TOP 10

VIII turun mənzərəsi - “Qəbələ”, “Neftçi” və “Sumqayıt”ın aktivi

Futbol
Tarix: 2019-10-22 12:00

Azərbaycan Premyer Liqasının VIII turuna maraq yetərincə böyük idi. Buna bir neçə səbəb var idi. Əvvəla, çempionatımızda ikihəftəlik fasilə yaranmışdı və hansı komandanın hansı vəziyyətdə qayıdacağı maraqlı idi. İkincisi, 2-ci dövrənin ilk turu idi ki, hər bir komanda yeni səhifəni uğurla başlamağa cəhd göstərir. Üçüncüsü, bir sıra klubların “qara zolaq”dan çıxıb-çıxmamalarına aydınlıq gəlməli idi.

 

Artıq turun açılış matçında sensasiya qeydə alındı. Doğma “divarlar arası”nda çıxış edən “Qəbələ” arxada qalan 7 turda xal itirməyən “Qarabağ”la bərabərliyə qaldı. Qismət Alıyevin ifasında əla qolu izlədikdən sonra “Qarabağ” oyunun ipini əlinə yığmağı bacardı. Artıq 9-cu dəqiqədə İsmayıl İbrahimli hesabı bərabərləşdirdi. Düşünmək olardı ki, ağdamlılar Qəbələ səfərindən də 3 xalla dönəcəklər. Axı, Qurban Qurbanovun komandasının ixtiyarında daha 81 dəqiqə var idi. Ancaq inanılmaz fədakarlıq göstərən “qırmızı-qaralar”ın gənc futbolçuları belə rəqiblə oyunda 1 xalı qazanmağı bacardılar. Elmar Baxşıyevin komandası üçün bu matçda qazanılan 1 xaldan da vacib amil var: Amin Seydiyev, Qismət Alıyev və başqaları belə heyətlə bu cür rəqiblə də oynamağın mümkünlüyünə inandılar. 


Hələ də təmir səbəbindən öz meydanına qayıda bilməyən “Keşlə” “ASCO Arena”da “Sabah”la üz-üzə gəldi. İqor Ponomaryovun gəlişindən sonra qismən də olsa irəliləyişə nail olan qonaqlar oyunu yetərincə yüksək səviyyədə keçirdilər. Bunun da həm obyektiv, həm də subyektiv səbəbi var. “Hər bir komanda rəqib imkan verdiyi qədər oynayır”, - bu, futbolun məşhur məsəllərindəndi. “Keşlə” də hesabı açdıqdan sonra müdafiəyə çəkildi. Bu, böyük səhv idi, çünki oyunun 70 faizi hələ irəlidə idi. Bu, məsələnin subyektiv tərəfi. Obyektiv məqama gəlincə, “Sabah”da yetərincə potensiallı futbolçular toplaşıb. Bu da əvvəl-axır ansambl şəklində bəhrəsini verməlidi. Üstəlik, komanda sonuncu pillədə gedir. Aydın məsələdir ki, 8-ci yerdə də kimsə olmalıdı. Ancaq avrokubok planları cızan bir komandanın bu yerlər uğrunda mübarizə aparmaq üçün heyəti də olsun, lakin ən alt pillədə qərarlaşsın - bunu nə “Futbol Tanrısı” qəbul etməz, nə də futbol bəndəsi. Bax, bu məqamlar “Sabah”ın irəli atılmasını şərtləndirmişdi. Üstəlik, Tərlan Əhmədovun “lazaret”indəki “yaralılar”, hansıların ki, yerini doldurmağa kadr çatmır - bu da nominal meydan sahiblərinin işini çətinləşdirmişdi. Ekşteynin 90-cı dəqiqədə vurduğu qoldan xeyli rahat imkanları boşa verən “Sabah”ın bəxtsizliyinə sanki “Futbol Tanrısı” özü müdaxilə etdi. Hər halda, “Sabah” bu matçdan 1 xalla ayrılmağı haqq etmişdi.


Ardıcıl 2 qələbə qazanan “Neftçi” bu 3 xalları yumruğunu yerə çırparaq əldə etməmişdi. Bu səbəbdən də “Zirə”ylə matçda “ağ-qaralar” tək qələbə üçün yox, həm də əzəmətli qələbə üçün döyüşməyi idilər. Bu görüş haqda geniş şərhə ehtiyac yoxdu. Sadəcə, qeyd edək ki, hesab 10:0 olsaydı da, “Neftçi”nin haqqı idi. Roberto Bordinin yetirmələri cari çempionatda ən yaxşı oyunlarını nümayiş etdirdilər. Fikrimizcə, Zaur Həşimovun bəxti gətirmədi. Hər halda, qonaqların yeni baş məşqçisi üçün bundan arzuolunmaz start tapmaq olmazdı.


Nəhayət, turun son qarşılaşması haqda. Paradoksal səslənsə də, Sport24.az olaraq bu oyunda qonaqların qalib gələcəyini proqnozlaşdırırdıq. Bunun da iki səbəbi var idi: “Səbail” eniş yaşayır, Ayxan Abbasov isə olduqca güclü motivasiyaçıdı. Bəli, ifaçılarina görə, büdcəsinə görə “Səbail” rəqibindən üçqat öndədi. Amma... Fakt faktlığında qalır, “Gənclik şəhəri” təmsilçisi 2:0 hesabı ilə qalib gəldi və “Səbail”dən fərqli olaraq xal ehtiyatını zənginləşdirdi.
 

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB