TOP 10

Ponomaryov Təmkini cəzalandıracaq: "Bundan sonra hər tur yalnız 3 xala oynayacağıq"

Futbol
Tarix: 2019-10-21 20:00

"Sabah" müvəqqəti baş məşqçisi olan İqor Ponomaryovun rəhbərliyi altında 3 qarşılaşmada 4 xal qazanıb. Son turda "Keşlə"ylə səfər matçında edilən 1:1 hesablı heç-heçə 90+2-ci dəqiqədə vurulan qolla gəldi. 59 yaşlı Ponomaryov Sport24.az-a müsahibəsində həm əzmkarlıq göstərdikləri bu matçı, həm də Təmkin Xəlilzadənin baş hakim Kamal Umudluya qarşı etdiyi aqressiv hərəkəti şərh etdi.

 

- Son matçıda sizi razı salan nə oldu, narazı salan nə?

- Hesab edirəm ki, komandamız bu qarşılaşmada yaxşı oynadı. Matça nəzarət edirdik, qol vurmalı idik, çoxlu imkanımız vardı. Ancaq bunlardan istifadə etmədik. Yalnız onu nəzərə alaq ki, 2 dəfə top qapı tirindən qayıtdı. Əlbəttə, özümüz də top buraxdıq. Ancaq ən vacibi xarakter, mübarizlik göstərdik və matçı xilas etdik. Uzatma dəqiqələrində qol vuraraq matçda 1:1 hesablı bərabərlik etdik.

 

- İki oyunluq səfər matçından sonra yenidən Mazasırda oynayacaqsınız. Həmin Masazırda ki, debütünüz məhz orda çox uğurlu alınmışdı - "Səbail"i 3:0 hesabıyla məğlub etmişdiniz. Belə çıxır ki, 2-ci qələbəni evdə qazanmaq qismətinizdədi? Hər halda, rəqib də baş məşqçisini dəyişsə də, uğursuzluq zolağından çıxa bilməyən "Zirə"di...

- Ümid edəcəyik ki, 2-ci qələbəmizi qarşıdakı bu oyunda qazanacağıq. Meydana 3 xal üçün çıxacağıq. Bunu hətta ehtimal etməyə də dəyməz. Bundan sona nə matçımız var, hamısını 3 xal üçün oynayacağıq. Çünki xal səbətimizi artırmalıyıq. 

 

- Yəni, son pillədə getdiyinizdən xal itirmək ehtimalınız daha yoxdu. Hamı deyir ki, hələ çox oyun var, ancaq bir az sonra ikinci dövrə bitərək mövsüm yarılanacaq....

- Komandanın başında 3 oyunda olmuşam. Xallarımızı artırmaq mütləq lazımdı.

 

- Son matçda qırmızı vərəqəyə görə birdən-birə iki futbolçunu cəza üzündən itirdiniz. Filip İvanoviç mübarizədə 2-ci sarı vərəqə aldısa, Təmkin Xəlilzadə final fitindən sonra baş hakimlə insidentə görə birbaşa qırmızı vərəqə aldı və onu ağır cəza gözləyir. Təmkinin hərəkətini necə şərh edərdiniz? Onun niyə belə özündən çıxmasına aydınlaşdırdınızmı?

 - Əlbəttə, burda bir aydın məsələ var - futbolçunun belə hərəkət etməyə haqqı yoxdu. Xüsusilə də milli komandanın üzvünün. O, meydanda davranışıyla hamıya nümunə olmalıdı. Təbii ki, Təmkinlə bağlı baş verən olay əsəblərinə hakim olmamağının nəticəsidi. Həm də buna o səbəb oldu ki, baş hakim oyunu zəif idarə etdi. Böyük səhvləri oldu, rəqib qapısına penalti təyin etmədi. Buna görə ola bilər ki, hardasa futbolçular özlərindən çıxdılar. Ancaq bu, futbolçuya haqq vermir ki, hakimə qarşı belə davransın. Hakimin işinə qiymət verməyə Hakimlər Komitəsi var. Biz də həmin quruma müvafiq etirazımızı bildirəcəyik. Təəssüf edirəm ki, belə hal baş verdi. Təmkin bizdə aparıcı futbolçudu. İntizam Komitəsinin qərarını gözləyəcəyik.

 

- Ağır cəza versə, apelyasiya vermək fikrindəsiniz?

- İndi heç nə deyə bilmərəm. Qərarı gözləyək, hazırda bir şey demək mənə çətindi. 

 

- Özü də Təmkin ilk dəfə deyil ki, qırmızı vərəqə alır, intizamsızlıq edir. Klub onu bir müddət əvvəl əsas komandadan kənarlaşdırandan sonra şans verərək bağışlamışdı...

- Mən ilk dəfə bu halla rastlaşmışam. Bilmirəm ki, futbolçuda nə baş verir. Bir şey dəqiqdi ki, oyunçu klubun maraqlarını güdməlidi, ona xələl gətirməyə ixtiyarı yoxdu. Yenə də bunu hakim idarəçliyi ilə izah edirəm ki, nəticəyə təsir edən səhvləri də oldu. Ancaq nə etmək olar, belə alındı.

 

- Xəlilzadə klubdaxili nizam-intizam məcəlləsinə görə cəzalandırılacaqmı?

- Birmənalı şəkildə. Futbolçu haqda ölçü götürəcəyik. Bunun söhbəti yoxdu. Bu həftə toplantımız olacaq, onda cəzanı reallaşdıracağıq.  

 

 

 

MEHMAN SÜLEYMANOV

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB