TOP 10

Turun "5-liy"i: "Qarabağ"la Hacıyevin ilk dəfə gördüyü, xələflə sələfin eyni aqibəti

Futbol
Tarix: 2019-10-21 13:44

Azərbaycan Premyer Liqasında cari mövsümün ikinci dövrəsinin ilk turu bir sıra məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i seçərək diqqətinizə çatdırır.

 

 

Xal itirməyən qalmadı, "Qarabağ" ilk dəfə hesabda da geri düşdü

Premyer Liqamızda cari mövsümdə xal itirməyən komanda qalmadı. Bu, 7 matça 7 qələbə qazanan "Qarabağ"ın ikinci dövrədə Qəbələdə xal itirməsiylə başladı. "Qəbələ"ylə səfər matçında 1:1 hesablı bərabərliklə qələbə seriyası qırılan Qurban Qurbanovun komandası eyni zamanda bu çempionatda ilk dəfə hesabda geri düşdü. Çünki bunadək buraxdığı yeganə qol Zirədə olmuşdu ki, onda da hesabda 3:0 irəlidə olduğundan rəqib üçün təsəlli olmuşdu. Ancaq bu dəfə "Qarabağ" artıq 3-cü dəqiqədə hesabda geri düşərək bundan 6 dəqiqə sonra tarazlığı bərpa edib. Ancaq bundan artığına gücü çatmayıb.

 

Beləliklə, 1992-ci ildən keçirilən milli çempionatımızda mövsümün startında ən uzun qələbə seriyası yenə əlçatmaz qaldı. Hər halda, ən azı bir mövsümlük. Bu rekord isə "Qarabağ"ın əzəli rəqibi, onun kimi bütün çempionatlarımızın iştirakçısı olan "Neftçi"yə məxsusdu. Bu, ilk mövsümdə ardıcıl 12 qələbədən ibarətdi. 

 

 

"Siftə"də 0:3 "kabus"u

Premyer Liqamızda bu tur digər ilk Zaur Həşimovun baş məşqçi kimi debüt etməsi idi. Belə ki, 38 yaşlı mütəxəsssis bunu vaxtilə məşqçisi olduğu "Zirə"də reallaşdırıb. Ancaq PRO kateqoriyalı məşqçinin debütü uğursuz alınıb. Belə ki, "Zirə" bu çempionatda ilk dəfə böyük hesabla yenilib - 0:3. Bu, "Neftçi"yə "Bakcell Arena"da olub.

 

Maraqlıdı ki, Həşimovun bu postda əvəzlədiyi Samir Abasov da məhz 0:3-lə başlamışdı. Bu, "Səbail"lə səfər matçında qeydə alınmışdı. Sadəcə, fərq ondadır ki, onda matç 1:1 hesabıyla nəticələnmişdi, "Zirə" matçın protokolunda texniki xətaya yol verdiyinə görə texniki məğlubiyyət almışdı.

 

 

Hacıyevin antirekordu

"Səbail" 2-ci mövsümdür baş məşqçisi olan, ona tarixində ilk medalı - bürünc mükafatı qazandıran, avrokuboklarda debütünü reallaşdıran Aftandil Hacıyevin dövründə antirekorda imza atıb. Belə ki, "dənizçilər" ilk dəfə Premyer Liqada ardıcıl 3 məğlubuyyət alıb. Bu, "Sabah"la (0:3) "Neftçi"yə səfərdə (1:2) və "Sumqayıt"a evdə 0:2 hesabıyla olub. Hacıyev bunadək - ötən çempionatda ən uzağı ardıcıl 2 məğlubiyyət almışdı. "Səbail"də çempionatda ardıcıl 3 məğlubiyyət debüt mövsümündə Samir Əliyevin baş məşqçiliyi vaxtında olub ki, bu da son 3 turda məğlubiyyətləri sıralamasıdı.

 

 

Belə xilaskar olmamışdı

Futbol 90 dəqiqəlik mübarizədi deyilsə də, əslində, bir qədər də çoxdu. Axı, ikinci hissəyə əlavə vaxtın təyin olunmadığı qarşılaşmalar demək olar olmur. Elə bu turda uzatma dəqiqələrində vurulan qollar da oldu. Özü də maraqlıdı ki, "ASCO Arena"da, eyni qapıya. Sadəcə, bunlar fərqli görüşlər idi.

 

"Sumqayıt"ın "Səbail"in qonağı olduğu görüşdə U-21 yığmamızın da üzvü olan sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin vurduğu qolu son saniyələrdə oldu və dərhal da final fiti səsləndi. Burda vacib məqam odur ki, gənc futbolçu komandasının hesabda üstünlüyünü artırmaqla yadda qaldı. Yəni, bunadək hesabda 1:0 irəlidə olan "Sumqayıt" matçı 2:0 hesablı qələbəylə tamamladı. Ancaq bundan 1 gün öncə Bayılda "Sabah"ın cənubi afrikalı yarımmüdafiəçisi Hendrik Eksteyn 90+2-ci dəqiqədə həm ilk mövsümünü keçirdiyi Azərbaycanda qol hesabını açdı, həm də komandasına 1 xal qazandırdı. Bu çempionatda uzatma dəqiqələrində belə məğlubiyyətdən xilasetmə olmamışdı. "Neftçi"nin fransalı hücumçusu Stiven Monrozun III turda "Sumqayıt"la ev matçında 90+3-cü dəqiqədə vurduğu qol isə qələbə topu olmuşdu - 2:1. Yəni xalın üzərinə xal gətirmişdi. 

 

 

Ponomaryov hər 3 nəticəni gördü

Eskteynin bu qoluyla "Sabah"ın müvəqqəti baş məşqçisi olan İqor Ponomaryov milli çempionatımıza 10 illik fasilədən sonra qayıdarkən hər 3 nəticəni gördü - qələbə, heç-heçə, məğlubiyyət. Futbolda yeganə Olimpiya çempionumuzun "siftə"si çox uğurlu alındı - evdə "Səbail" üzərində böyükhesablı qələbə (3:0). Ardından "Qarabağ"la səfər matçında 0:2 hesablı məğlubiyyət alan İqor Anatolyeviç son turda "Keşlə"ylə onun qonağı olduğu görüşdən 1:1 hesablı bərabərlik ayrıldı.  

 

 

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB