TOP 10

Joze Alesio start oyununda razı və narazı qaldığı məqamlara, Rövşən Hüseynli qələbənin vacibliyinə toxundu: "Dünya çempionatına çıxmaq potensialımız var"

Futzal
Tarix: 2019-10-23 23:10

Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesio 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində Moldova millisinə 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayının konfrans zalında jurnalsitllər qarşısına millimizin qapıçısı Rövşən Hüseynli (R.H) ilə çıxan braziliyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib. 

 

- Bilirdik ki, çətin oyun olacaq. Moldova yığması çoxdandı yaxşı çıxış edir. Komanda şəklində yaxşı hazırlıq keçib. Oyun istədiyimiz kimi getdi. Futzalçılarımız tapşırıqlarımı yerinə yetirdilər. Ancaq səhvlərimiz də oldu. Əsas çatışmazlıq qol imkanlarını lazımınca reallaşdıra bilməməyimizdi. Bunun üzərində işləyəcəyik. Hesabda fərq 4-5 top olanda rəqibə çətinlik yaradır. İstənilən halda, nəticədən razıyam. Sabahkı oyunda daha çox qol vuraraq böyük fərqlə qalib gəlməyə çalışacağıq.

 

- R.H: Tanış rəqib idi. Oyununu analiz etmişdik və bunları meydançada göstərdik. Əsas odur ki, intizamlı oynadıq. Buraxdığımız qol oyun epizodundan oldu. Xətai Bağırov komandaya kömək etmək istədi, top ayağına dəyərək istiqamətini dəyişdi. İlk oyun adətən çətin olur, komanda meydana narahat çıxır. Əsas odur ki, qarşılaşmadan 3 xalla ayrıldıq və təzyiqdən çıxdıq. Qələbə münasibətilə hamını təbrik edirəm.

 

- Turnirin startınadək kağız üzərində Slovakiya iki favoritdən biri idi. İlk oyunda 5:0 hesablı qələbə qazanmaqla da bunu sübut etdi. Millimizin bugünkü oyunu bu rəqibi məğlub etməyə ümid verir?

- Hələ ki Monteneqroyla oyunu düşünəcəyik. Çünki Slovakiyayla matçadək bu rəqiblə görüşəcəyik. Monteneqro da zəif deyil. Təsadüfi deyil ki, ilk hissədən sonra hesabda yalnız 0:1 geridə olub. Slovakiya bu matçda yaxşı oynadı və ikinci hissədə görüşün taleyini həll etdi. Vaxtı gələndə bu yığmayla görüş haqda düşünəcəyik. Əlbəttə, hamı Azərbaycanla Slovakiya yığmalarını qrupumuzun favoritləri sayır. İndi futzalda zəif rəqib yoxdu. 

 

- İkinci hissənin əvvəlində çox aqressiv oynayırdınız. Bu, baş məşqçinin tapşırığı idi, yoxsa hesab 1:1 olduğuna görə? Hələ qırmızı vərəqə alan oyunçumuz da oldu...

- R.H: Yox. Sadəcə, oyun üslubumuzu davam etdirməyi istədi. Aqressiv oynamaq, pressinq etmək tapşırığı almamışdıq. Qırmızı vərəqə adi oyun epizodu oldu. Orda heç bir aqressivlik yox idi.  

- Aqressiv oynamaq tapşırığı verməmişdim. Sadəcə, oyun belə alınmışdı.

 

- Rəqibin baş məşqçisi mətbuat konfransında bildirdi ki, Azərbaycan yığması bu turnirə bir heyətlə hazırlaşmışdı, tam fərqli heyətlə çıxdı....

- Bəli, toplanışa bir qədər fərqli heyətlə başlamışdıq. Əlbəttə, bütün hazırlığı bir heyətlə keçirməyi istərdik. Ancaq şərtlərə görə alınmadı. Heyətdə itkilər, zədələr, kiminsə sifariş etmək problemi ilə üzləşirsən. Bütün komandalarda eyni - 3 təlim-məşq toplanışı olur. Zədələr olanda, heyətdə dəyişiklik etməli olursan. 

 

- Növbəti oyuna hansısa sürpriz taktikanız var ki, daha uğurlu çıxış edəsiniz?

- Əlbəttə, var. Hər rəqibə qarşı hazırlıq fərqli olur. Nəzəri məşğələdə taktikaya diqqət yetirəcəyik. 

 

- Qələbə münasibətilə sizi təbrik edirəm, ancaq oyuna görə yox. Bu, rəhbərliyiniz altında ən yaxşı milli deyil. Bu komanda yenidən dünya çempionatının final mərhələsinə çıxmaq üçün potensiala malikdirmi?

- Əlbəttə, var. Ancaq onu da nəzərə alaq ki, heyətimizdə böyük dəyişikliklər oldu. İndiki heyətimiz də pis deyil. Üç toplanışı üç heyətlə keçriməli olduq. Bütün yığmalar Azərbaycan millisinə hörmət edir, ondan çəkinir. Çünki Avropada, dünyada reytinqimiz var. Çalışacağıq ki, qrupda 1-ci yeri tutaq. Ona görə ki, 2-ci yeri tutsaq, növbəti mərhələdə işimiz daha çətin olacaq. Bu mərhələdən sonra daha güclü yığmalar olacaq. İstənilən halda, biz də sözümüzü deyə bilərik.

 

- Sabah "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində APOEL-lə ev matçı var. Sizin qarşılaşmayla demək olar eyni vaxtda olacaq. Ona görə də bu gün gələn azarkeşlərin yarıdan çoxunun gəlməyəcəyi gözlənilir. Bu, oyununuza təsir etməyəcək?

- R.H: Məncə, yox. Əlbəttə, tribunalarda azarkeş dəstəyini görmək xoşdu, yaxşıdı. Onlar futzalda 6-cı oyunçudu, futbolda 12-ci. Bu gün matçımıza gələn hər bir insana təşəkkür edirəm. Biz peşəkarıq, oyuna köklənməyimiz lazımdı.

 

- "Qarabağ"ın oyunlarını izləyirsənmi?

- R.H: Bəli, hər bi oyununu izləyirəm. Orda dostlarım var. 

 

- Kənardan belə görünürdü ki, rahat götürə biləcəyin topları çıxarırdın..

- R.H: Bu, kənardan belə görünə bilər. Ancaq meydançada fərqli idi. Sadəcə, topa öyrəşməmək söhbəti var ki, tər nəticəsində sürüşkən olur. Əsas məsələ risk etməmək idi. 

 

- Top sürüşkən olursa, əlcək niyə taxmırsan?

- R.H: Əlcəklə topu atmaq olmur. İllərdi belə - əlcəksiz oynamağa öyrəşmişəm.

 

 

 

MEHMAN SÜLEYMANOV

13 Noyabr 2019
12 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB