsuliyyət də məhz həmin klubların məşqçi heyətinin üzərinə düşür.


Gələcək karyeralarına xələl gətirməmək naminə sözügedən futbolçuların adlarını hələ ki dərc etmirik. Ancaq sayını və məxsus olduqları klubları, habelə baş məşqçiləri barədə məlumat verməyi qərara aldıq. Araşdırmalarımız nəticəsində məlum olub ki, söhbət 4 futbolçudan gedir. Bunlar “Qarabağ”, “Keşlə”, “Qəbələ” və “Səbail”in oyunçularıdı.


Əlbəttə, ağızlarından hələ süd iyi gələn bu yeniyetmələr özlərini artıq seçilmişlər, bəlkə də ulduzlar sırasında görə bilərlər. Ancaq indi səhvlərini anlamasalar, yaxın gələcəkdə futbolla birdəfəlik vidalaşmalı olacaqlar. Onlar Çexiyada bu cür hoqqadan çıxıblarsa, təsəvvür edin, ölkə daxilində intizamsızlıqları hansı həddə olur. Bu yeniyetmələr hələ də anlamırlar ki, ölkə hüdudlarını tərk etdikdən sonra özləri və valideynlərini təmsil etmirlər, onlar bütöv bir xalqın nümayəndələrinə çevrilirlər. Bu, həm şərəfdir, həm də məsuliyyət. Ölkə imicini formalaşdıran şəxslər hər addımında diqqətli olmalıdırlar. Onların davranışı bütöv bir xalq barədə fikir formalaşdırır. Yəni, burda söhbət iki məsələdən gedir: futbolçunun sağlamlığı və karyerasını zərbə altına qoymaqla yanaşı, həm də ölkə futbolu və ümumiyyətlə, ölkənin imicindən.


İndi də sözügedən oyunçuların təmsil etdikləri komandaların baş məşqçiləri barədə. “Keşlə”də bu vəzifədə Nadir Əliyev, “Qəbələ”də Famil Xəlilov, “Qarabağ”da Samir Musayev, “Səbail”də isə Ruslan Qafitullin çalışır.


Mütləq qaydada klubdaxili iclas keçirilməli, həm klublarının, həm də ölkə futbolunun adına xələl gətirən futbolçular ciddi cəzaya məruz qalmalıdırlar. Eyni zamanda, digər futbolçular da ciddi formada tənbeh olunmalıdırlar. Gənc oyunçulara milli formanın nə demək olduğu ən yüksək səviyyədə izah olunmalıdır. 


Məsələ tək bu 4 futbolçuda deyil, elə digər komandalarda da analoji hallar yox deyil. Klub rəhbərləri aşağı yaş qruplarında çalışan məşqçilərə ən ciddi formada tövsiyələrini verməlidirlər. İntizam olmayan yerdə, hansısa nəticədən, uğurdan söhbət gedə bilməz.


Sonda üzümüzü “siqaret əhvalatı”nın “qəhrəman kvartet”inə tuturuq. Özünüzü ulduz futbolçu sayırsınız ki, milliyə dəvət almısınız? Siz ilkin mərhələni belə, adlaya bilməyən komandanın üzvüsünüz. Hələ futbolçu olub-olmayacağınız böyük sual altındadır. Bu sualın da yaranmasının səbəbkarı özünüzsünüz! Ya bütün mənfi xüsusiyyətlərinizi bir kənara atıb, nümunəvi davranış, maksimal səylə milli formaya layiq olduğunuzu hər addımda sübut etməyə çalışacaqsınız, ya da sizdən heç vaxt futbolçu çıxmayacaq.


CEYHUN ƏLİYEV


P.S. Ötən gecə Çempionlar Liqasında İtaliya “İnter”inin heyətində Sebastyano Espozito debüt etdi. Bu uşağın vur-tut 17 yaşı var. Siz də özünüzə futbolçu deyirsiniz, Espozito da.

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB